Muxtar respublikada aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi prioritet vəzifələrdəndir. Bunun nəticəsidir ki, cəmiyyətin aztəminatlı təbəqəsinə dövlət qayğısı ilbəil artırılır. Artıq bu bir həqiqətdir ki, dövlət bütün aztəminatlı ailələrin – çoxuşaqlı, əlil, tənha və ahıl ailələrin əsas dayağıdır.
Dövlət tərəfindən əhalinin rifah halını yaxşılaşdırmaq məqsədilə həyata keçirilən tədbirlərin bir hissəsini də sosial təminat məsələlərinin həlli təşkil edir. Bu məqsədlə cari ilin əvvəlində Naxçıvan Muxtar Respublikası Ali Məclisində “2012-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə aztəminatlı ailələrin sosial problemlərinin həlli üçün aidiyyəti orqanlarla birlikdə müvafiq tədbirlərin həyata keçirilməsi ilə bağlı tapşırıqlar verilmişdir.
Qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar muxtar respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin əməkdaşları Babək rayonunun Vayxır kəndində yaşayan aztəminatlı, sağlamlıq imkanı məhdud vətəndaş Əhmədov Hikmət Dilsuz oğlunun ailəsində olmuşlar. Xüsusi qayğıya ehtiyacı olan ailənin yaşayış vəziyyəti ilə maraqlanılmış, ailə üzvləri tibbi müayinədən keçirilmiş, ailəyə ərzaq payı və məişət əşyaları verilmişdir.
Aztəminatlı ailənin üzvləri belə sosial müdafiə tədbirlərinin keçirilməsini dövlətin aztəminatlı ailələrə diqqət və qayğısının daha bir nümunəsi kimi dəyərləndirərək minnətdar­lıqlarını bildirmişlər.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti