Həyatını və sağlamlığını, eləcə də əmlakını sığortalamaq gündəlik insan həyatının qaçılmaz tələbinə çevrilib. Gələcəkdə baş verə biləcək qəfil və gözlənilməyən hadisələrin qarşısını almaq, yaxud dəyən zərərin nəticələrini qısa müddətdə aradan qaldırmaq üçün sığortanın icbari və könüllü növləri olmaqla sığorta müqaviləsi bağlanılır. Sığorta müqaviləsi sığorta olunanla sığortaçı arasında bağlanmış sazişdir.
Ev almaq və ya tikdirmək, kommersiya, yaxud istehsal müəssisəsi, iş yeri sahibi olmaqla əmlak sahibinə çevrilmək hər birimizin arzusudur. Lakin əmlakı əldə etməklə yanaşı, onu qoruyub saxlamaq da vacib məsələlərdəndir. Həyatın hər mərhələsində bizi müxtəlif təhlükələr gözləyir. Belə ki, qəfildən meydana çıxan yanğınlar, partlayışlar, təbii fəlakətlər, elektrik və yaxud qazdan əmələ gələn təhlükələr, yol-nəqliyyat və digər hadisələr bizi illərlə alın tərimizlə qazandıqlarımızdan məhrum edə bilər. Bütün bu təhlükələrin maddi nəticələrinin aradan qaldırılmasının yeganə yolu əmlakı, həyatı və mülki məsuliyyəti sığorta etdirməkdir.

Tarixdə sığortaya bənzər ilk fəaliyyətlərə təxminən 4000 il bundan əvvəl Babildə rast gəlinir. Dövrünün məşhur ticarət mərkəzlərindən Babildə karvan sahiblərinə borc verən sərmayədarlar karvanlar qarət edildikdə və ya pulları güclə əllərindən alındıqda tacirlərin borclarını silər və bunun müqabilində tacirlər borcu geri qaytardıqları zaman öz üzərlərinə götürdükləri riskə görə borcun əsas məbləğinin müəyyən faizi miqdarında əlavə pul alırdılar. Sonralar bu cür fəaliyyətlər hökmdar Hammurapi tərəfindən qanuniləşdirildi. Tədiyyə əsaslı sığortaya ilk dəfə təxminən 1250-ci illərdə Venesiya, Pisa, Florensiya və Genuya şəhərlərində rast gəlinir. Bugünkü mənada sığortaya isə yalnız XIV əsrdə təsadüf edilir.
Sığorta istehsal münasibətlərinin ən zəruri elementlərindən biridir. O, əsasən, istehsal prosesində meydana gələn maddi itkilərin əvəzinin ödənilməsi ilə əlaqədardır. İstehsal prosesinin ən zəruri şərtlərindən biri istehsalın fasiləsizliyidir. Əgər istehsal prosesi təbiət qüvvələri və digər zərərli hadisələr nəticəsində dayanırsa, onda cəmiyyət üçün belə hallardan zərər çəkməmək məqsədilə əvvəlcədən tədbirlərin görülməsi vacibdir. Çünki istehsal riskli xarakter daşıyır. Bu risk, ilk növbədə, özünü insanlarla təbiətin dağıdıcı qüvvələri arasındakı ziddiyyətlərdə göstərir. Belə hallar da insan iradəsindən asılı olmayaraq baş verir və onların ağır nəticələrini aradan qaldırmaq məqsədilə sığorta müdafiəsindən istifadə olunur. Bu cür sığorta istehsal vasitələrinin sığortalanması və ya müdafiəsi formasında büruzə verir. Sığortalama zamanı pulun yenidən bölgüsü münasibətləri meydana çıxır ki, bu da kənar, gözlənilməz və güclü hadisələrin mövcudluğu ilə şərtlənir. Bu hadisələr nəticəsində əhaliyə və iqtisadiyyata dəymiş maddi zərəri qısa müddətdə bərpa etmək sığortanın əsas vəzifəsidir.
Sığorta zamanı sığorta iştirakçıları arasında dəymiş zərərin aradan qaldırılması həyata keçirilir. Sığorta iştirakçıları dedikdə sığorta olunanlarla sığorta edənlər başa düşülür. Sığortanın əhatə dairəsi həyatımızı əhatə edən bütün gözlənilməz hadisələr üçün nəzərdə tutulur. Sığortalama zərərin aradan qaldırılmasında ən səmərəli metoddur. Bu səmərəlilik sığortaçıların və sığorta olunan obyektlərin sayı artdıqca daha da artır. Belə hallarda hər bir sığortaçı minimum xərclərlə maksimum zərərləri aradan qaldıra bilir.
Sığorta zərərlərin vaxtında bölüşdürülməsini təmin edir. Bu zaman bir il ərzində sığorta vəsaitlərinin səmərəli ərazi bölgüsü üçün çox böyük ərazi və kifayət qədər sığorta obyektinin olması lazımdır. Zərərlərin vaxtında aradan qaldırılması fövqəladə halların təsadüfi xarakteri ilə əlaqədardır. Çünki belə fövqəladə hallar hər il baş vermir və onların baş verməsinin dəqiq vaxtı məlum deyildir.
Hər bir sığorta olunanın sığorta fonduna ayırdığı sığorta ödənişlərinin ancaq bir məqsədi var ki, o da müəyyən ərazidə və müəyyən vaxt müddətində zərərin həqiqi məbləğinin ödənilməsidir. Ona görə də sığorta ödənişlərinin məbləği dəymiş zərərin ödənilməsi formasında geri qaytarılır.
Sığorta müdafiəsinin obyektlərindən – maddi qiymətlilərdən, dəyərlilərdən, adamların həyat, sağlamlıq və əmək qabiliyyətliliyindən asılı olaraq, sığorta bir tərəfdən maddi zərərlərin ödənilməsi, digər tərəfdən isə ailə gəlirlərindəki itkilərlə əlaqədar ola bilər. Ailə gəlirlərindən itkilər xəstəliklər, əlillik, bədbəxt hadisələrdən alınan zədənin müalicəsi və ya əmək qabiliyyətinin itirilməsi nəticəsində meydana çıxır. Ona görə də sığorta müdafiəsi, ilk növbədə, cəmiyyətin hesabına sosial sığortanın təşkil edilməsi yolu ilə həyata keçirilir. Sığortanın lazımi səviyyədə həyata keçirilməsi cəmiyyətin hər bir inkişaf mərhələsində dövlətin diqqət mərkəzindədir. Sığorta zərərlərlə üzləşmiş ailələrin və ya vətəndaşların zərərinin aradan qaldırılmasını təmin edir. Bu, dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biridir.
Sığorta cəmiyyətin ictimai, iqtisadi həyatının bütün tərəflərini əhatə edir. Əsas funksiyası isə əhalinin maddi-rifah halını yüksəltmək və sahibkarlığın inkişafında zəmanətçi kimi çıxış etməkdən ibarətdir. Bütün növ sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar da sığortanı öz zəmanətçisinə çevirməlidirlər. Çünki sığorta eyni zamanda gözlənilməz və fövqəladə hadisələr zamanı əmlak mənafelərini qoruyur.
Onu da qeyd edək ki, icbari sığorta dövlət tərəfindən qanunvericilik əsasında həyata keçirilməklə cəmiyyətin maraqlarının təmin edilməsi üçün hüquqi və fiziki şəxslərin sığorta edilməsidir. Bu, müvafiq sığortalanmış qrupların müəyyən olunmuş sığorta ödənişlərinin həyata keçirilməsi deməkdir. Yəni maddi zərərlərin ödənilməsi və yaxud digər pul yardımı göstərilməsi lazım gəldikdə bu təkcə konkret zərərçəkənin marağına deyil, ictimai marağa da xidmət edir.
Sığortanın əsasını risk funksiyası təşkil edir. Belə ki, zərər həmişə meydana çıxa bilər və hətta hər il təkrar oluna bilər. Sığortanın qarşısına qoyulan məqsədlərə uyğun olaraq, sığortaçı təşkilat zərər çəkmiş təsərrüfat subyektlərinə pul yardımı göstərməlidir. Dəyərin pul formasında yenidən bölgüsü təsadüfi sığorta hadisələrinin baş verməsilə əlaqədar olaraq sığorta iştirakçıları arasında aparılır. Yenidən bölgü münasibətləri sığortanın mahiyyətini əks etdirməklə yanaşı, sığortanın risk funksiyasının həyata keçirilməsində əsas rol oynayır. Yəni sığorta ehtimal olunan itkilərin zərərsizləşdirilməsidir.
Respublikamızda sığorta fəaliyyətini normal təmin etmək üçün kifayət qədər sığortaya cəlb edilə biləcək obyektlər mövcuddur. Sığorta obyektlərinə fiziki və hüquqi şəxslərin əmlakı, məsuliyyəti, həmçinin vətəndaşların həyatı və sağlamlığı daxildir. Lakin bunun üçün, ilk növbədə, fiziki və hüquqi şəxslərin sığortaya maraq və inamının artırılması, əhalinin bu sahədə maarifləndirilməsi istiqamətində geniş tədbirlər həyata keçirilir.
Ötən illərlə müqayisədə muxtar respublika sakinlərinin sığortaya marağının artdığı müşahidə olunmaqdadır. Belə ki, insanların həyatının, əmlakının, nəqliyyat vasitələrinin sığortası üzrə bağladığı müqavilələrin sayı keçmiş illərlə müqayisədə xeyli artmışdır.
İnsan öz rahatlığını təmin etmək üçün yeni vasitələr yaratdıqca risklər daha çox artır. Ona görə də sığortanın həyatımızdakı rolunu unutmamalı, baş verəcək risklərə qarşı sığorta olunmalıyıq.

Səbuhi HÜSEYNOV