Müasir səhiyyədə epidemiyalara qarşı ən qabaqlayıcı tədbirlərdən biri peyvənddir. Peyvəndlə bir sıra qorxunc xəstəliklərin qarşısı alınıb. Artıq bu gün ölkədə poliomielit, difteriya xəstəlikləri yoxdur. Dünyada ən çox peyvənd 13 xəstəliyi əhatə edir. Xatırladılmalıdır ki, sovet dönəmində ölkəmizdə cəmi 5 xəstəliyə qarşı peyvənd vurulurdu. İndi isə 11 xəstəlik üzrə immunlaşdırma tədbirləri həyata keçirilir.

 

Muxtar respublikanın poliomi­elitdən azad statusunun saxlanılması, digər ölkələrdən gətirilmə polivirusların vaxtında aşkar edilməsi və əks-epidemik tədbirlərin həyata keçirilməsi üçün ciddi epidemioloji nəzarətin təmin olunması diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi hər hansı səbəblərə görə poliomielitə qarşı peyvənd almayan uşaqların OPV vaksini ilə immunlaşdırma işinin dərhal həyata keçirilməsi üçün xüsusi tədbirlər planı hazırlamış və muxtar respublikanın bütün ərazilərində 0-5 yaşadək uşaqlar arasında cari ilin oktyabr-noyabr aylarında 2 turdan ibarət əlavə immunlaşdırma tədbirlərinə başlanılmışdır.
İlk tura Naxçıvan şəhərində yerləşən uşaq bağçalarından start verilmişdir. 11 uşaq bağçasında 2 min 400-ə yaxın uşaq arasında bu tədbiri keçirmək üçün sertifikatı olan həkim və tibb bacılarından ibarət briqada təşkil olunmuşdur. Artıq Naxçıvan şəhərindəki 3, 4, 5, 6 nömrəli bağçalarda 800-ə yaxın uşaq poliomielitə qarşı vaksinasiya almışdır.
Qarşıdakı iki gün ərzində digər uşaq bağçalarında da immunlaşdırma tədbirləri aparılmaqla ilk tura yekun vurulacaq. Əlavə olaraq bir aydan sonra ikinci tur keçiriləcək. Məqsəd 0-5 yaşadək uşaqlar arasında baş verən onurğa beyni iflici – “uşaq süst iflici”nin qarşısını almaqdır.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti