Bununla əlaqədar Naxçıvan şəhərində və muxtar respublikanın rayon mərkəzlərində tədbirlər keçirilib

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində keçirilən tədbiri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Qadir Əliyev açmışdır. Bildirmişdir ki, 26 aprel 1986-cı il tarixdə Ukrayna Respublikasındakı Çernobıl Atom Elektrik Stansiyasında texnoloji qəza nəticəsində minlərlə insan həlak olmuş və sağlamlıqlarını itirmişdir. Bu qəzanın nəticələrinin aradan qaldırılmasında muxtar respublikamızdan da 500 nəfərə yaxın gənc iştirak etmişdir. Respublikamızda bu kateqoriyadan olan insanların sosial müdafiəsi və sağlamlıqlarının mühafizəsi istiqamətində tədbirləri tənzimləyən müvafiq qanun qəbul olunmuşdur. Muxtar respublikamızda Çernobıl qəzasının nəticələrinin aradan qaldırılması zamanı sağlamlıq imkanları məhdudlaşmış şəxslərin sosial müdafiəsi, onların hüquqlarının təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu qəbildən olan insanların müalicələrinin təşkili, nəqliyyat vasitələri ilə təmin edilməsi, onlara müxtəlif sosial xidmətlərin göstərilməsi diqqət mərkəzində saxlanılır.
Naxçıvan Muxtar Respublikası Çernobıl Əlilləri Cəmiyyətinin sədri Eyvaz Əsgərov muxtar respublikamızda yaşayan çernobılçıların hərtərəfli qayğı ilə əhatə olunduqlarını vurğulamış, onlara göstərilən həssas münasibət və diqqətə görə bu qəbildən olan insanlar adından minnətdarlığını bildirmişdir.
Sonra 78 nəfər Çernobıl əlilinə ərzaq sovqatı verilmişdir.

*     *     *

Həmin gün muxtar respublikanın bütün rayonlarında belə tədbirlər keçirilmiş, Çernobıl qəzasının ləğvində iştirak edən şəxslərə – ümumilikdə, 261 nəfərə ərzaq payı təqdim olunmuşdur.

Xəbərlər şöbəsi