Culfa rayonunda inzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı ilə “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının və notariat hərəkətlərinin aparılması zamanı qanunvericiliyin tələbləri” mövzusunda seminar-müşavirə keçirilmişdir. Seminar-müşavirəni giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının müavini Nazim İmaməliyev açmışdır.
Sonra Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik şöbəsinin rəisi, ədliyyə müşaviri Ayaz Məhərrəmovun “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının və notariat hərəkətlərinin aparılması münasibətlərini tənzimləyən qanunvericilik”, Qeydiyyat və notariat şöbəsinin baş məsləhətçisi, kiçik ədliyyə müşaviri Səyyub Kərimovun “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının və notariat hərəkətlərinin aparılmasının əsas qaydaları və qanunvericiliyin tələbləri” mövzularında məruzələri dinlənilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasında vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının və notariat hərəkətlərinin aparılmasında zəruri qanunvericilik bazası yaradılmış, bu sahə ilə bağlı münasibətləri tənzimləyən qanunvericilik inkişaf etdirilmiş və təkmilləşdirilmişdir.
Sonda seminar-müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Xəbərlər şöbəsi