Muxtar respublikamızda davamlı olaraq məhdud fiziki imkanlı şəxslərin tibbi-sosial reabilitasiyalarının kompleks şəkildə həlli, o cümlədən bu kateqoriyadan olanlara protez-ortopedik xidmətlərin göstərilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
9-11 iyul tarixlərində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən səyyar tibbi-texniki heyət 3 gün ərzində protez-ortopedik məmulatlarına və texniki bərpa vasitələrinə ehtiyacı olan 74 məhdud fiziki imkanlıya, o cümlədən 23 ahıla və sağlamlıq imkanları məhdud 8 uşağa növbəti səyyar xidmət göstərilib.
Tibbi-texniki heyət məhdud fiziki imkanlıların evlərinə gedərək onların ehtiyacları ilə maraqlanıb, 6 nəfərdən protez və ortez sifarişləri qəbul olunub, 6 nəfərin protezləri təmir edilib, 10 nəfərə protez-ortopedik məmulatlar verilib, eyni zamanda 58 nəfər texniki-bərpa vasitələri – 1 nəfər əlil arabası, 16 nəfər eşitmə aparatı, 41 nəfər isə müxtəlif növ əsalarla təmin edilib.
Qeyd edək ki, cari ilin ötən dövrü ərzində nazirlik tərəfindən 162 məhdud fiziki imkanlıya protez-ortopedik xidmətlər göstərilib, 215 nəfərə isə müxtəlif texniki bərpa vasitələri verilib.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti