Cəmiyyətin inkişaf tempindən asılı olaraq, insan özünün müxtəlif tələbatlarının ödənilməsi üçün müəyyən həcmdə su işlətməli olur. Su həmçinin sənaye müəssisələrinin işləməsində, əkinçilikdə suvarmada, nəqliyyatın inkişaf etdirilməsində, səhiyyə və turizmdə əsas təbii komponent və həlledici təminat vasitəsi hesab edilir.
Son illər Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tədbirlər nəticəsində təsərrüfat-içməli su təminatı xeyli yaxşılaşdırılıb, əkin sahələri artırılıb, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı yüksəldilib. Təsərrüfat suyu ilə təchizatda muxtar respublikada yerləşən su anbarlarının da böyük rolu var. Bəs muxtar respublikanın təsərrüfat-içməli su mənbələrində vəziyyət necədir?

Bu məsələ ilə bağlı kiçik bir araşdırma apardıq və sözün düzü, nəticələr o qədər də ürəkaçan olmadı. Təəssüf ki, bir sıra yaşayış məntəqələrində içməli və suvarma suyu ilə əlaqədar kifayət qədər problem yaşanmaqdadır; su obyektlərinin sanitariya-epidemioloji sağlamlığına o qədər də ciddi diqqət yetirilmir. Belə ki, Heydər Əliyev Su Anbarında, Uzunoba, Bənəniyar, Sirab, Qahab, Məzrə Su anbarlarında apardığımız müşahidələr zamanı ərazilərin və suyun məişət tullantıları ilə çirkləndirildiyini gördük. Digər bir diqqət olunası məsələ isə bu su mənbələrinin mühafizəsi məsələsidir.
Su mənbələrindən hər gün minlərlə insan istifadə edir. Zərər vermək məqsədilə hər hansı bir şəxs kiçik miqdarda zəhərli kimyəvi və ya bakterioloji maddə ilə su anbarını zəhərləməklə böyük bir yaşayış massivini təhlükə altında qoya, epidemioloji sağlamlığa ciddi ziyan vura bilər. Ancaq, deyəsən, bu məsələ əlaqədar qurumların nümayəndələrini bir o qədər də narahat etmir. Çünki bu göllərin əksəriyyətinə sınaq məqsədilə nümayişkaranə şəkildə bir neçə şüşə sözdə “zəhərli maddə” boşaltsaq da, bizə “gözün üstə qaşın var” deyən bir nəfər belə, tapılmadı. Bu da onu göstərir ki, bu su mənbələrinin mühafizəsinə birbaşa cavabdeh olan qurumlar xoşagəlməz hadisələrin qarşısını profilaktik tədbirlərlə almaq əvəzinə gözləmə mövqeyindədirlər.


İçməli su təchizatında da bu məsələ ilə bağlı müəyyən problemlər mövcuddur. Qeyd edək ki, hazırda Naxçıvan şəhərində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi layihəsi uğurla həyata keçirilir, sutəmizləyici qurğular yaradılır. Babək rayonundakı Uzunoba Su Anbarı yaxınlığında yaradılan sutəmizləyici qurğunun tam işə düşməsindən sonra muxtar respublikanın paytaxtı Naxçıvan şəhəri yüksək keyfiyyətli içməli su ilə təmin olunacaq. Hazırda Naxçıvan şəhərinin yaşayış massivlərində onlarla su nasosları olan quyular mövcuddur. Ancaq təəssüf ki, bu quyuların kənar müdaxilələrdən mühafizəsinə o qədər də ciddi diqqət yetirilmir. Quyuların bəzilərinin qapaqları qıfılsızdır, bəzilərinin mövcud qıfıllarını isə kiçik bir zərbə ilə qırmaq mümkündür. Naxçıvan şəhərinin Atatürk küçəsi 9/11 və Heydər Əliyev prospekti 13/15 ünvanındakı binaları su ilə təmin edən quyunu indiyə qədər heç kim qıfıllı görməyib. Bu azmış kimi quyuya enmək istəyən hər hansı bir şəxs üçün oraya pilləkən də qoyulub. Hidroforlardan quyuya axan suyun səviyyəsi o həddə çatıb ki, qısa müddətdə tədbir görülməsə, bu nasoslar su altında qalaraq yararsız hala düşəcək, çəkilən xərclər hədər olacaq. Bu baş verərsə, insanların həyatı üçün də böyük təhlükə yarana bilər. Analoji görüntülərlə Babək, “Atabəylər” məhəllələrinin, eləcə də Naxçıvan şəhərinin bir neçə yaşayış massivində yerləşən binaların zirzəmilərində də qarşılaşmaq mümkündür. Bundan başqa, Naxçıvan şəhərindəki tarixi Kalba Musa çeşməsində də antisanitariya vəziyyəti hökm sürür.
Azərbaycan Respublikasının 26 dekabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Su Məcəlləsində qeyd edilir ki, su obyektlərinin və onların su ehtiyatlarının istifadə edilməsi və mühafizəsi ilə bağlı münasibətlər Azərbaycan Respublikasının su qanunvericiliyi ilə tənzimlənir. Sudan istifadəyə dair münasibətlər bu məcəllə ilə yanaşı, Azərbaycan Respublikasının mülki qanunvericiliyi, “Sanitariya-epidemioloji salamatlıq haqqında” və digər qanunvericilik aktları ilə tənzimlənir. Dövlət mülkiyyətində olan su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində idarəetmə sisteminə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, eləcə də Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı, qanunvericilikdə nəzərdə tutulmuş qaydada onların vəkil etdikləri su obyektlərinin istifadəçiləri və bələdiyyələr daxildir. Əhalinin içməli və məişət su təchizatı, müalicə, kurort və sağlamlaşdırma ehtiyacları üçün istifadə olunan suyun mühafizə edilməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə sanitariya mühafizəsi zonaları müəyyən olunur.
Bundan başqa, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində təsərrüfat-içməli su təchizatına və əhalinin mədəni-məişət məqsədilə sudan istifadə etdiyi yerlərə olan sanitariya tələblərinə əməl etmək sahəsində vəzifələr müəyyən edilib. Qanuna əsasən, dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar mərkəzləşdirilmiş təsərrüfat-içməli su təchizatı sistemləri ilə verilən suyun keyfiyyətinin gigiyena tələblərinə və dövlət standartlarına uyğun gəlməsini, mərkəzləşdirilməmiş su təchizatı zamanı, habelə sututarlarda və sahil boyu ərazilərdə, əhalinin mədəni-məişət məqsədləri üçün istifadə etdiyi yerlərdə isə müvafiq sanitariya normalarının və qaydalarının tələblərinə uyğun gəlməsini təmin etməlidirlər. Mərkəzləşdirilmiş təsərrüfat-içməli su kəmərləri və onların mənbələri üçün suyun lazımi keyfiyyətini təmin edən xüsusi rejimli sanitariya-mühafizə zonaları müəyyən edilməlidir. Su kəmərlərinin və onları təchiz edən mənbələrin sanitariya-mühafizə zonalarının təyin edilməsi qaydası, habelə bu zonaların sanitariya rejimi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur.
Təbiətin bizə ən böyük hədiyyəsi olan suya həssaslıq göstərmək hamı­mızın vəzifəsi, mənəvi borcudur. Muxtar respublikada təbiətin mühafizəsi, zənginləşdirilməsi istiqamətində görülən işlər nəticəsində çay kənarları, süni göllər insanları cəlb edir. Yay mövsümünün başlanması ilə bu məkanları istirahət üçün seçənlər az deyil. Ancaq bəzilərimiz bu istirahət guşələrinin, müqəddəs saydığımız su mənbələrinin bizdən sonra da istifadə ediləcəyinin fərqində deyilik. İstirahətdən sonra plastik su qablarını, müxtəlif qida qalıqlarını suya atmaqdan, beləliklə də, onu çirkləndirməkdən elə bil, həzz alırıq. Bilmirik ki, məişət tullantılarının tərkibində olan üzvi maddələr suda mikrofaunanın sürətlə artmasına və bununla da, oksigenin azalmasına, hətta tam tükənməsinə səbəb olur. Belə mühitdə isə ancaq mikroblar yaşayıb çoxala bilir. Bu da hidromühitdəki canlılar üçün təhlükə yaradır. Təsərrüfat sularının tullantılarla çirkləndirilməsi sağlamlıq üçün vacib olan yaşıllığın da məhv olmasına, qeyri-məhsuldar torpaq sahələrinin yaranmasına və infeksion xəstəliklərin meydana çıxaraq yayılmasına səbəb ola, sabit epidemioloji vəziyyəti risk altında qoya bilər.
Sonda onu da qeyd etmək istərdik ki, əlaqədar qurumlar sudan istifadənin və onun qorunması üsullarının səmərəli təşkilinə, tullantı suların, xüsusilə də təhlükəli zəhərli qarışığı olan suların birbaşa təmiz su mənbələrinə, çaylara axıdılmasının qarşısının alınmasına ciddi diqqət yetirməlidirlər. Bundan başqa, istehsal prosesi zamanı su dövranının və ondan istifadənin səmərəli təşkili, sənaye müəssisələrində istifadə olunmuş suların təmizlənərək zərərsizləşdirilməsinə də xüsusi önəm verilməlidir. Əgər bundan sonra da istirahətimizi səmərəli təşkil etmək istəyiriksə, həm su mənbələri ətrafının, həm də suyun təmizliyinə riayət etməyə borcluyuq. Muxtar respublikanın hər bir sakini bu işdə gələcək nəsillər qarşısında cavabdehlik daşıdığını unutmamalıdır.

Yaddan çıxarmaq olmaz ki, dünyada yaşayan 2,5 milyarddan artıq insan susuzluq səbəbindən praktik olaraq gigiyena və sanitariya üsullarından istifadə etmək imkanından məhrumdur. Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, xərçəng xəstəliyinin səbəblərinin 60-90 faizi məhz ətraf mühitin, o cümlədən suyun çirkləndirilməsi ilə bağlıdır. Belə faktların sayını çoxaltmaq da olar. Bu məsələyə etinasızlıq ağır nəticələrə gətirib çıxara bilər. Muxtar respublikamızda su mənbələrinin çirkləndirilməsinin qarşısının alınması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər görülür. Lakin bunlarla arxayınlaşmaq olmaz, sudan israfçılıqla istifadə edənlərə, çirklənməni doğuran səbəblərə qarşı daim mübarizə aparılmalıdır. Əlbəttə, bu mübarizə ümumxalq işidir və heç kəs bu işdən kənarda qalmamalıdır.

 Səbuhi HÜSEYNOV
 Əli XUDİYEV