Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil edilən növbəti əmək yarmarkası Şahbuz rayonunda keçirilib. Tədbiri giriş sözü ilə Şahbuz Rayon Məşğulluq Mərkəzinin direktoru Fəxrəddin Bağırov açaraq əmək yarmarkalarının əhəmiyyətindən danışıb. Qeyd olunub ki, əmək yarmarkalarının keçirilməsində əsas məqsəd işəgötürənlərlə işaxtaran vətəndaşlar arasında qarşılıqlı ünsiyyətin təşkil edilməsindən, işəgötürənlərin qısa vaxt ərzində müasir biliklərə yiyələnmiş ixtisaslı, peşəkar, təcrübəli kadr seçiminə geniş imkanlar yaratmaqdan, eyni zamanda işaxtaran vətəndaşların boş iş yerləri haqda məlumat almalarına və işlə təmin olunmalarına köməklik göstərilməsindən ibarətdir.
Şahbuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Xəqani Həsənov çıxışında əmək yarmarkasına hazırlıq dövründə həyata keçirilən təşkilati işlərdən danışıb. Vurğulanıb ki, bu mühüm aktiv məşğulluq tədbiri işəgöturənlərlə işaxtaran vətəndaşların fəal iştirakına geniş imkanlar açır.
İşaxtaran vətəndaş Gözəl Rüstəmova çıxış edərək işaxtaran vətəndaşların ixtisas və peşələrinə uyğun işlə təmin olunmaları üçün insanların sosial rifahının yaxşılaşdırılması baxımından olduqca əhəmiyyətli olan əmək yarmarkalarının təşkilatçılarına minnətdarlığını bildirib.
Qeyd edək ki, məşğulluq tədbirində işaxtaran vətəndaşlara 12 müəssisədən 138 boş iş yeri təqdim edilib, 24 nəfərə göndəriş verilib.

Xəbərlər şöbəsi