Son illər uşaqların, xüsusən məktəbyaşlı uşaqların sağlamlığının qorunmasına, onların müayinə və müalicəsinə, dispanserizasiyasının təşkilinə xüsusi diqqət yetirilir.

Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, hər il yaz və payız mövsümlərində tam orta məktəblərin şagirdləri arasında profilaktika xarakteri daşıyan dərin tibbi yoxlamalar aparılır. Bu il payız mövsümünün kütləvi profilaktik müayinələri muxtar respublikanın bütün təhsil müəssisələrini əhatə etmiş, 4 min 73 uşaq göz, stomatoloji, nevroloji, cərrahi, dəri-zöhrəvi və digər xəstəliklərin ilkin əlamətlərinə görə əlavə və təkrar yoxlanmalar üçün xəstəxanaya – stasionara dəvət olunmuşdur.

Naxçıvan şəhərinin 20 tam orta məktəbində 10 min 541 şagird tibbi yoxlamadan keçirilib ki, bu da şəhər məktəblilərinin 97 faizini təşkil edir. 1008 oftalmoloji, 491 LOR, 213 nevroloji, 155 cərrahi, 55 dermatoveneroloji, 201 endokrinoloji, 181 pediatrik xəstəliyə meyilli uşaqların dispanser qeydiyyatına götürü­lərək daha yüksəkixtisaslı mütəxəssis həkimlər (ftiziatr, kardioloq, nevropatoloq, dermatoloq, uroloq və sair) tərəfindən konsultasiyası, zəruri hallarda isə stasionar müalicəsi təşkil edilmişdir.
Şagirdlər arasında payız mövsümünün dərin tibbi yoxlamalarına bu il oktyabrın 12-dən start verilmişdir. Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası tərəfindən şəhər məktəblərində müayinənin təşkili üçün əvvəlcədən cədvəllər tərtib olunmuş, məktəblərdə işləyən həkim və tibb bacıları xəstəxananın poliklinika şöbəsinə dəvət edilərək dispanserizasiya haqqında təlimatlandırılmışlar.
Hazırda şagirdlər əvvəlcədən məktəb həkimi tərəfindən müayinələrdən keçərək qruplaşdırılır, sonra isə LOR, cərrah-travmatoloq, oftalmoloq, endokrinoloq, nevropatoloq, stomatoloq və digər ixtisaslı həkimlər tərəfindən yoxlanılır. Xəstəlik aşkar edilən uşaqlar dispanser qeydiyyatına götürülərək göstəriş əsasında stasionar müalicəyə göndərilirlər. Artıq Naxçıvan şəhərində yerləşən məktəblərin 12-də 6 min 570 uşaq müayinələrə cəlb olunmuşdur. Digər məktəblərdə də müayinələr davam etdirilir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti