Son illər səhiyyə infrastrukturunun yeniləşdirilməsi istiqamətində görülən işlər çoxprofilli həkim briqadalarının fəaliyyətinə ciddi stimul vermiş, əhalinin hər bir təbəqəsinin keyfiyyətli tibbi xidmətlə əhatə olunmasına şərait yaratmışdır.
Hazırda aran zonaları ilə yanaşı, ucqar dağlıq və sərhəd kəndlərində yaşayan əhalinin də maddi və mənəvi çətinliklər çəkmədən yerindəcə kütləvi şəkildə profilaktik tibbi müayinələrlə əhatə olunması, adamların vaxtında müalicəyə cəlb edilməsi səhiyyə sistemi qarşısında duran mühüm vəzifələrdən biridir.
Bu vəzifələri yerinə yetirmək üçün həkim briqadaları ötən avqust ayında da səmərəli fəaliyyət göstərmişlər. Onların yerlərə gedişi qrafik əsasında tənzimlənmiş, müayinələrin kütləviliyinə nail olunmuşdur. Müayinələr isə son illərin quruculuq ünvanlarında – müasirtipli xəstəxanalarda, həkim ambulatoriyalarında, feldşer-mama məntəqələrində aparılmışdır.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin, Mərkəzi Uşaq Xəstəxanasının həkim briqadaları Şərur rayonunun Şahbulaq, Ordubad rayonunun Xanağa kəndlərində olmuş, əhalinin müxtəlif təbəqələrini tibbi müayinədən keçirmişlər. Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim briqadası isə Sədərək Rayon Mərkəzi Xəstəxanasında 7 laboratoriya, 2 ultrasəs, 27 ginekoloji, 6 pediatrik müayinələr aparmış, həmçinin Naxçıvan şəhərindəki 11 nömrəli Uşaq bağçasında işləyən 29 qadın işçinin ultrasəs müayinəsinə nail olmuşdur.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının yüksəkixtisaslı həkim briqadası Püsyan kəndində 63 nəfəri tibbi müayinələrlə əhatə etmiş, 14 elektrokardioqrafiya müayinəsi, 30 nəfərdə qanın ümumi analizini aparmışdır.
Şahbuz rayonunun Kükü kəndində Naxçıvan Muxtar Respublika Xəstəxanası tərəfindən 15, Kardioloji Mərkəz tərəfindən isə 24 nəfər müayinə olunmuş, 5 nəfər dispanser qeydiyyatına alınmışdır.
Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin briqadası Babək rayonunun Nehrəm kəndində dispanser qeydiyyatında olan xəstələrin sayını dəqiqləşdirmişdir.
Ay ərzində Şərur Rayon Mərkəzi Xəstəxanası tərəfindən Axəməd kəndi və Sədərək rayonunda 159, Babək Rayon Mərkəzi Xəstəxanası tərəfindən Kültəpə kəndində 66, Kəngərli Rayon Mərkəzi Xəstəxanası tərəfindən isə Böyükdüz kəndində 23 nəfər tibbi müayinələrdən keçirilmiş, laborator müayinələr aparılmışdır.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin cari il üçün iş planına uyğun olaraq, həkim briqadaları yay mövsümünü yaylaqlarda keçirən heyvandarlara, onların ailələrinə göstərilən səhiyyə xidmətini də diqqət mərkəzində saxlamışlar.
Ordubad Rayon Mərkəzi Xəstəxanasının çoxprofilli həkim briqadası “Tüklü çəmən” və “Keçi qalası” obalarında məskunlaşan 25 nəfər heyvandarı və onların ailələrini, Culfa Rayon Mərkəzi Xəstəxanası Ləkətağ kəndi ərazisində yerləşən “Dəmirli” yaylağında 3 çoban ailəsinin 11 üzvünü, Şahbuz Rayon Mərkəzi Xəstəxanası Nursu, Keçili və Gömür kənd obalarında heyvandarları və onların ailə üzvlərini profilaktik tibbi müayinələrə cəlb etmiş, pediatrik, kardioloji, cərrahi, stomatoloji müayinələr aparmış, sarğı materialları, ağrıkəsicilər, antibiotiklər və digər ilkin tibbi yardım üçün dərmanlar paylanmışdır.
Gigiyena və epidemiologiya mərkəzləri tərəfindən obalarda dezinfeksiya, dezinseksiya tədbirləri həyata keçirilmişdir.
Mövsümi xəstəliklərin qarşısının alınması məqsədilə sanitariya maarifi işi aparılmış, günvurma, ilançalma, həşəratsancma zamanı ilkin tibbi yardım barədə məlumat verilmişdir.
Aşkar olunan ilkin xəstələrin müvafiq səhiyyə müəssisələrində dərin tibbi müayinələrə cəlb edilməsi məsləhət görülmüş, onlara ambulator kartlar açılmış, kəndlər üzrə dispanser qeydiyyatında duran xroniki xəstələrin sayı dəqiqləşdirilmişdir.
Kənd səhiyyə müəssisələrində peyvəndlərin icra vəziyyəti, ambulator qəbul, evə çağırış, ailə, dispanser xəstələrin, hamilələrin və peyvəndlərin qeydiyyatı jurnalları yoxlanılmış, çatışmazlıqların aradan qaldırılması üçün lazımi tapşırıqlar verilmişdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti