Havalar sərinləyir, ağaclar yarpaqlarını yavaş-yavaş tökməyə başlayır, hər gün yamyaşıl gördüyümüz bağ-bağçalar artıq yerini saralmış otlara, qurumuş çiçəklərə verir. Bir sözlə, qızıl payız gəlişini hiss etdirir. Bu fəsildə insan orqanizmində bir sıra dəyişikliklər baş verir. Xüsusilə uşaqlarda xroniki xəstəliklər özünü daha qabarıq göstərir.
Bəs övladlarımızı fəsil dəyişikliyi ilə gələn xəstəliklərdən necə qorumalıyıq? Bu haqda ətraflı məlumat əldə etmək üçün Babək rayonundakı Nehrəm Kənd Sahə Xəstəxanasının baş həkimi Hüseyn Niftəliyevlə həmsöhbət olduq.
“Payız fəslində havanın dəyişkən olması insanlarda temperatura uyğunlaşmanı çətinləşdirdiyi üçün bir sıra xəstəliklər meydana gəlir. Bu xəstəliklərin ən çox yayılanı qripdir. Eyni zamanda yay mövsümünün quraqlıq keçməsi mədə-bağırsaq, bronxit, bronxial-astma kimi xəstəliklərin kəskinləşməsinə zəmin yaradır”, – deyən Hüseyn həkim bildirdi ki, uşaqlarda immunitet zəifləməsi, ilk növbədə, onların mövsümlə bağlı yayılan viruslara tez yoluxmasına səbəb olur. Ona görə də valideynlər uşaqlarda immun sistemini gücləndirən qidalara üstünlük verməlidirlər. Təcrübə göstərir ki, immuniteti güclü olan uşaqlar qışda az xəstələnir, hətta müxtəlif qrip viruslarının yayıldığı məkanda belə, orqanizmləri həmin virusu yaxın buraxmır. İmmunitetin zəifləməsi uşaqların təkcə hava ilə yayılan viruslara yoluxmasına yox, onlarda boydan geriqalma hallarına, iştah zəifliyi, qanazlığı və sair xəstə­liklərə də səbəb olur.

“Südverən analar yoluxucu xəstəliklərdən uzaq dayanmalıdırlar”, – deyən pediatr bu cür xəstəliklərə yoluxan anaların körpələrinə süd verən zaman qoruyucu maskalar taxmasını körpənin təhlükəsizliyi üçün daha məqsədəuyğun sayır.
Havanın temperaturunun aşağı düşməsi nəticəsində tez-tez qrip və digər respirator xəstəliklərə məruz qalan uşaqlara həkim tərəfindən immun sistemini gücləndirən dərman preparatları təyin edilsə də, pediatrlar uşaqların vitamini həb şəklində qəbul etməsini, uşağın immunitetinin dərman vasitələri ilə gücləndirilməsini məsləhət görmürlər.
Hüseyn həkim onu da diqqətə çatdırdı ki, uşaqlarda immun sisteminin təbii vasitələrlə gücləndirilməsinə nail olmaq lazımdır. Bəzi vitaminlərin çatışmazlığı azyaşlılarda immun sisteminin aşağı düşməsinə, hətta müəyyən xəstəliklərə gətirib çıxarır. Orqanizmdə immun sistemini qüvvətləndirən vitaminlərdən birincisi C vitaminidir. C vitamini soyuqdəymə ilə əlaqədar olan xəstəliklərə qarşı mübarizədə orqanizmə xeyli kömək edir. Bu vitaminin qəbul edilməsi orqanizmin sağalmasına kömək edir, respirator xəstəliyin daha ağır formalara keçməsinin qarşısını alır. C vitamini ilə zəngin əsas qidalar sitrus meyvələri, həmərsin, kələm, pomidor, qırmızı istiotdur. Bununla yanaşı, qanazlığı da uşaqlarda immun sisteminin zəifləməsinə gətirib çıxarır. Uşaqda qanazlığı yarandıqda onun qidasında süd, yumurta, mal əti, qaraciyərə daha çox yer ayırmaq lazımdır. Bütün bunlara əməl etsək, onda qış mövsümündə bu cür yoluxmalar minimuma endirilmiş olar.
“Bəzən valideynlər müəyyən səbəblərdən uşaqlarının xəstəliyinə ev şəraitində müalicə axtarırlar”, – deyən müsahibim bildirdi ki, bu cür məsuliyyətsiz yanaşma bəzən pnevmoniya kimi ciddi fəsadlara səbəb ola bilər. Onun sözlərinə görə, hər hansı bir xəstəlik müşahidə olunduqda mütləq həkimə müraciət etmək lazımdır. Eləcə də həkim məsləhəti olmadan dərmanların qəbulu qəti şəkildə təhlükəlidir.

 Arzu Abdullayev