Xəbər verdiyimiz kimi, Gürcüstanın Acarıstan Muxtar Respublikasından gələn, tənəffüs yolu xəstəliklərindən əziyyət çəkən aztəminatlı ailələrin uşaqları Duzdağ Fizioterapiya Mərkəzində iyunun 4-dən başlayaraq müalicə  kursu alıblar. Dünən müalicə kursu başa çatan uşaqlar onlar üçün ayrılmış xüsusi avtobusla Gürcüstana yola salınıblar. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Sərdar Salahov və İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov uşaqlara, valideynlərə, onlarla birlikdə gələn səhiyyə işçilərinə yaxşı yol arzulayıblar. Uşaqlara Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri adından hədiyyələr verilib. Yola salınan səhiyyə işçiləri, uşaqlar, valideynlərlə görüşüb həmsöhbət olduq, təəssüratlarını öyrəndik:

 

İreni İMNADZE (Acarıstan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı): – Azərbaycan səhiyyəsinin inkişafı barə­də eşitmişdim. Ancaq Naxçıvan Muxtar Respublikasına gəldikdən sonra bunun bir daha şahidi oldum. Burada böyük xəstəxanaları, müasir Diaqnostika-Müalicə Mərkəzini, poliklinikaları gördükdə, müasir tibbi avadanlıqlarla tanış olduqda heyrətlənməyə bilmirsən. İstər-istəməz düşünürsən ki, Naxçıvanda insan amilinə nə qədər diqqət yetirilir. Duzdağ Fizioterapiya Mərkəzi isə bambaşqa bir aləmdir. Dağın altında, əvvəllər duz şaxtası kimi istifadə edilmiş mağarada şəfa ocağının yaradılması insan əlinin möcüzələrə qadir olduğundan xəbər verir. Bizi bu möcüzələrlə tanış edənlərə, eləcə də həmvətənlərimin pulsuz müalicəsinin aparılması kimi xeyirxah bir təklifi irəli sürən Naxçıvan Muxtar Respublikasının rəhbərinə öz min­nətdarlığımı bildirirəm.

Ali PADOEV (mək­təbli): – Artıq ikinci dəfədir ki, müalicə üçün Naxçıvana gəlirəm. Buraya gəlməzdən öncə səhhətimdə bir sıra problemlər vardı, çox çətin nəfəs ala bilirdim. İndi isə özümü yaxşı hiss edirəm. Biz burada səmimi münasibət gördük. Müalicə olunmağımız üçün hər cür şərait yaradılmışdı. Naxçıvanda bizə çox böyük diqqət və qayğı göstərildi. Atam-anam zəng vuranda deyirdim ki, mən burada özümü vətənimdəki kimi hiss edirəm. Muxtar respublikanın mehriban, səmimi, qonaqpərvər və qayğıkeş insanları bizi darıxmağa qoymadılar. Naxçıvandan xoş təəssüratla ayrılırıq. Şadam ki, buradan getdikdən sonra sinif yoldaşlarıma, dostlarıma deməyə çox sözüm olacaq. Əvvəlcə onu deyəcəyəm ki, Naxçıvanda təmiz və yaraşıqlı küçələri olan şəhərlər, mehriban, xoş simalı insanlar var. Bu insanlar bizə nəvaziş göstərdilər, bizim qayğımıza qaldılar. Həkimlər gecə-gündüz başımızın üstündə dayandılar, sağlamlığımıza yenidən qovuşmağımız üçün əllərindən gələni əsirgəmədilər. Bunu bütün həyatım boyu unutmayacağam.

Yekaterina RUSSİYA (həkim): – Qafqaz bütün dünyada təbii şəfa ocaqları ilə tanınır. Gəldiyim qənaət belədir ki, Naxçıvanın duz mağa­rası bu şəfa ocaqlarının ən nadir nümunələrindəndir. Bu əvəzsiz mikroiqlimli yeraltı mağara astma xəstələrini sağaldır. Bura gələn uşaqlara tətbiq olunan duz terapiyası zamanı biz bronxlarda meydana gələn dörd təsirin müalicəsini müşahidə etdik. Uşaqlarla söhbət zamanı bildirdilər ki, bir neçə seansdan sonra nəfəs almaq asanlaşıb, asqırma, öskürmə və nəfəs darlığı azalıb, qəbul edilən dərmanların dozası azaldılıb. Bundan başqa, tənəffüs yolları xəstəliklərini qıcıqlandıran təsirlər tədricən yox olub, xəstəliyin yaxşılaşma müddəti qısalıb. Əsl möcüzədir. Acarıstana qayıtdıqdan sonra öz pasientlərimə dərman qəbul etməkdənsə, Naxçıvana gəlməyi məsləhət görəcəyəm. Əbəs yerə demirlər ki, bütün xəstəliklərin müalicəsi elə təbiətin özündədir.

Sofiya ÇKONİYA ( valideyn): – Bir valideyn üçün öz övladını sağlam, üzügülər görməkdən yaxşı nə ola bilər? Heç bir ailə səhhətində problem olan uşaq dünyaya gətirməkdən sığortalanmayıb. Tale elə gətirdi ki, mən də övladımda tənəffüs yolu xəstəlikləri olduğunu anladım. Tez bir zamanda övladımın sağlamlığa qovuşması üçün həkimlərə müraciət etdim. Maddi çətinliklərə baxmayaraq, həkimlərin yazdığı reseptlərdəki bütün dərmanları aldım. Ancaq effektiv nəticə əldə edə bilmədik. Duzdağ Fizioterapiya Mərkəzi haqqında məlumatım var idi. Ancaq bura gəlmək, övladımı duz mağarasında müalicə etdirmək mənə əlçatmaz görünürdü. Sonra eşitdim ki, sizin muxtar respublikanın rəhbəri Acarıstana gəlib və keçirdiyi görüşlərdə səhiyyə sahəsində əlaqələrin inkişafı barədə danışıb, tənəffüs yolu xəstəliklərindən əziyyət çəkən aztəminatlı ailələrin uşaqlarının Duzdağ Fizioterapiya Mərkəzində müalicə olunmaları barədə təklif irəli sürüb. Bu, məni çox sevindirdi, övladımın sağlam gələcəyi ilə bağlı ümidsizlikdən qurtardı. Məhz atılan bu humanist addımın sayəsində biz buraya gələ bildik və övladım 13 günlük müalicə kursu aldı. Bizimlə bərabər neçə-neçə ailənin övladının da səhhəti yaxşılaşdı. Nə deyə bilərəm? Əlimdən bu xeyirxah işin təşkilatçılarına minnətdarlıq etmək gəlir. Sağ ol, Naxçıvan, sağ olun, onun nəcib­qəlbli insanları!

Səbuhi HÜSEYNOV