Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Bakı şəhərində fəaliyyət göstərən “Bioloji təbabət” klinikası, Bioloji Təbabət və Antihomotoksik Terapiya Cəmiyyətinin təşkilatçılığı ilə Şərur Rayon Mərkəzi Xəstəxanasında “Bioloji təbabətin aktual problemləri” mövzusunda elmi-praktik seminar keçirilib. 

Şərur, Kəngərli və Sədərək rayonları mərkəzi xəstəxanalarının həkimlərinin iştirak etdikləri tədbiri Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçi-pediatrı, Azərbaycan Respublikasının Əməkdar həkimi İbrahim Ağayev açaraq bildirib ki, səhiyyə sisteminin günün tələblərinə uyğunlaşdırılması, müasir tibb infrastrukturunun yaradılması muxtar respublikada həyata keçirilən sosial islahatların tərkib hissəsidir. Bunun nəticəsidir ki, istər Naxçıvan şəhərində, istərsə də ən ucqar dağ kəndlərində əhaliyə nümunəvi tibbi xidmət göstərilməsi təmin olunub. Tibb müəssisələri üçün yeni binalar tikilir, səhiyyə ocaqları müasir tibbi avadanlıqlarla təchiz edilir. Həmçinin həkimlərin peşə vərdişlərinin artırılması məqsədilə seminar və konfransların keçirilməsi diqqət mərkəzində saxlanılır. Bu gün keçirilən növbəti seminar da həmin tədbirlərin davamıdır.
Bioloji Təbabət və Antihomotoksik Terapiya Cəmiyyətinin prezidenti, tibb üzrə elmlər doktoru, professor Fikriyyə İbrahimova çıxış edərək müasir səhiyyə sistemində bioloji təbabətin getdikcə artan rolundan danışıb. Bildirib ki, 2009-cu ildən fəaliyyət göstərən “Bioloji təbabət” klinikası ölkəmizdə bioloji üsullarla müalicənin tətbiqini qarşısına məqsəd qoyub. Bioloji təbabət orqanizmin özünüidarə və müdafiə sistemlərinin pozulmuş funksiyalarını bərpa edən, baş verən həmin xəstəliklərin səbəblərinin aradan qaldırılmasına yönəldilən müasir müalicə metodudur. Bu müalicədə yalnız təbii tərkibli dərman preparatlarından istifadə olunur, müalicə zamanı digər orqan və sistemlər zədələnmir.
Tədbirdə slaydlar nümayiş olunub, dinləyicilərin sualları cavablandırılıb, onlara bukletlər paylanıb.
Elmi-praktik seminar digər rayonlarda da keçiriləcək.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti