Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin həkim infeksionisti Süleyman Cabbarovun “Müxtəlif etiologiyalı zəhərlənmələr” adlı yeni kitabı “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində işıq üzü görmüşdür. Bu metodik məsləhət uzun illərin təcrübəsinə əsasən, zəhərlənmələr zamanı orqanizmdə baş verən patoloji dəyişikliklər, əlamətlər, xəstəliklərin gedişi, müalicə prinsipləri və profilaktikası haqqında məlumat verilməsi və təcrübədə tətbiq olunması üçün hazırlanmışdır.
Metodik tövsiyələrin giriş hissəsində bildirilir ki, zəhərlənmələr geniş məfhum olmaqla, təkcə ərzaq məhsulları ilə deyil, digər yollarla da səhvən və ya bilərəkdən hər hansı bir zəhərli maddənin mədəyə, tənəffüs yollarına, dəriyə, selikli qişalarla orqanizmə daxil olması ilə baş verir. Zəhərin xarakterindən, daxilolma konsentrasiyasından, təsir mexanizmindən və digər amillərdən asılı olaraq yüngül, orta ağır, ağır və ölüm təhlükəsi olan çox ağır zəhərlənmələrə rast gəlinir.
Bakteriya, qeyri-bakteriya mənşəli qida zəhərlənmələri, kimyəvi birləşmələrlə zəhərlənmələr, səbəbi müəyyən edilməmiş qida zəhərlənmələri qəflətən meydana çıxır. Qida toksikoinfeksiyalarının, eləcə də digər mənşəli zəhərlənmələrin orqanizmin həmin zəhərə və ya infeksiyaya cavab reaksiyasından, orqanizmin immun statusundan və yaşdan asılı olaraq gedişləri fərqli ola bilər. İmmun statusu zəif olanlar, uşaqlar və ahılyaşlı adamlar bu proseslərə daha həssas olur və zəhərlənmələri daha ağır keçirirlər. Onlarda zəhərlənmə əlamətləri daha tez meydana çıxır və nisbətən ağır nəticələr baş verir. Metodik tövsiyələrin yazılmasında məqsəd profilindən asılı olmayaraq, xəstəyə vaxtında və adekvat tibbi yardım göstərilməsinə nail olmaq imkanı əldə edilməsindən ibarətdir. Tövsiyələr tibb müəssisələrinin müvafiq şöbələrində işləyənlər, eləcə də oxucular üçün faydalı bir vəsaitdir.
Tibb üzrə fəlsəfə doktorları M.İbrahimov və A.Mirişli tərəfindən rəy verilmiş kitabda 12 elmi ədəbiyyatdan istifadə olunmuşdur. Xatırladaq ki, bu, müəllifin son iki ildə oxuculara təqdim etdiyi dördüncü kitabdır.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti