Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə sağlamlıq imkanları məhdud uşaqların mənəvi dünyasının zənginləşməsi, intellektual səviyyəsinin yüksəldilməsi, müxtəlif sahələr üzrə biliklərə yiyələnməsi istiqamətində silsilə tədbirlər həyata keçirir.
Həmin tədbirlərin davamı kimi mayın 30-da 18 yaşınadək uşaqlar arasında kompyuter vasitəsilə “Yurdumuzu tanıyaq” adlı bilik yarışı keçirilib.
Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində təşkil olunan yarışda iştirak edən sağlamlıq imkanları məhdud 18 uşaq altı qrupda, üç mərhələdə yarışıb. Muxtar respublikamızın tarixi, mədəniyyəti və coğrafiyası haqqında onlara 40 sual təqdim edilib.
Sonda qaliblər mükafatlandırılıb, yarışın digər iştirakçılarına isə həvəsləndirici hədiyyələr verilib.
Həmin gün sağlamlıq imkanları məhdud uşaqlara Naxçıvan Dövlət Uşaq Teatrında xalq nağılları əsasında səhnələşdirilmiş “Daşdəmirin nağılı” tamaşası göstərilib. Doğruluq, düzgünlük, xeyirxahlıq kimi yüksək insani keyfiyyətləri təlqin edən tamaşa uşaqlar tərəfindən rəğbətlə qarşılanıb.
Mayın 31-də isə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında sağlamlıq imkanları məhdud uşaqlara övlad-valideyn münasibətləri, böyüyə hörmət və xeyirxahlıqdan bəhs edən “Seymurun sirli dünyası” adlı tamaşa göstərilib.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti