Hər bir ölkənin əhalisinin sağlamlıq səviyyəsi ətraf mühitin qorunmasından əhəmiyyətli dərəcədə asılıdır. Ona görə də muxtar respublikamızda əhalinin sağlamlığının mühafizəsinə və möhkəmləndirilməsinə yönəldilmiş ardıcıl və genişmiqyaslı tədbirlər daim diqqət mərkəzində saxlanılır. Yay fəslinin isti günlərini yaşadığımız bir vaxtda isə bu məsələ xüsusi aktuallıq kəsb edir. Özünəməxsus qayğıları olan bu fəsildə insanlar Günəşin yandırıcı şüaları ilə yanaşı, həm də qida zəhərlənmələrindən qorunmağa çalışırlar. Çünki bu fəsildə ərzaq məhsulları daha tez keyfiyyətini itirir, nəticədə, insanların sağlamlığı üçün təhlükə yaranır.
Qeyd etmək lazımdır ki, yeyinti məhsullarının keyfiyyətinə təsir edən bir çox amillər mövcuddur. Bu baxımdan onların keyfiyyət göstəriciləri dəqiq təyin olunmalı, məhsulların daşınması, lazımi şəraitdə saxlanması, qablaşdırılması, markalanması, etiketlənməsi zamanı müvafiq dövlət standartlarının və normativ-texniki sənədlərin tələblərinə əməl olunmalıdır. Yeyinti məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarət Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi şöbəsi və “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həyata keçirilir. Nazirliyin aidiyyəti şöbəsi tərəfindən yerli istehsal və idxal məhsullarından nümunələr götürülərək mərkəzin laboratoriyasında analiz edilir. Təkcə cari ilin birinci yarısı ərzində 588 halda idxal, 1179 halda yerli istehsal məhsulları laboratoriya analizlərindən keçirilmişdir.

Qida zəhərlənmələrindən qorunmaq üçün vətəndaşlar da bir sıra profilaktik tədbirlərə riayət etməli, istehlakçı kimi hüquqlarını bilməli, öz sağlamlıqlarını qorumağın qayğısına qalmalıdırlar. Məhz bu səbəbdən gündəlik qida rasionumuzda mühüm yer tutan bir neçə ərzaq məhsullarının daşınması, saxlanması və satışı zamanı tələb olunan xüsusi norma və qaydalar haqqında istehlakçıların maarifləndirilməsi vacibdir. İstehlakçılar yay fəslində hər hansı ərzaq məhsulunu alarkən, ilk növbədə, həmin məhsulun saxlanma şəraitinə və xüsusən istehlak müddətinə diqqət etməlidirlər. 
Yay mövsümündə zəhərlənmələrin əksəriyyəti tez xarab olan ərzaq və kənd təsərrüfatı məhsulları ilə bağlı olur. Bu sırada mühüm yerlərdən birini quş əti məhsulları tutur. Məhz buna görə də dondurulmuş quş əti məhsullarının istehlakı zamanı məhsulun qablaşdırılmasına, satıldığı şəraitin gigiyenik normalara uyğunluğuna və xüsusən də saxlanıldığı temperatur rejiminə diqqət yetirilməlidir. Bütün bunlarla yanaşı, istehlakçılara quş əti məhsulları alıb istifadə edərkən aşağıdakı qaydalara da əməl etmələri tövsiyə olunur:
– məhsulu alarkən qablaşma üzərindəki saxlama müddətinə diqqət edilməlidir;
– çiy quş əti müsbət 4 dərəcədən aşağı temperaturda saxlanılmalıdır;
– quş ətinin donu otaq temperaturunda yox, soyuq axar suda və ya mikrodalğalı sobada açılmalıdır;
– təzə quş ətini temperatur rejiminə uyğun olaraq, soyuducuda 1-2 gün, dondurucu kamerada 6-9 ay saxlamaq mümkündür.
Yumurta da tez xarab olan məhsullar sırasına daxil olduğundan izotermik nəqliyyat vasitələrində mövcud qaydalara uyğun daşınmalı, 0 dərəcədən müsbət 20 dərəcəyədək temperaturda, 85-88 faiz nisbi rütubətdə saxlanmalıdır. Yumurtanı sərin, təmiz və quru yerdə, iyi olmayan məhsullarla bir yerdə saxlamaq məsləhətdir. Pərakəndə ticarət şəbəkələrində optimal şəraitdə yumurtanın saxlanma müddəti yaz-yay mövsümündə 3 gün, payız-qış mövsümündə 6 gün ola bilər.
Kolbasa məhsulu da tez xarab olan məhsullar sırasındadır. Bu səbəbdən həmin məhsulu istehlak edərkən diqqətli olmaq tələb olunur. Kolbasaların daşınması zamanı üstüörtülü nəqliyyat vasitələrindən istifadə olunmalı, bişirilmiş – hisə verilmiş kolbasalar 0 dərəcədən müsbət 12 dərəcəyədək temperaturda asılmış vəziyyətdə 15 sutka, qablaşdırılmış kolbasalar 0 dərəcədən müsbət 4 dərəcəyədək temperaturda 1 ay, mənfi 7 dərəcədən mənfi 9 dərəcəyədək temperaturda 4 ay, dilimlərə doğranıb vakuum altında polimer müşəmbədə qablaşdırılan kolbasalar 5 dərəcədən 8 dərəcəyədək temperaturda 8 sutka, 12 dərəcədən 18 dərəcəyədək temperaturda 6 sutka saxlanmalıdır. Bişmiş kolbasalar müəssisədə və ya ticarət şəbəkəsində asılmış vəziyyətdə 0 dərəcədən müsbət 8 dərəcəyədək temperaturda saxlanılmalıdır. Yaz-yay aylarında açıq şəraitdə satışı həyata keçirilən kolbasa məhsulları istehlak oluna bilməz.
Ayran, kəsmik, xama, dondurma, qaymaq, pendir, qatılaşdırılmış şəkərli süd konservləri, qatıq kimi süd və süd məhsullarının daşınması, saxlanması şəraitinə də ciddi diqqət yetirilməlidir.
Ayran içkisi izotermik yük avtomobillərində və ya avtorefrijatorlarda mövcud qaydalara uyğun daşınmalı, sanitar qaydalara riayət etməklə müsbət 2-6 dərəcə temperaturda saxlanmalıdır. Texnoloji prosesin qurtardığı andan etibarən saxlama müddəti qazlaşdırılmış ayran üçün ən çox 7 sutka, qazlaşdırılmamış ayran üçün isə ən çox 2 sutka müəyyən olunmuşdur.
Kəsmik bütün növlərdə olan nəqliyyat vasitələrində tez xarab olan məhsullara uyğun qaydalara əsasən daşınmalı, sanitar qaydalara riayət etməklə müsbət 8 dərəcədən yuxarı olmayan temperaturda, texnoloji proses qurtardığı andan etibarən ən çox 36 saat, o cümlədən istehsalçı müəssisədə ən çox 18 saat saxlanmalıdır. İstehlakçılar bu məhsulları alarkən saxlanma şəraitinə, istehlak müddətinə diqqət etməlidirlər.
Yayın gəlişi ilə əlaqədar tələbatın artdığı dondurma məhsulunun da keyfiyyətinə xüsusi diqqət yetirilməlidir. Dondurma soyudulan avtorefrijatorlarda və ya izotermik nəqliyyat növü üçün qüvvədə olan qaydalara uyğun daşınmalı, bu zaman məhsulun temperaturunun mənfi 12 dərəcədən yüksək olmaması təmin edilməlidir. Ticarət şəbəkələrində dondurmanın satış müddəti mənfi 24 dərəcədən yüksək olmayan temperaturda 20 sutka, mənfi 18 dərəcədən yüksək olmayan temperaturda 10 sutka, mənfi 12 dərəcədən yüksək olmayan temperaturda 2 sutkadan artıq olmamalıdır. Dondurma məhsulunun saxlanıldığı dondurucularda başqa məhsul saxlanıla bilməz.
Qaymaq sanitariya qaydalarına əməl etməklə süd emalı müəssisələrinə göndərilənə qədər müsbət 10 dərəcədən yüksək olmayan temperaturda, süd çənlərinin, vannalarının içərisində xüsusi olaraq ayrılmış yerlərdə 20 saatdan çox olmayaraq saxlanılmalıdır. Qaymağın balıq, hisə verilmiş məmulatlar, meyvə, tərəvəz və spesifik iyə məxsus digər yeyinti məhsulları ilə birlikdə saxlanmasına, daşınmasına və satılmasına yol verilmir.
Pendir məhsulu üstü brezent və ya onu əvəz edən digər materialdan hazırlanan üzlüklərlə örtülmək şərtilə üstüaçıq avtomaşınlarda temperatur rejiminə əməl olunmaqla daşınmalıdır. Bu məhsul istehsalçı müəssisədə, ticarət şəbəkəsində, ictimai-iaşə müəssisələrində havanın nisbi rütubəti 80 faizdən artıq olmamaqla, müsbət 8 dərəcədən yuxarı olmayan temperaturda duz məhsulunun içərisində saxlanmalıdır. Pendir spesifik iyə məxsus digər yeyinti məhsulları ilə bir kamerada saxlanıla bilməz.
Yay fəslində açıq şəraitdə keyfiyyət göstəriciləri məlum olmayan məhsulları istehlak etmək təhlükəlidir.
Qatılaşdırılmış şəkərli süd konservlərinin 0 dərəcədən müsbət 10 dərəcəyədək temperaturda saxlama müddəti ən çox 12 aydır. Qatıq isə istehsal edildikdən sonra ən çox 18 saat saxlanıla bilər.

Ticarət, məişət və digər xidmət sahələrində istehlakçıların hüquqlarının müdafiəsi Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi şöbəsi tərəfindən təmin edilir. Muxtar respublika ərazisində ərzaq mallarının pərakəndə satışını həyata keçirən ticarət və xidmət obyektlərində istehlak etdiyiniz hər hansı bir ərzaq məhsulunun satışı və xidmət zamanı hüquqlarınız pozulduğu halda Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi şöbəsinin (036) 545-96-91, (036) 545-75-38 nömrəli telefonlarına zəng vura bilərsiniz.

Naxçıvan Muxtar Respublikası
 İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti