Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2007-ci ildən başlayaraq Avropa regionunda immunlaşdırma həftəsi keçirilir. Bu tədbirin cari ildə də yüksək səviyyədə təşkili məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən müvafiq tədbirlər planı hazırlanıb və may ayının 10-dan muxtar respublikanın bütün şəhər və rayonlarında 0-6 yaş arasındakı uşaqların immunlaşdırma həftəsinə start verilib.
Hər hansı səbəblərə görə profilaktik peyvənd təqviminə müvafiq immunlaşdırmadan kənarda qalan uşaqlar həftə ərzində peyvəndlərə cəlb olunacaqlar. Bu məqsədlə əvvəlcədən hər hansı səbəbdən peyvənddən yayınmış uşaqların siyahıları tərtib edilib. İmmunlaşdırma həftəsinin mütəşəkkil və yüksək səviyyədə həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi, həmçinin rayon (şəhər) Gigiyena və Epidemiologiya mərkəzləri soyuq zəncir sisteminə əməl edilməklə profilaktik peyvənd materialları ilə təmin olunublar. Məqsəd muxtar respublika ərazisində yaşayan və qeydiyyatda dayanan uşaqların profilaktik peyvənd edilməsi və bununla bərabər həmin uşaqların mövcud infeksion xəstə­liklərdən qorunmasıdır. Hazırda bu iş peyvənd təqviminə uyğun davam etdirilir.
Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında xüsusi həkim və tibb bacıları əhali arasında peyvəndlər, onların əhəmiyyəti, vaksinasiyanın vaxtında aparılması barədə səhiyyə maarifi işi aparır, onları immunlaşdırmadan kənarda qalmanın yaradacağı fəsadlar barədə məlumatlandırırlar.
Unutmaq olmaz ki, muxtar respublika ərazisində yaşayan hər bir uşağın peyvənd olunması onun konstitusiya hüququdur. Onları bu hüquqdan heç kəs məhrum edə bilməz. İmmunlaşdırma həftəsinin aparılması tək tibb işçilərinin yox, bütün əhalinin, cəmiyyətin hər bir üzvünün işidir.
İmmunlaşdırma həftəsi mayın 17-də başa çatacaq və Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin yekun nəticələri Səhiyyə Nazirliyində təhlil ediləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti