Cari ilin ötən dövründə əvvəlki ildən fərqli olaraq iki dəfə əmək
yarmarkaları keçirilmişdir

Əhalinin məşğulluğunun təmin olunması məqsədilə işaxtaran vətəndaşların münasib işlə təmin edilməsi, onların haqqı ödənilən ictimai işlərə cəlb olunması, habelə peşə hazırlığı sahəsində muxtar respublikada həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər bir daha onu göstərir ki, blokada şəraitində yaşaya-yaşaya böyük uğurlara nail olmaq mümkündür. İndi regionda əhalinin məşğulluğunun təmin edilməsində ən çevik yol olan əmək yarmarkalarından geniş istifadə edilir. Rayonlarda fəaliyyət göstərən məşğulluq orqanları bu işdə mühüm rol oynayırlar. İşəgötürənlərdən boş iş yerləri haqqında məlumatlar toplanılır, bu məlumatlar əmək yarmarkalarında işaxtaranlara təqdim edilir.
Əmək yarmarkalarının təşkil olunması muxtar respublikada artıq ənənəyə çevrilmişdir. Bu tədbirin bəhrələri də göz qabağındadır. 2012-ci ildə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən şəhər və rayonlarımızın hər birində 3 əmək yarmarkası keçirilmiş, bu yarmarkalara 380 müəssisə tərəfindən 3766 boş iş yeri çıxarılmış, 891 nəfər özünə iş yeri tapmış, 17 nəfər peşə hazırlığına göndərilmiş, 95 nəfər ictimai işə cəlb olunmuşdur.

Gələcək həkim, müəllim, mədəniyyət və meliorator kadrlarının təminatında bir sıra uğurlu nəticələr əldə edilmişdir. Belə ki, 2007- 2012-ci illərdə təhsil işçiləri üçün keçirilmiş əmək yarmarkalarında 835 nəfər, 2009-2012-ci illərdə səhiyyə işçiləri üçün keçirilmiş əmək yarmarkalarında 98 nəfər işlə təmin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi, Mədəniyyət və Turizm Nazirliyi və digər qurumlarda da əmək yarmarkalarının keçirilməsi, insanların peşə və ixtisasına uyğun daimi işlə təmin edilmələri diqqət mərkəzində saxlanılan məsələlər sırasındadır. 
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən aldığımız məlumata görə, muxtar respublikada cari ilin ötən dövrü ərzində şəhər və rayonlarımızın hər birində 2 dəfə əmək yarmarkaları keçirilmişdir. Yarmarkalara, ümumilikdə, 284 təşkilatdan 2851 boş iş yeri çıxarılmış, 527 nəfər işlə təmin olunmuş, 7 nəfər peşə hazırlığına göndərilmiş, 70 nəfər ictimai işlərə cəlb edilmişdir.

Qeyd edək ki, muxtar respublikanın rayon (şəhər) Məşğulluq mərkəzləri tətil günlərində işləmək arzusunda olan tələbələrin xüsusi peşə hazırlığı tələb etməyən haqqı ödənilən ictimai işlərə, mövsümi və digər müvəqqəti xarakterli işlərə göndərilməsini təmin edir. İşləmək arzusunda olan tələbələr yaşadıqları ərazinin Məşğulluq Mərkəzinə müraciət edə bilərlər.

Xəbərlər şöbəsi