(Felyeton)

Yəqin ki, yazımızın bu cür, əcaib-qəraib sərlövhəsini görüb oxucularımız çaş-baş düşəcək. Fikirləşəcəklər ki, yenə bu mərdimazar yuxulu vaxtında sərlövhə fikirləşib və bu sərlövhədə qarmaqarışıqlıq düşüb. Vallah, bir şeydə haqlısınız ki, dostum Xırdaqulunun başına gələn və mənə danışdığı əhvalatdan sonra o qədər dolaşıq düşdüm ki, ağlıma başqa bir sərlövhə gəlmədi. Dedim, əhvalatı sizə də danışım ki, sizin də əhvalınız bir az açılsın.
Mənim dostum Xırdaqulunun iki tifili var. Gün o gün olub ki, həyat yoldaşı Böyükxanımdan analıq məzuniyyətindən çox az bir zaman keçdikdən sonra işə qayıtmasını istəyiblər və çarəsiz ər-arvad bu iki tifili kimə tapşıracaqları barədə xeyli düşünməli olublar. Uzun müddət baş sındırdıqdan sonra düşdükləri vəziyyətdən bir çıxış yolu tapılıb. Evlərinə yaxın bir yerdə tikilən bərbəzəkli bir bağça binası var. Həyətində də rəngbərəng oyuncaqları, gülləri, çiçəkləri. Çıxış yolu tapdıqları üçün xeyli sevinirlər. Xırdaqulu bir az da təşəxxüslənir ki, anası nə az, nə çox, düz 25 il bu bağçada uşaqlara “bəsdir”, “dinc dur” deyib. Elə oraya ayaq qoymağı bəsdir ki, onu tanıyanlar pişvazına çıxsınlar, uşaqlarını yerbəyer etsinlər…

Nə isə. Qadasın aldığım oxucular, Xırdaqulu bir gün səhər tezdən durub, yuxudan oyanmaq saatına hələ alışmayan, buna görə də gözlərini ovan iki körpəsini yanına salıb yollanır həmin bağçaya. Par-par parıldayan pilləkənləri ölüm-zülmlə qalxıb uşaqlarla bərabər çatır qapıya. Elə əsl zırıltı da oradan başlayır. “Zırıltı” sözündən zəhləniz gedir, bilirəm. Ancaq bu, yaxşı zırıltıdır:
– Salam, sabahınız xeyir! – deyib Xırdaqulu qapıdakı növbətçiyə təbəssüm edir:
– Uşaqları bu bağçaya yazdırmaq istəyirəm. Yəqin ki, tanıdınız, mənim anam da köhnə bağça binasında sizinlə bir yerdə işləyib.
Qapıda dayanmış, üzündən mehribanlıqdan başqa hər şey yağan növbətçi Xırdaqulunu başdan-ayağa süzdükdən sonra bir-iki dəqiqə sükut edir, sonra dillənir:
– Burada köhnələrdən bir-iki nəfər qalıb. İndi sizi müdirlə görüşdürərəm.
…Bir neçə dəqiqə keçir. Müdirlə görüşmək üçün “viza”nın möhürü vurulur. Xırdaqulu qapıdan içəri girir. Bu ki əvvəllər tərbiyəçi işləyən Zərziba xanımdır.
Zərziba xanım onu tanıyıb, deyəsən. Kiçik də olsa, təbəssüm göstərir, uşaqların sənədlərini alır, yaşlarını soruşur, lazım olan digər sənədlərin siyahısını yazıb verir.
Xırdaqulu yaxşı qarşılandığını görüb tez duaya dəm verir:
– Allah bu vəzifədən on qatını sizə qismət etsin. Məni geri qaytarmadınız. Gördüm ki, 25 il buraya əmək verən anamın da haqqı itmədi, – bunların da dalınca indiyə qədər eşitdiyi bütün xeyir-duaları söyləməyə başlayır.
Zərziba xanım əvvəlcə qulaq asır. Sonra kreslosuna yaxşıca yayxanaraq Xırdaquluya gülümsəyir:
– Sağ ol, Xırdaqulu, ancaq quru sözlərlə olmaz, şirinlik nə zaman olacaq?
“Gör e, məni şirinliklə qorxudur, cibimdə 20 manat pul var. Bu dəqiqə gedib şirinliyin əlasını alıb gətirərəm”, – Xırdaqulu düşünür. Elə qapıdan çıxıb mağazaya getmək istəyir ki, Zərziba xanımın amiranə səsi onu dayanmağa məcbur edir.
– “Şokolad qutusu” alacaqsansa, onlar indi modda deyil.
– Bəs nə moddadır? – Xırdaqulu yenə cibindəki iyirmi manatı düşünüb Zərziba xanıma tərəf dönür.
– İndi ətir alırlar. Özü də mən elə-belə ətir vurmuram. Mən “Koko-şanel” işlədirəm.
– Koko nə? – Xırdaqulu höccələyir. Geriyə yol yoxdur. “Alaram” deyib, uşaqları da götürüb qapıdan çıxır. Qarşıda ətriyyat dükanı var. Xırdaqulu dükandan dəfələrlə yaxın adamlarına elə cibində olan miqdara ətir alıb. Ona görə də arxayın addımlarla içəri girir. Əlini pul olan cibinə qoyub satıcı qıza – bir ədəd “Koko-şanel” ətri verin, – deyir. Satıcı qız bir Xırdaqulunun geyim-keçiminə, bir də uşaqların üst-başına baxıb dodaqaltı “gərək hər şeylə ayaqlaşasan, “Koko-şanel” sənin nəyinə”, – deyə mızıldanır, ətri büküb piştaxtanın üzərinə qoyur:
– Neçəyədir?
– Sizə 130 manata verərik.
– Neçə?! – Dükan Xırdaqulunun başına fırlanır. Onun sülaləsində hələ bu qiymətə ətir alan olmayıb. Onu boya-başa çatdıran anası, ona iki övlad verən həyat yoldaşı belə, ondan bu qiymətdə hədiyyə görməyib. İndi nə etsin? Xırdaqulu yavaş-yavaş xəcalət təri gətirir, bədəni buza dönür. Uşaqları da götürüb dinməz-söyləməz mağazadan çıxır...
Bax, Xırdaqulunun əhvalatı bu qədərdir. Gülməlidir, deyilmi? Hə, onu da deyim ki, onunla bağlı sual işarələri beyninizi yormasın. Xırdaqulu uşaqları başqa bir bağçaya yazdıra bilib. Ancaq hələ də o, ətriyyat mağazasında düşdüyü vəziyyətin xəcalətini çəkir. Yəqin ki, o da yaxında keçib gedər.

 Səbuhi HÜSEYNOV