Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində keçirilən kollegiya iclasında digər məsələlərlə yanaşı, 2015-2016-cı ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran məsələlər müzakirə edilmişdir.
Səhiyyə naziri Niyazi Novruzov bildirmişdir ki, avqustun 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2015-2016-cı ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə aid nazirliklər və təşkilatlara tapşırıqlar verilmişdir. Verilən tapşırıqlarla əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində tədbirlər planı hazırlanmış, əhaliyə keyfiyyətli tibbi xıdmət göstərilməsi üçün səhiyyə müəssisələrinin yanacaq və dərman preparatları ilə təmin olunması xüsusi nəzarətə götürülmüşdür.
Kollegiya iclasında nazirliyin maliyyə-iqtisadiyyat sektorunun müdiri Fatma Zeynalovanın məruzəsi dinlənilmiş, rayon mərkəzi xəstəxanalarının, dispanserlərin baş həkimləri çıxış etmişlər. Qeyd olunmuşdur ki, 2015-2016-cı ilin payız-qış mövsümündə səhiyyə müəssisələrinin ahəngdar işini təmin etmək məqsədilə görüləcək işlər, onların icrası üçün dəqiq müddət və cavabdeh olan şəxslər müəyyənləşdirilmiş, qazanxanaların saz və təhlükəsiz işləməsi üçün cavabdeh şəxslər təyin edilmişdir.
Tədbirlər planına uyğun olaraq, Səhiyyə Nazirliyinə tabe olan tibb müəssisələrinin qazanxanalarında istilik sisteminin vəziyyəti yoxlanılmış, sistemdə olan nasazlıqların aradan qaldırılmasına başlanılmışdır. Müəyyənləşdirilmişdir ki, cari qış mövsümündə 64 tibb müəssisəsi fərdi istilik sistemi ilə, 88 müəssisə mərkəzi istilik sistemi ilə, 50 müəssisə neft sobası, 15 müəssisə isə təbii qazla, Naxçıvan şəhərində yerləşən tibb müəssisələrindən 2 müəssisə təbii qazla, digər müəssisələr isə fərdi istilik sistemi ilə qızdırılacaqdır.
Tədbirlər planına uyğun olaraq, xəstəxanalarda elektrik xətlərinin, qaz, su təchizatı, kanalizasiya sistemlərinin, səhiyyə müəssisələrini fasiləsiz elektrik enerjisi ilə təmin edən transformatorların, fərdi istilik sistemi ilə qızdırılan səhiyyə müəssisələrində qızdırıcıların vəziyyəti yerindəcə yoxlanılaraq nasazlıqların aradan qaldırılmasına başlanılmışdır.
Xəstəxana binalarının və həkim ambulatoriyalarının dam örtüklərinin vəziyyəti yoxlanılmış, yararsız şiferlərin sayı müəyyənləşdirilmiş, yenilərinin alınması üçün sifarişlər verilmiş, ehtiyac olan qədər pəncərə şüşəsi və polietilen alınması nəzərdə tutulmuşdur. Tibb müəssisələrində olan təcili yardım maşınları texniki baxışdan keçirilmiş, təmirə ehtiyacı olan maşınların təmirinə başlanılmışdır.
Kollegiya iclasında ucqar dağ kəndlərində həkim ambulatoriyaları və feldşer-mama məntəqələrinin qışa hazırlıqla əlaqədar dərman təchizatının yaxşılaşdırılması, şəhər və rayon mərkəzlərində, o cümlədən qəsəbə və kəndlərdə əhaliyə keyfiyyətli xidmət göstərmək üçün alınacaq mal-materialların bölgü əsasında tibb müəssisələrinə paylanması üçün konkret vəzifələr müəyyənləşdirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti