Muxtar respublikada 40-45 yaşlı əhalinin kütləvi dispanserizasiyası davam etdirilir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tədbirlər planına uyğun olaraq, bu işə aprel ayının əvvəllərindən start verilmiş, son beş ay ərzində 17 min 511 nəfər profilaktik tibbi müayinədən keçirilmiş, 1647 nəfər dispanser qeydiyyatına alınmışdır. Təkcə avqust ayında isə 4 min 209 müayinə aparılmış, 387 nəfər müxtəlif xəstəliklərə görə dispanser qeydiyyatına götürülmüşdür.
Məlum olduğu kimi, dispanserizasiya əhalinin sağlamlıq vəziyyətinin qorunmasında səmərəli bir üsul olaraq hazırda bütün dünyada tətbiq edilir. Profilaktik tədbirlər düzgün həyata keçirildikdə xəstəliklərin vaxtında aşkar olunması, sağalması asanlaşır, ağırlaşmaların qarşısı alınır, insanların əmək qabiliyyətləri qorunub saxlanılır, əlillik azalır. Bu məqsədlə 2013-cü ildə muxtar respublikada 20-25 yaşlıların kütləvi profilaktik müayinəsi həyata keçirilmişdir. Cari ildə 40 yaşlıların dispanserizasiyası həmin tədbirin davamı kimi aparılır. Çünki son illər 40-45 yaşlı insanlarda ürəyin işemik xəstəlikləri, hipertoniya, şəkərli diabet, onkoloji və digər xəstəliklərin yaranma riski artdığından onlar arasında profilaktik müayinə tədbirlərinin aparılması xüsusi əhəmiyyət kəsb edir.

40-45 yaşlıların dispanserizasiyası məqsədilə iyul ayında 8 ədəd xolesterin ölçmə cihazı 8 min ədəd striptlə (ekspres müayinə vasitəsi) birgə alınaraq Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasına və rayon mərkəzi xəstəxanalarına paylanmış, istifadə qaydası öyrədilmişdir. Artıq ötən iki ay ərzində 1767 nəfər xolesterin müayinəsinə cəlb edilmişdir.
Hazırda 40-45 yaşlı əhalinin kütləvi profilaktik tibbi müayinəsi Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında və rayon mərkəzi xəstəxanalarında tərtib edilmiş iş qrafiki əsasında aparılır. Kütləvi profilaktik tibbi müayinələr terapevt, cərrah, ginekoloq, stomatoloq, oftalmoloqlar tərəfindən həyata keçirilir. Ehtiyac olan hallarda xəstə­lərə yüksəkixtisaslı həkimlərin, o cümlədən nevropatoloq, psixiatr, endokrinoloq, uroloq, ftiziatr, kardioloq və başqalarının konsultasiyası və laborator-diaqnostik müayinələri təşkil edilir. Xəstəliyə şübhəli bilinənlər dərin yoxlamalar üçün qeydiyyata alınır, onların müalicə-profilaktika tədbirləri müəyyənləşdirilir, müalicəyə ehtiyacı olan xəstələrin stasionar müalicəsinə göstəriş verilir.
Dispanserizasiya tədbirləri ilin sonunadək başa catdırılacaq və müayinələrin nəticələri Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində təhlil ediləcəkdir. 

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti