Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında əməyin mühafizəsi ilə əlaqədar tədbir keçirilib. Tədbiri şuranın sədri Sucaxan Novruzov açaraq əmək təhlükəsizliyinin və sağlamlığın idarə edilməsi, istehsalatda əməyin fasiləsiz təkmilləşmə yolları haqqında danışıb. Qeyd olunub ki, bütün müəssisə, idarə və təşkilatlarda əmək və sağlamlığın mühafizəsi sahəsində qanunverici, həmçinin normativ aktlara riayət olunmalı, bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması, sağlam və təhlükəsiz əmək fəaliyyəti üçün şərait yaradılmalıdır.
Şura sədri əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübənin mütərəqqi cəhətləri əxz olunmaqla qanunvericilik bazasının təkmilləşdirilməsi və konkret əməli tədbirlərin həyata keçirilməsi baxımından Azərbaycanın regionda qabaqcıl ölkə olduğunu vurğulayıb. Bildirilib ki, bu istiqamətdə muxtar respublikamızda da lazımi tədbir həyata keçirilir.
Tədbirdə şuranın əməkdaşlarından Yusif Cəfərov, Hüseyn Quliyev, Akif Mahmudov və başqaları çıxış edərək 2011-ci il iyulun 8-də və 2012-ci il fevralın 27-də bu sahə ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilmiş müşavirələrdə qarşıya qoyulmuş vəzifələrdən, həmin vəzifələrin icrası istiqamətində görülən işlərdən danışıblar.

Xəbərlər şöbəsi