Culfa rayonunda növbəti əmək yarmarkası keçirilib. Yarmarkada çıxış edən rayon Məşğulluq Mərkəzinin direktoru Ramiz Allahyarov muxtar respublikada keçirilən əmək yarmarkalarının işaxtaran vətəndaşların işlə təminatı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Qasımov çıxışında rayonda yeni iş yerlərinin yaradılması, məşğulluğun təmin edilməsi istiqamətində görülən işlərdən danışıb.
İşaxtaran rayon sakini Sevinc Əsgərova öz ixtisasına uyğun müvafiq işlə təmin olunmasında əməyi olanlara minnətdarlığını bildirib.
Sonra yarmarka iştirakçıları onlara təqdim edilən boş iş yerləri ilə tanış olublar. İşaxtaran vətəndaşlara rayon üzrə 20 müəssisədən 136 boş iş yerinin təqdim edildiyi yarmarkada 30 nəfərə göndəriş verilib.

Xəbərlər şöbəsi