(Oçerk)

Bir tağım gənc yol kənarından
Keçərək bir bağın civarından,
Gördülər, yüz yaşında bir bağban
İşləyir bağda səy ilə hər an.
Titrəyə-titrəyə əli, bir də
Alma çərdəkləri əkər yerdə.
Gülərək etdilər sual: “A qoca,
Yüz yaşında nədir bu hal, a qoca?”
Dedi: “Yer şumlayıb cəfa çəkərəm,
Torpağa alma çərdəyi əkərəm”.
Dedilər: “Bunda bir səlahın yox,
Sən bu gün var isən, səbahın yox!
İndi əkdiklərin nə vaxt çıxar?
Bu çıxınca səni zəmanə yıxar...
Rahət ol, çəkmə boş yerə zəhmət,
Olamaz meyvəsi sənə qismət!”
Dedi: “Əkmişlər, almışız, yemişiz,
Xeyirlə yad edib dua demişiz;
Əkirik biz daha yeyənlər üçün,
Əhli-xeyrə dua deyənlər üçün”.

Yəqin ki, oxucularımız ölməz Mirzə Ələkbər Sabirin “Qoca bağban” şerilə lap uşaq yaşlarından tanışdırlar. Şeirdə ağac əkməyin, bağ salmağın xeyirxah bir iş olduğundan, təkcə bu gün üçün deyil, sabahımız üçün lazımlığından bəhs edilir. Savab, xeyir-dua qazanmaq istəyən bir şəxsin bir meyvə ağacı əkməsinin vacibliyi oxuculara aşılanır. Bu şerin yazıldığı müddətdən qərinələr ötüb, ancaq mövzu bu gün də öz əhəmiyyətini itirməyib.

Bu yazımızda ömrünü-gününü ağac əkməyə, bağ salmağa həsr edən, beləliklə də, əkilən ağacların meyvəsindən bəhrələnən, böyük-kiçiyin xeyir-duasını qazanan bir bağban haqqında, Ordubad şəhər sakini Əbdül Haşımov haqqında, babalarımızdan qalan bir irs, mədəniyyət olan bağçılığın əhəmiyyəti barədə söhbət açacağıq. 
...Onunla ilk görüşümüz Ordubad şəhərində, dahi maarifçi Məhəmməd Tağı Sidqinin adını daşıyan küçədə yerləşən evində olub. İlk baxışda bir az qaraqabaq görünən bu insanla çay süfrəsi arxasında kiçik bir söhbət zamanı anladım ki, mənimlə qabaq-qənşər oturub həlim, ürəyəyatan səslə danışan, yaşının o qədər də çox olmamağına baxmayaraq, saçı-saqqalı bulud topası kimi ağ olan bu insan necə böyük ürək sahibi, hər kəsə ancaq və ancaq yaxşılıq arzulayan, torpağını, elini-obasını dərin məhəbbətlə sevən, onun qədrini-qiymətini hər şeydən uca tutan biridir.
Qədim peşəni yaşadan bu insanla ikinci görüşümüz Ordubad şəhərindən bir az kənarda yerləşən bağda oldu. “Bağa bağ deməyiblər, bax deyiblər”. Bağban Əbdülün yetişdirdiyi ağaclara nəzər yetirəndə, balyarım əriyin dadına baxanda, cürbəcür meyvə tinglərinin arasında gəzişəndə düşünürsən ki, o, bağı göz bəbəyi kimi qoruyub, bağa, sözün həqiqi mənasında, baxıb. Necə deyərlər, hər bir ağacın başına dörd dolanıb. Bağdan abutalıbı, balyarım, təbərzə, hafiz əriyi meyvələrinin rayihəsi gəlir. Mövsüm başa çatmaqdadır. Ancaq Əbdül Haşımov qonaq-qara yanında üzüqara çıxanlardan deyil. Hər ağacda üç-dörd dənə də olsa, meyvə saxlayıb. Əlini budaqlardan birinə tərəf uzadıb meyvə qoparır və mənə uzadır:
“Bax bu, göy ərikdir. Nuş elə, yamyaşıl olmağına baxma, şipşirindir. Buna da “əsgərabad” deyirlər. Bunun ağacda qurumuşunu dədə-babamız qənd əvəzi istifadə ediblər. Bax bu qabığı cadar-cadar olmuş da balyarım əriyidir. Çətin tapılan ərikdir. Allaha şükür ki, bunların hamısından artırıb təzə bağ salanlara vermişəm. Özü də dönə-dönə demişəm ki, bunların yaxşı qayğısına qalsınlar, suyunu, gübrəsini vaxtında versinlər. Çünki biri gəlib deyəndə ki, verdiyin tinglər quruyub, çox narahatlıq keçirirəm, əməyimin, zəhmətimin boşa getdiyini düşünürəm.
Bu cəviz ağacı İsrail sortudur. O qədər böyük çətiri olmur və kiçik ərazilər üçün əlverişlidir. Normalda cəviz ağacı 5-7 il aralığında bar verir. Bu ağacın isə barı 2 ildən sonra olur.
Onu da qeyd edim ki, Əbdül Haşımov orta təhsilli olsa da, istər sovet dövründə, istərsə də müstəqillik illərində ölkəmizdə əldə edilən seleksiya nailiyyətləri, yeni və məhsuldar meyvə sortları, onların rayonlaşdırılması haqqında ensiklopedik məlumata malik bir bağbandır. Həddindən artıq təvazökarlığı səbəbindən söhbət əsnasında bildirməsə də, onu tanıyanlar meyvəçilik barədə onlarla kitab oxuduğunu, mütaliəni bu gün də davam etdirdiyini deyirlər. Söhbət əsnasında “Bu da nazlıdır!” deyib əlini yan tərəfə uzadır.
Sözün düzü, buraya qədər bağçı­lıq haqqında bir az anlayışım olduğunu nümayiş etdirə bilmişəm. Ancaq söhbətin bu yerində naşılığımı büruzə verirəm, kiminsə gəldiyini düşünüb yola baxıram. Gəlib-gedən yoxdur. Hava isti olduğundan quşların şən civiltiləri belə, eşidilmir.
Həmsöhbətim nəzərlərimlə kimisə axtardığımı görüb gülümsəyir. Əlini səmimiyyətlə çiynimə vurub yanımdakı şaftalı ağacında yanağı sarı-qırmızılı, elə “nazla” budaqdan bizə boylanan meyvəni göstərir:
– “Nazlı” şaftalı sortudur. Bunlar rənginə görə üç yerə ayrılır. Bundan başqa, fədayi, avqustu, salami, dənəsişirin hülü, nektarin və digər növləri də artırmaqla məşğulam. Nektarinlərdən, əsasən, alanada istifadə edirəm. Əksəriyyəti yerli meyvə sortlarıdır. Ancaq elberta, amsden kimi xarici sortları da artırıb bağ salan sahibkarlara cüzi məbləğ qarşılığında verirəm. Ancaq bir də görürsən ki, hansısa bir müəssisə, ya da təşkilatdan gəliblər. Ən çətinliklə ərsəyə gələn tingləri belə, su qiymətinə almaq istəyirlər. O zaman çənə-boğaza çıxmalı oluruq və sözün açığı, bu, məni fiziki işdən çox yorur. Axı hamı əməyinin qiymətləndirilməsini istəyir. Bir də onu qeyd etmək istəyirəm ki, torpaqla məşğul olan adam su, gübrə, dərman xahişi ilə məmurların qapılarında vaxt keçirməməlidir. Bağban da o cümlədən.
Əbdül Haşımovun bağçılıq sahəsində qazanılan uğurlarından söz düşmüşkən onu da qeyd etmək istərdim ki, onu nəinki muxtar respublikada, hətta Azərbaycanın əksər bölgələrində tanıyırlar. Biləsuvar, Salyan, Cəlilabad və Azərbaycanın digər rayonlarına yolu tez-tez düşür və orada tingçilik təsərrüfatlarının yaradılmasında, yaxşı gəlir gətirən meyvə sortlarının calaq vasitəsilə artırılmasında yaxından köməklik göstərir. Öz mütərəqqi üsulları ilə yerli bağbanların “calağı arpa biçinində vurarlar” deyimini də mifə çevirib. “Mənim üçün calaqvurmada fəsillərin fərqi yoxdur”, – deyən ordubadlı bağban orada olduğumuz müddətdə meşə gilası üzərində 10-a yaxın calaq üsulu ilə bizi tanış etdi. Həm də hər bir calağa təxminən 20-30 saniyə vaxt sərf olundu.
Maraqlı burasıdır ki, üzərində bağ saldığı, tingçilik təsərrüfatına çevirdiyi torpaqların heç biri özününkü deyil. Torpağını əkməyən insanlardan bu torpaqda tingçilik yaratmaq üçün xahiş edir. Və təbii ki, heç kim bu xeyirxah işi görən insana “yox” demir. Ordubad bağlarının indiki vəziyyətinə gəldikdə isə təcrübəli bağban bildirdi ki, cır ərik, gilənar və ümumiyyətlə, cır meyvə ağacları Ordubada yaraşmır. Bağ salanlar bir dəfə demirlər ki, ay qardaş, bu işi bilirsən, gəl əkilən ağaclara calaq vur. Mən də can-başla bu işi görüm. Etinasızlıq səbəbindən indi bağlarımızda cır meyvələr meydan sulayır.
Ordubad şəhərinin “Şora çeşmə” adlanan ərazisinin yaxınlığındakı bağdan yenicə aralanmışdıq ki, təcrübəli bağban dağın döşündə salınmış yeni meyvə bağını bizə göstərdi. Yoxuşla qalxaraq bağın olduğu əraziyə gələrkən insan əzmi ilə iradəsinin nələrə qadir olduğunun şahidi olduq. Ağzı bıçaq kimi iti daş parçaları ilə örtülmüş torpaqda insan əli möcüzələr yaratmış, fidanlar muncuq kimi bir-birinin ardınca sıralanmışdır.
– Ən böyük qayğım, məni ən çox düşündürən davamçılarımın olma­masıdır. Məncə, bu işdə rayonun əlaqədar təşkilatları, xüsusilə məktəblər yardımçı ola bilərlər. Məsələn, məktəbliləri, heç olmasa, ayda bir dəfə bağa gətirə, beləliklə də, bağbanlıq peşəsini uşaqlarımıza sevdirə bilərik. Bu gün mən və mənim kimi onlarla bağban var. Ancaq sabah bu işlə kim məşğul olacaq, bəlli deyil. Ustalıq o deyil ki, düz yerdə ağac əkəsən, bağ salasan, bar-bəhərini görəsən. Ustalıq odur ki, ilanmələyən düzlərdən istifadə etməyi bacarasan. Bir neçə il sonra bu yerdə müxtəlif meyvə sortları ilə zəngin məhsuldar bağ olacaq. Bəlkə də, mənə qismət olmayacaq. Ancaq gələcək nəsillər bağın bəhərini görəcəklər. Bu bağı salanı hörmətlə yad edib, dua edəcəklər. Lap Sabirin qoca bağbanının arzuladığı kimi…

P.S. Bu yazı hazırlanarkən xoş bir xəbər bizi sevindirdi. Redaksiyamıza Naxçıvan Regional Peşə Tədris Mərkəzində bağban kursunun açılacağı ilə bağlı xəbər daxil oldu. Telefonla zəng vurub bu xoş xəbəri Əbdül Haşımova çatdırmaq istəsəm də, sonradan fikrimdən daşındım. Düşündüm ki, bu xəbəri özü haqda qəzetimizdə dərc olunan məqalədən oxusa daha yaxşı olar. 

 Səbuhi HÜSEYNOV