Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Gənclər və İdman Nazirliyinin və Vəkillər Kollegiyasının təşkilatçılığı ilə Sədərək rayonunda “Ailə kiçik dövlətdir” mövzusunda tədbir keçirilib. Sədərək Rayon İcra Hakimiyyətinin şöbə müdiri Samil Kazımov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb.
“Müasir ailə modeli ailədaxili münasibətlərin tənzimlənməsində əsas faktor kimi” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, uşaqların qayğısız böyümələri, təhsil almaları, psixoloji cəhətdən sağlam və vətənpərvər ruhda tərbiyə olunmaları üçün muxtar respublikamızda bir sıra tədbirlər həyata keçirilir. Bu sırada aztəminatlı ailələrin sosial yardımla təmin olunması, onların ehtiyaclarının ödənilməsi kimi humanist tədbirlər də dayanır.
Sonra Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri Tural Hüseynovun “Ailə münasibətlərinin hüquqi əsası”, gənclər və idman nazirinin müavini Mirməcid Seyidovun “Ailə dəyərlərinin yeniyetmə və gənclər arasında təbliği”, Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru Yulət Əliyevin “Zərərli vərdişlərin ailə münasibətlərinə mənfi təsiri” mövzularında çıxışları olub.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, onlara müvafiq mövzularda maarifləndirici broşürlər və Azərbaycan Respublikasının bir çox məcəllələrindən ailə, qadın və uşaq hüquqları ilə bağlı maddələrdən çıxarışlar paylanılıb.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti