Müasir dövrdə narazılıqlar həyatımızın bir parçasına çevrilib. Əgər onlar olmasa idi, ibtidai icma quruluşunu da keçə bilməyəcəkdik. O zaman bir-birini əvəz edən tarixi quruluşlar da formalaşmaz, nəticədə, bəşər övladı çağdaş cəmiyyətin heç bir təsisatını qura bilməzdi. Ümumiyyətlə götürsək, narazılıqlar biz olduğumuz üçün, həll olunmaq üçün var. Yazıya bu cür pessimist fikirlərlə başlamağımızın bir səbəbi də bəzən özümüzə qarşı güvənc hissinin yetərli olmaması ilə bağlı fikirlərimizi siz oxucularla bölüşməkdir. 

Mövzuya başlamazdan əvvəl bir hadisə haqqında sizə məlumat verim. Təxminən üç il bundan əvvəl Naxçıvanda təhsil alan türkiyəli tələbə tanışımın bir nootbuka ehtiyacı vardı. Şəhərimizin elektrotexnika məhsulları satılan mağazalarında müxtəlif markalı kompyuterləri kredit yolu ilə almağın mümkün olduğunu desəm də, tanışım bu işi dörd ay ləngitdi və nəticədə, nootbuku Türkiyədən aldı. Və yaxud başqa bir fakt. Bu yaxınlarda belə bir statistika ilə rastlaşdım. Sən demə, Türkiyənin ən çox mebel ixrac etdiyi ölkə Almaniyadır. Bunun da əsl səbəblərindən biri odur ki, ixrac olunan mebel məhsullarının 90 faizini orada yaşayan türklər alırlar. Belə misalları çox çəkmək olar. Əsas odur ki, Türkiyə vətəndaşı yaşadığı ölkədən asılı olmayaraq, türk markasına böyük sevgi və ehtiramla yanaşır.

Daimi oxucular, yəqin ki, yaxşı xatırlayarlar; qəzetimizdə dərc olunan yazılarımızın birində milli brendlərimizin sayının artırılması zərurətindən bəhs etmiş və ərzaq mağazalarında keyfiyyət amili baxımından, əsasən, idxal məhsullara üstünlük verildiyini bildirmişdik. Amma bununla bərabər, qeyd etmişdik ki, muxtar respublikamızda istehsal edilən kifayət qədər məhsulun adını çəkmək olar ki, bu məhsullar eyni növ idxal məhsullarından qat-qat keyfiyyətlidir. Bəs belə olan vəziyyətdə vətəndaşlarımızın, xüsusilə satıcıların düşüncəsindəki “idxal məhsul daha keyfiyyətli olar” fikri nədən qaynaqlanır? Bu suala aydınlıq gətirmək üçün şəhərimizdəki bir neçə ərzaq mağazasında olduq. Təbii ki, jurnalist araşdırmasının obyektiv nəticəsinə varmaq üçün qəzetçi kimliyimizi gizlətməli idik. Müştəri kimi daxil olduğumuz M.Ə.Sabir küçəsində yerləşən “Firma mağazası”nda biskvit məmulatları ilə maraqlandıq. Satıcı xanım idxal “Konti” şirkətinin məhsulu olan peçenye və pirojnaların daha keyfiyyətli olduğunu nəzərə çatdırdı. “Cahan” Ticarət Mərkəzində yerləşən 86, 63 və 94 nömrəli ərzaq mağazalarında isə satıcılar Rusiya və Ukrayna istehsalı olan şirniyyatlarla bərabər, qiyməti onlardan bir az da aşağı olan yerli “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal etdiyi şirniyyatları da təqdim etdilər. “Yaxşı kolbasalardan hansı var?” sualımıza verilən cavablarda isə yenə də Rusiya istehsalı olan məhsullar birinci sırada idi. Növbəti ünvan isə Zəroş Həmzəyeva küçəsində yerləşən “Elvin” marketidir. Mağazaya daxil olub yaxşı kolbasa almaq istədiyimizi bildirdikdə satıcı yerli Naxçıvan kolbasalarının daha məsləhətli olduğunu bildirdi. “MM” ət məhsullarının istehsalı olan yerli kolbasa məmulatlarından birini əlimizə götürüb: “Məgər bu, Rusiyadan idxal olunan kolbasa məmulatlarından daha keyfiyyətlidir?” sualına satıcı: “Bəli, mənə görə, Naxçıvanda istehsal olunan kolbasa məhsulları daha keyfiyyətlidir” cavabını verir. Digər mağazalarda soruşduğumuz biskvit məmulatları ilə burada da maraqlandıq. Satıcı muxtar respublikada istehsal edilən “Fərda” və “Azad” əmtəə nişanlı biskvit məmulatlarını, eyni zamanda “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin müxtəlif çeşidli vafli məhsullarını təqdim etdi. Sonradan adını öyrəndiyimiz Şəmsi Qasımov adlı satıcı mağazada ətriyyat, sabun və yuyucu toz məhsulları istisna olmaqla, müxtəlif çeşiddə keyfiyyətli yerli məhsulların olduğunu qeyd etdi. Bununla bərabər, Rusiya, Ukrayna və Türkiyədən idxal edilmiş yeyinti məhsulları da mağazada yox deyildi. Müsahibimin dediyinə görə, son illər muxtar respublikada istehsal edilən ərzaq məhsullarının keyfiyyətinə diqqət daha da artırılıb: “20 ilə yaxındır ki, bu sahədə çalışıram. Əvvəllər Naxçıvanda istehsal olunan məhsullar keyfiyyətcə o qədər də yaxşı deyildi. Ancaq son 15 ildə vəziyyət tamamilə dəyişib. Ona görə də gün ərzində satdığımız məhsullar içərisində yerli məhsulların həcmi daha çoxdur”. 
Sonuncu ərzaq mağazasından ayrıldıqdan sonra bizdə belə bir təəssürat yaranır ki, muxtar respublikamızda keyfiyyətli məhsullar istehsal olunur. Ancaq cəmiyyətdə bu yerli məhsulların təbliği, onlara qarşı güvənc və etibar hissi tam formalaşmayıb. Bəs bunun səbəbləri nədir?
Qəzetimizin ötən nömrələrinin birində qeyd etmişdik ki, idxal edilən məhsullara “simpatiyamızın” tarixi bir az yaxın keçmişə dayanır. Sovet dövrü də daxil olmaqla hər zaman düşünmüşük ki, Rusiya istehsalı olan məhsullar keyfiyyətli olur. Sonralar idxal olunmağa başlanan digər ölkə məhsullarına da o düşüncə ilə yanaşmışıq. Müstəqilliyin ilk illərində yerli istehsalda sahibkarlığın inkişafına təsir göstərən süni əngəllər, monopoliya, yeni metodların tətbiqindəki problemlər və adını sadalamadığımız digər məsələlər, təbii ki, sahibkarları daha ucuz başa gələn məhsul istehsal etməyə məcbur edirdi. Bu da, təbii olaraq, vətəndaşlarda yerli məhsulun keyfiyyətsiz olması qənaətini yaradırdı. Ancaq dövlətimiz tərəfindən aparılan kompleks tədbirlər bu problemlərin aradan qaldırılmasında mühüm rol oynayıb. Uzağa getməyək, muxtar respublikada fəaliyyət göstərən bir çox istehsal müəssisələrinin beş il bundan əvvəlki məhsul keyfiyyəti ilə indiki keyfiyyətini müqayisə etsək, dediklərimizin doğru olduğunu bir daha yəqin etmiş olarıq. Məsələnin bir tərəfi ondan ibarətdir ki, müasir biznesdə keyfiyyət amili istənilən şirkətin işgüzar nüfuzunun göstəricilərindən sayılır. Əks halda, məhsul müştərinin tələblərinə cavab verməz və bazardan çıxmalı olar. Dünya təcrübəsindən də bəllidir ki, əgər hər hansı bir şirkətin istehsal etdiyi məhsul müştərilərin yaddaşına keyfiyyətsiz məhsul kimi həkk olunursa, bunun bərpası üçün uzun illər gərəkdir. Düşünürük ki, milli şirkətlərimizin böyük əksəriyyəti bu təcrübəni keçməkdədir. Ancaq görünən odur ki, müştəri düşüncəsində layiq yerə sahib olmaq üçün istehsal müəssisələri hələ çox çalışmalı olacaqlar. Məsələnin ikinci tərəfini isə istehsalçı ilə müştəri arasındakı əlaqələr təşkil edir. Bu, çox mühüm məsələdir. “Hər kəsi məmnun etmək mümkün deyil, ancaq hər kəsi məmnun etməyə çalışmaq mümkündür” fəlsəfəsi muxtar respublikada 330 növdə (ərzaq və qeyri-ərzaq) məhsul istehsal edən sahibkar ordusunun əsas fəaliyyət prinsiplərindən olmalıdır. Bu fikir tövsiyə kimi yox, müasir biznesin tələbi kimi qəbul edilməlidir.
İndi isə gələk satıcı məsələsinə. Aydın məsələdir ki, bu gün muxtar respublikamızda fəaliyyət göstərən mağazaların böyük əksəriyyəti məhsul istehsal edən şirkətlərin satışı mağazaları deyil. Ancaq bundan asılı olmayaraq, satıcı üçün ən vacib amil satışın yüksək olmasıdır. Əgər satıcı ona müraciət edən müştəriyə idxal məhsulların keyfiyyətli olmasından “dəm vurursa”, bu, onun kifayət qədər püxtələşməməsindən xəbər verir. Birinci, ona görə ki, bir az əvvəl də qeyd etdik, mağazalarda kifayət qədər keyfiyyətli məhsullarımız var, həmin məhsulların istehsal mənşəyi bəllidir və buna nəzarət edən dövlət qurumları var. İkinci, həmin məhsulların qiyməti idxal məhsullarla müqayisədə daha ucuzdur, yəni büdcəmizə daha uyğundur. Üçüncüsü isə odur ki, uyğun qiymət və keyfiyyət həmin məhsulun daha tez satılmasına səbəb olur. Satılan yerli məhsulun yenidən sifariş olunması isə idxal məhsuldan daha tez və heç bir əlavə xərc tələb olunmadan başa gəlir ki, bu da hər bir satıcı üçün olduqca əlverişli amildir. Deməli, məntiqlə yanaşsaq, satıcılar üçün yerli malların təbliği daha sərfəli görünür. Məsələnin digər tərəfinə isə vətəndaşlıq nöqteyi-nəzərdən yanaşmaq lazımdır. Yazının əvvəlində qardaş Türkiyə Respublikasının ən çox mebel ixrac etdiyi ölkələrdən birinin Almaniya olduğunu qeyd etmişdik. Bu fikri yenidən xatırlatmaqda məqsədimiz ondan ibarətdir ki, bütün dünyanı ağuşuna almış alman keyfiyyəti türk vətəndaşının düşüncəsində yenə də yerli məhsullardan sonrakı mövqeni tutur.

Bəli, istənilən vətəndaş peşəsindən, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq, dövlətinə, Vətəninə, onun naz-nemətlərinə milli düşüncə ilə və vətəndaşlıq mövqeyindən yanaşmalıdır. Unutmamalıyıq ki, Vətəndə istehsal olunan məhsula xərclədiyimiz pul, ölkəmizin güclü olmasına xərclənən puldur.

Səbuhi HƏSƏNOV