Muxtar respublika ərazisində ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi və qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı və Fövqəladə Hallar nazirliklərinin birgə tədbirlər planı hazırlanmış, planın icrası həyata keçirilməkdədir. Muxtar respublikanın kənd yaşayış məntəqələrində insanlar onlara verilən torpaq sahələrindən geniş və səmərəli istifadə edərək taxılçılığa daha çox üstünlük verirlər. Artıq kəndlilər və fermerlər əkib-becərdikləri taxılın biçilməsi üçün hazırlıq işlərinə başlamışlar. Taxılın itkisiz  tədarükü ilə bağlı qarşıya qoyulan vəzifələrdən biri də bu məhsulların yanğından qorunması, biçin dövründə yanğın təhlükəsizliyi tədbirlərinin düzgün həyata keçirilməsidir.   

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi ot-taxıl biçini dövründə torpaq mülkiyyətçilərinə və fermerlərə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasını tövsiyə edir.
Mülkiyyət formasından asılı olmayaraq, hər bir təsərrüfat rəhbəri tabeliyində olan obyektlərin yanğın təhlükəsizliyinə cavabdeh şəxs kimi məsuliyyət daşıyır. Taxıl və ot biçininə başlamazdan öncə bütün təsərrüfat rəhbərləri, biçində iştirak edən hər bir mexanizator, sürücü kənd təsərrüfatı texnikalarını yanğına qarşı hazırlamalı, onları texniki müayinədən keçirməli, ilkin odsöndürücü vasitələrlə təmin etməlidirlər. Texnikaların yanğın təhlükəsizliyi qaydalarının tələblərinə cavab vermələri barədə akt tərtib edildikdən sonra onlar işə buraxılmalıdır. Dənli və texniki bitkilərin yığılması, daşınması, emalı və saxlanması dövründə yanğın təhlükəsizliyinə nəzarət etmək üçün əmrlə cavabdeh şəxslər təyin edilməlidir.

Taxıl biçinində iştirak edən traktor və kombayn sürücüləri, onların köməkçiləri, digər mexanizatorlar, eləcə də məhsul yığımına cəlb edilən hər bir şəxs xüsusi proqram üzrə yanğına qarşı təlim keçməlidir. Yanğın təhlükəsizliyi üzrə təlim almayan şəxsə məhsul yığımında iştirak etməyə icazə verilməməlidir. 
Məhsul yığımında iştirak edən bütün texnikaların mühərriklərinin atqı boruları qığılcımsöndürənlərlə təmin edilməlidir. Kombayn, traktor və özü hərəkət edən kənd təsərrüfatı texnikaları akkumulyatorları işlədicilərdən ayıran açarla təmin edilməli, texnikalardakı elektrik naqilləri etibarlı izolyasiya olunmalı, onların birləşmələri bərkidilməli, eləcə də sürtünmədən və mexaniki zədələnmədən qorunmalıdır. Naqillər gövdə və onun iti künclərindən keçən yerlərdə rezin və ya plastmas borularla mühafizə olunmalıdır.
Taxıl yığımı və ot tədarükü zamanı kombaynın kənar şəxs tərəfindən, kombaynı yedəyə alınmaqla və yüksəklikdən buraxmaqla işə salınması, kombayna əlavə oturacağın quraşdırılması, işdən sonra kombaynların sahələrdə saxlanması, həmin texnikalarda əlavə yanacaq və yağlama materiallarının saxlanılması yanğın təhlükəsizliyi cəhətdən yolverilməzdir. Dənli və texniki bitkilərin yetişdiyi dövrdə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə meşə zolaqları, avtomobil və dəmir yolları taxıl zəmilərinə yaxın olduqda onların arası biçilməli, eni 4 metrdən az olmamaq şərti ilə şumlanmalıdır.
Tarla düşərgələrində, taxıltəmizləmə xırmanlarında, ot və küləş tayaları yığılan sahələrdə siqaret çəkmək üçün xüsusi yer ayrılmalı və həmin yer ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir. Digər sahələrdə siqaret çəkmək, açıq oddan istifadə etmək qəti qadağandır. Biçin zamanı taxıl zəmilərinin yaxınlığında baş verə biləcək yanğınların qarşısını almaq məqsədilə kotanlı traktorlar olmalı, taxıl zəmilərində və onların yaxınlığında küləş yandırılmasına, tonqal qalanmasına yol verilmə­məlidir. Tarla şəraitində traktor, kombayn və digər maşınların yanacaqla təmin edilməsi onların mühərriklərinin işi dayandırıldıqdan sonra yanacaqdoldurucu maşınlarla həyata keçirilməlidir. Gecə vaxtı maşınların yanacaqla doldurulması qəti qadağandır.
Taxıl xırmanları bina və tikintilərdən 50 metr, taxıl zəmilərindən 100 metr aralı məsafədə yerləşməlidir. Xırmanların ətraf sahələri quru otlardan, yanar materiallardan mütləq təmizlənməli, ətrafı isə 4 metr enində şumlanmalıdır.
Bir daha xatırladırıq ki, kənd təsərrüfatı məhsullarının, xüsusən də taxılın oddan qorunması hər bir vətəndaşın borcudur. Taxıl bərəkətdir və o, böyük zəhmət hesabına ərsəyə gəlir.
Taxıl biçini dövründə hər hansı bir yanğın hadisəsi baş verərsə, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə və ya Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin “101” xidməti telefonlarına zəng etməyi unutmayın.

Mirtaleh SEYİDOV
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı