Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə məhdud fiziki imkanlı altı nəfər muxtar respublika sakini Ukrayna Respublikasının Saki şəhərindəki N.Burdenko adına onurğa-beyin xəstəlikləri sanatoriyasında müalicə almaq üçün yola salınıb. Adıçəkilən sanatoriyada onlar 28 günlük fizioterapevtik müalicə kursu keçəcəklər.
Saki şəhərinə yola salınan Ordubad rayon Vənənd kənd sakini Həsən Mahmudzadə bildirdi ki, o, bu müalicə kursundan yaxşı nəticələr gözləyir. Çünki göndərildiyi sanatoriya MDB məkanında tanınan müalicə ocaqlarındandır. Sanatoriyaya getmək üçün onun bütün ehtiyacları ödənilib, qayğısına qalınıb.
Şərur rayonunun Düdəngə kəndindən olan Seymur Məmmədov isə artıq dördüncü dəfədir ki, bu müalicə ocağına yollanır. Onun dediklərindən: Dövlətimizin biz məhdud fiziki imkanlı şəxslərə göstərdiyi diqqət və qayğını hər an öz üzərimizdə hiss edirik. Elə bu müalicə ocağına yollanmağımız da göstərilən qayğının bariz ifadəsidir. Bizim müalicə almağımız üçün bu qədər qayğı göstərənlərə minnətdar­lığımı bildirirəm.

Sədərək rayonunun Sədərək kəndindən olan Zivər Mehdiyeva isə bu sanatoriyanın yolunu birinci dəfədir ki, tutur. Deyir ki, sağlamlıq imkanları məhdud olan bir şəxs kimi dövlətimizin onlar üçün ayırdığı imtiyazlardan xeyli razıdır və bu imtiyazlardan lazımınca istifadə edir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Ukraynaya müalicəyə göndərilməsi ürəyincə olub. 
Qeyd edək ki, muxtar respublikamızda məhdud fiziki imkanlı vətəndaşlarımızın hüquqlarının təmin olunması, sağlamlıqlarının bərpası, tibbi-sosial reabilitasiyalarının təşkil olunması həyata keçirilən sosial siyasətin əsas istiqamətləridir. Bu tədbirlərin nəticəsində məhdud fiziki imkanlı insanların cəmiyyətimizin bütün sahələrində fəal iştiraklarına imkanlar yaradılır, eyni zamanda onların asudə vaxtının mənalı təşkili, istedadlı əlillərin maddi və mənəvi dəstəklənməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu kateqoriyadan olan şəxslərin xarici ölkələrdə müalicəsi də daim diqqət mərkəzində saxlanılır. Bu günədək 127 məhdud fiziki imkanlı şəxsin xarici ölkələr­də müalicəyə göndərilməsi təmin edilib.

Xəbərlər şöbəsi