Dünən Naxçıvan Şəhər Məşğulluq Mərkəzi tərəfindən keçirilən əmək yarmarkasına 52 müəssisədən 578 boş iş yeri çıxarılmışdı.
Tədbirdə mərkəzin direktoru Əli Məmmədov çıxış edərək qeyd edib ki, işaxtaran vətəndaşların, xüsusilə gənclərin sosial müdafiəsinin, onların münasib işlə təminatının gücləndirilməsi istiqamətində ardıcıl olaraq həyata keçirilən mühüm tədbirlərdən biri də əmək yarmarkalarıdır.
Bildirilib ki, Naxçıvan şəhərində fəaliyyət göstərən Məşğulluq Mərkəzi işaxtaranların münasib işlə təmin olunmasında mühüm rol oynayır. İşəgötürənlərdən boş iş yerləri haqqında məlumatlar toplanılır, həmin məlumatlar əmək yarmarkalarında işaxtaranlara təqdim edilir. Bu proses, əsasən, əmək yarmarkalarının keçirilməsi yolu ilə reallaşdırılır.
İşaxtaran vətəndaş Mehriban Tahirova belə tədbirlərin təşkilinə görə minnətdarlığını bildirib.
Yarmarkada Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov çıxış edərək əhalinin məşğulluğunun təmin olunması istiqamətində görülən işlərdən danışıb.
Əmək yarmarkasında 72 nəfərə işə göndəriş verilib.

Kərəm HƏSƏNOV