Dünən Şahbuz rayonunda əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə əmək yarmarkası keçirilib. Bu aktiv məşğulluq tədbirində işaxtaranlara dövlət və özəl sektorlardan olmaqla, 148 vakant yer təqdim edilib.
Yarmarka başlanmazdan öncə rayon İcra Hakimiyyətinin nümayəndəsi Xəqani Həsənov, Məşğulluq Mərkəzinin direktoru Fəxrəddin Bağırov çıxış edərək muxtar respublikada, eləcə də Şahbuz rayonunda əhalinin məşğulluğu istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, təşkil edilən əmək yarmarkalarının əhəmiyyətindən bəhs ediblər.
İşaxtaran Fəridə Məmmədova belə tədbirlərin təşkilində əməyi olanlara minnətdarlığını bildirib, münasib işlə təmin olunmaq istəyən hər bir gəncin bu tədbirlərdə iştirakının vacibliyini qeyd edib.
Sonra yarmarkaya gələnlər onlara təqdim edilən iş yerləri ilə tanış olublar. Yarmarkada 39 nəfərə göndəriş verilib, 2 nəfər peşə hazırlığı kursuna cəlb edilib.

Xəbərlər şöbəsi