Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) şöbələri tərəfindən maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir. Növbəti maarifləndirici tədbir DSMF-nin Ordubad Rayon Şöbəsi tərəfindən rayonun Vənənd kəndində keçirilmişdir. Tədbiri Vənənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Samir Şəfiyev açaraq tədbirin əhəmiyyətindən danışmışdır.
DSMF-nin Ordubad Rayon Şöbəsinin müdiri Bayram Yusifov məcburi dövlət sosial sığortasının mahiyyəti və üstünlüklərindən, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin əhəmiyyətindən, şöbənin əməkdaşlarından Feyzulla Əkbərov və Həbib İsmayılov isə pensiyaların plastik kartlarla ödənişinin üstünlüklərindən, fərdi uçot sisteminin təşkilindən danışmışlar. Bildirilmişdir ki, hər bir vətəndaşın gələcək sosial təminatı bu gün qanuni olaraq ödəniləcək məcburi sosial sığortadan bilavasitə asılıdır. İşləyən hər bir vətəndaş fəaliyyət göstərdiyi təşkilatda əməkhaqqının düzgün göstərilməsində, sosial sığorta haqlarının düzgün hesablanmasında, vaxtında və tam ödənilməsində maraqlı olmalıdır. Torpaq mülkiyyətçiləri, fiziki şəxslər isə şəxsən özləri sosial sığorta haqlarının düzgün hesablanmasını və ödənilməsini təmin etməlidirlər. Ödənilən sosial sığorta haqları vətəndaşlara sığorta stajı qazandırmış olur. Eyni zamanda məcburi dövlət sosial sığorta haqları fərdi şəxsi hesablarda toplanaraq pensiya kapitalını təşkil edir ki, bu da həmin vətəndaşların pensiyasının məbləğinin müəyyənləşdirilməsində əsas rol oynayır.
Qeyd olunmuşdur ki, məcburi dövlət sosial sığorta haqlarının vaxtlı-vaxtında və tam məbləğdə ödənilməsi işləyən vətəndaşların gələcəkdə pensiya təminatı hüququnun yaranması, eləcə də əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik və doğuş, uşağın anadan olması, uşağa qulluq, sanatoriya-kurort müalicəsi zərurəti kimi sosial sığorta hadisələri zamanı sığorta ödənişlərindən yararlanmaları üçün olduqca vacibdir.
Vurğulanmışdır ki, gələcəkdə pensiya təyinatı aparıldıqda fərdi şəxsi hesabda olan məlumatlar əsas götürüləcək. Fərdi şəxsi hesabda olan pensiya kapitalı yüksək olarsa, təyin olunacaq pensiyanın məbləği də yüksək olacaqdır.
Tədbirin sonunda torpaq mülkiyyətçilərini maraqlandıran suallar cavablandırılmışdır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti