Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə 1992-ci ildən etibarən hər il 5 may bütün dünyada “Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü” kimi qeyd olunur. Bu günün qeyd olunmasında məqsəd əlillərin və sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının qorunmasını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, bu kateqoriyadan olan insanların cəmiyyətə inteqrasiyasını gücləndirməkdir.

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra, bütün sahələrdə olduğu kimi, əlillərin hüquqlarının müdafiəsi, onların sağlamlığının qorunması istiqamətində də ardıcıl tədbirlər görülmüş, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. 1998-ci il iyunun 18-də “İnsan Hüquqlarının Müdafiəsinə dair Dövlət Pro­qramı”nın təsdiq edilməsi ölkəmizdə insan hüquqlarının qorunmasına göstərilən yüksək diqqətin ifadəsi olmaqla yanaşı, əlillərin hüquqlarının müdafiəsində də mühüm əhəmiyyətə malikdir.

Sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiəsi və sosial məsələlərinin həllində yeni hüquqi imkanlar yaradan qanunvericilik aktlarının qəbul edilməsi bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2006-cı il dekabrın 28-də “Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı”, 2011-ci il dekabrın 27-də “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” təsdiq olunmuş, əlilliyi olan şəxslər üçün sosial, iqtisadi və hüquqi təminatlar müəyyən edən yeni normativ aktlar qəbul edilmişdir.
Əlillərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və cəmiyyətə fəal inteqrasiyasının təmin edilməsi məqsədilə bir sıra normativ hüquqi aktlar qəbul edilmişdir. Belə ki, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu əlilliyi və uşaqların sağlamlıq imkanlarının məhdudluğunu doğuran səbəblərin aradan qaldırılmasına, onların reabilitasiyasına, ictimai həyatın bütün sahələrində fərdi qabiliyyətlərinə və maraqlarına müvafiq fəaliyyət göstərmələrinə hüquqi təminat yaradır.
Ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqların yaş həddinin 18-dək yüksəldilməsi, mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə qeydiyyata alınmış müharibə əlili vəfat etdiyi halda, güzəştli mənzil qeydiyyatının onun ailə üzvlərində saxlanılması ilə əlaqədar mövcud qanunvericilikdə edilən dəyişikliklər, özəlləşdirilən, ləğv olunan dövlət müəssisələrinin əmək xəsarəti və peşə xəstəliyi ilə əlaqədar zərərçəkənlərinə kompensasiyanın verilməsinin təmin edilməsi kimi yeniliklər bu sahədə aparılan islahatların tərkib hissəsidir.
Muxtar respublikamızda da sağlamlıq imkanları məhdud şəxslərin hüquqlarının təmin edilməsi, onların sosial müdafiəsi və cəmiyyətə fəal inteqrasiyası istiqamətində davamlı tədbirlər həyata keçirilir. Naxçıvan Əlillərin Bərpa Mərkəzinin, Naxçıvan Uşaq Bərpa Mərkəzinin, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin fəaliyyəti bu kateqoriyadan olan şəxslərin sosial-tibbi reabilitasiyaları baxımından mühüm əhəmiyyətə malikdir. Müvafiq kateqoriyadan olan məhdud fiziki imkanlı şəxslərin mənzil və fərdi yaşayış evi ilə təmin olunması, ümumiyyətlə, ehtiyacı olan sağlamlıq imkanları məhdud şəxslərin müxtəlif texniki-bərpa vasitələri və protez-ortopedik məmulatlarla təmin edilməsi, onların sağlamlıqlarının bərpası istiqamətində tədbirlərin həyata keçirilməsi, tənha yaşayan, başqasının köməyinə ehtiyacı olanlara evdə sosial məişət xidmətinin göstərilməsi, fərdi məşğulluğunun və asudə vaxtlarının səmərəli təşkili bu kateqoriyadan olan vətəndaşlarımızın həyat səviyyələrini yüksəltmiş, cəmiyyətimizin bütün sahələrində fərdi qabiliyyətlərinə uyğun fəaliyyət göstərmələrinə imkan yaratmışdır.
Ötən müddət ərzində məhdud fiziki imkanlı şəxslərin həyat fəaliyyətini yaxşılaşdırmaq məqsədilə mühüm tədbirlər həyata keçirilmişdir. Belə ki, ehtiyacı olan 3758 əlil müxtəlif texniki bərpa vasitələri ilə, 1846 əlil respublikamızın müxtəlif sanatoriya və pansionatlarında müalicələri məqsədilə göndərişlərlə təmin edilmiş, 2272 əlilə protez-ortopedik xidmət göstərilmişdir. Bu günədək 188 müharibə əlili və şəhid ailəsi mənzil və fərdi yaşayış evləri ilə təmin olunmuş, 319 müharibə əlilinə minik avtomobili verilmişdir.
Əlilliyin qarşısının alınması və əlillərin reabilitasiya tədbirlərinin həyata keçirilməsi məqsədilə 1988 məhdud fiziki imkanlının Naxçıvan Əlillərin Bərpa Mərkəzində, 1018 uşağın Uşaq Bərpa Mərkəzində, həmçinin məhdud fiziki imkanlı 133 şəxsin xarici ölkələrdə müalicəsi təşkil edilmişdir.
Hazırda muxtar respublikada 25625 sosial müdafiəyə ehtiyacı olan şəxsə müxtəlif növ sosial xidmətlər göstərilir.
Son illər görmə və eşitmə qabiliyyəti məhdud olan şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində görülən tədbirlər intensiv xarakter almışdır. Bu mənada informasiya-kommunikasiya texnologiyalarının bu sahədə rolu böyükdür. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin yaradılmasında əsas məqsəd bu kateqoriyadan olan insanlar üçün informasiya texnologiyalarının tədrisi, görmə qabiliyyəti olmayan şəxslərə informasiya texnologiyaları sahəsində bilik və bacarıqların aşılanmasıdır.
Mərkəzdə görmə və eşitmə qabiliyyəti məhdud şəxslər üçün xüsusi proqram təminatı əsasında yaradılmış audio və elektron kitabxana xidməti istifadəyə verilmişdir. Eyni zamanda eşitmə və danışma məhdudiyyəti olanların təhsil almalarının yeganə vasitəsi olan daktilo əlifbası (əl əlifba­sı) üzrə təşkil edilmiş dərslərə eşitmə qabiliyyəti məhdud olan uşaqlar cəlb edilmişlər.
Hər il sağlamlıq imkanları məhdud şəxslər arasında xüsusi istedada malik olanların fərdi qabiliyyət və bacarıqlarını inkişaf etdirmək məqsədilə bədii yaradıcılıq müsabiqələri, rəsm və əl işlərindən ibarət sərgilər təşkil edilir, sağlam həyat tərzini təmin etmək üçün bədən tərbiyəsi və idmanla məşğul olmalarına şərait yaradılır. Eyni zamanda asudə vaxtlarının mənalı təşkili, əlamətdar günlərdə görüşlərin keçirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir.
Muxtar respublikada həyata keçirilən intensiv sosial-iqtisadi pro­qramlar sağlamlıq imkanları məhdud şəxslərin sosial tələbatının ödənilməsinə, maddi rifah halının güclənməsinə, ümumilikdə, onlara göstərilən dövlət qayğısının artmasına xidmət edir.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti