Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası müxtəlif ölkələrin ictimaiyyətinin diqqətini ailələrin çoxsaylı problemlərinin həllinə yönəltmək məqsədilə 1993-cü ildə 15 mayın “Beynəlxalq Ailə Günü” kimi qeyd olunması barədə qərar qəbul etmişdir. Həmin tarixdən etibarən 15 may – Beynəlxalq Ailə Günü dünya ölkələrinin əksəriyyətində qeyd olunur.
Ölkəmizdə bu günün qeyd olunması milli və ailə dəyərlərimizi daha da möhkəmlətmək, adət-ənənələrimizi qorumaq kimi ali məqsəd daşıyır. Hələ qədim zamanlardan xalqımızın düşüncəsində və əməlində ailə müqəddəs ocaq anlamında olmuş, kişilərin atalıq, qadınların isə analıq məktəbi kimi öz mahiyyətini qoruyub saxlamışdır.
Ailə nikah, qohumluq, ümumi maraq və qarşılıqlı mənəvi məsuliyyətin mövcud olduğu kiçik qrupdur. Cəmiyyətin və dövlətin formalaşması və inkişafında ailə mühüm vasitədir. Ailə xalqın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genefondun daşıyıcısı kimi mühüm rola malikdir. Azərbaycan cəmiyyətində ailə institutu özünün sosial təyinatını və milli-mənəvi missiyasını dolğun şəkildə qoruyub saxlamaqdadır. Tarix boyu xalqımız ailənin qurulmasına mühüm bir hadisə kimi yanaşmış, onun təməlinin möhkəm olmasına çalışmışdır. Sədaqət, məhəbbət, mərhəmət, birlik, zəhmətsevərlik kimi məfhumlar bu gün Azərbaycan ailəsinin bünövrəsini təşkil edir. Ulu öndər Heydər Əliyev deyirdi: “Hər bir kəsin arzusu ailə qurmaq və ailə sahibi olmaq, uşaq dünyaya gətirmək, uşaq atası, uşaq anası olmaqdır. Bundan böyük xoşbəxtlik yoxdur”.

Bu gün Azərbaycan Respublikasında sosial sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini də sağlam ailə münasibətləri təşkil edir. Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə ailə siyasətinin formalaşdırılması məsələlərinə böyük diqqət yetirilmiş, mövcud olan problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər görülmüş, bu sahədə hüquqi baza yaradılmışdır. Dahi şəxsiyyətin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Kon­s­titusiyasında göstərilir ki, ailə dövlətin xüsusi himayəsindədir. 1999-cu ildə qəbul edilən Azərbaycan Respublikasının Ailə Məcəlləsi isə ailə münasibətlərinin tənzimlənməsini özündə əks etdirən əsas hüquqi sənəddir. Ailə Məcəlləsində ailənin möhkəmləndirilməsi zərurəti, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulması, ailənin işlərinə kənar şəxslərin müdaxiləsinin yolverilməzliyi, ailə üzvlərinin ailə qarşısında məsuliyyəti və onların hüquqlarının maneəsiz həyata keçirilməsi öz əksini tapmışdır. Bundan əlavə, ölkəmizdə ana və uşaqların sağlamlığının möhkəmləndirilməsi, əhalinin reproduktiv sağlamlığının qorunması, sağlam uşaqların doğulması üçün zəruri şəraitin yaradılmasını nəzərdə tutan, eləcə də məişət zorakı­lığı hallarının qarşısının alınması məqsədilə də bir sıra qanunlar qəbul edilmişdir. Bir sözlə, müasirləşən ailə institutunun təməllərinin möhkəmliyi təmin edilmiş, onun nüfuzunun artmasına nail olmaq üçün ciddi addımlar atılmışdır.
Ümummilli liderimizin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial-iqtisadi siyasət ailələrin rifahının yaxşılaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə, uşaq və yeniyetmələrin həm fiziki, həm də mənəvi cəhətdən güclü nəsil kimi formalaşdırılmasına, ümumən, milli genefondumuzun möhkəmlənməsinə xidmət edir. Ailə dəyərlərinə həmişə böyük həssaslıqla yanaşan dövlət başçısı demişdir: “Ailə dəyərləri xalqımız üçün həmişə çox doğma olub, çox əziz olub və ailə dəyərləri bizim milli dəyərlərimizdir. Xalqımızın yaşaması üçün, öz mənliyini, qürurunu qoruması üçün ailə dəyərləri, milli dəyərlər əvəz­olunmaz rol oynamışdır. Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksəklərdə olmalıdır”.
Muxtar respublikamızda da dövlət ailə siyasəti uğurla həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 28 sentyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması və fəaliyyətinin təmin olunması ailə institutlarının formalaşdırılması məqsədilə həyata keçirilən ardıcıl tədbirlərdəndir. Bu gün Naxçıvan Muxtar Respublikasında 90 min 900 ailə yaşayır. Bütün kateqoriyadan olan ailələr hərtərəfli diqqət və qayğı ilə əhatə olunmuşlar. Onların sosial rifahının yaxşılaşdırılması üçün yeni iş yerləri açılır, müavinətlər, ünvanlı sosial yardımlar təyin edilir.
“İnsan həyatında mənzilin böyük əhəmiyyəti vardır. İnsan sağlamlığının, ailə xoşbəxtliyinin əsas amillərindən biri də məhz budur”,– deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı ilə son 17 ildə muxtar respublikamızda 188 əlil və şəhid ailəsi mənzil və fərdi yaşayış evləri ilə təmin olunmuşdur. Lakin unutmamalıyıq ki, milli dəyərlərin tərkib hissəsi olan ailə dəyərlərini qorumaq təkcə dövlətin üzərinə düşən məsuliyyət deyil. Ailə sağlam olmazsa, cəmiyyətin sağlam olmasından danışmaq mümkün deyil. Ona görə də Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mütəmadi olaraq muxtar respublikanın rayonlarında və kənd­lərində müvafiq mövzularda konfranslar, seminarlar keçirir, eləcə də kütləvi informasiya vasitələrində sağlam ailənin formalaşması, ailə dəyərləri, uşaqların tərbiyəsinə təsir edən amillərlə bağlı çıxışlar edilir, maarifləndirici tədbirlər görülür.
Cəmiyyətdə ailənin psixoloji sağlamlığı əsas meyarlardan hesab olunur. Çünki ailənin psixoloji sağlamlığına ailə dəyərlərinin üstün tutulması aiddir ki, bu da ailənin uzunömürlü olmasına gətirib çıxarır. Naxçıvan Muxtar Respublikasında ailəsini ömrünün sonuna qədər qoruyub saxlayan uzunömürlü xoşbəxt ailələrimiz kifayət qədərdir. Muxtar respublikada uzunömürlü ailələrin yubileylərinin qeyd edilməsi artıq bir ənənəyə çevrilmişdir. Hər il uzunömürlü ailələrin “gümüş”, “qızıl” və “brilyant” toyları qeyd olunur, onlara qiymətli hədiyyələr verilir.
Ailələrin sağlam, xoşbəxt yaşaması üçün onun üzvləri arasında səmimi, mədəni münasibət olmalı, valideyn-övlad münasibətləri düzgün qurulmalıdır. Azərbaycan ailəsi, hər şeydən əvvəl, milli adət-ənənələrimizi özündə yaşatmalı, övladlarımız dünyaya gəldikləri gündən milli-mənəvi dəyərlərimizlə tərbiyə olunmalıdır. Böyüyə hörmət, milli dəyərlərə bağlılıq bu tərbiyənin əsasını təşkil edir. Mədəniyyət, qarşılıqlı hörmət və bu hörmətdən doğan davranış qaydaları isə ailə mənəviyyatının özülüdür. Ona görə də xalqımıza məxsus olan ailə dəyərlərinin qorunub yaşadılması və möhkəmləndirilməsi hər bir vətəndaşın üzərinə düşən vacib vəzifədir.

Muxtar respublikamızda qeyd olunan vəzifələrin icrası, milli dəyərlərimizin əsas hissəsi olan ailə dəyərlərinin qorunub yaşadılması istiqamətində bundan sonra da ardıcıl tədbirlər görüləcəkdir. Çünki sağlam ailələr sağlam cəmiyyətin və güclü dövlətin əsas hərəkətverici qüvvəsidir.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti