Son 20 ildə Şərur rayonunda da bu sahədə mühüm tədbirlər həyata keçirilib

Bəşər övladı var olandan bəri daim sağlam yaşamağın yollarını axtarıb, bu sahədə müxtəlif biliklərin əldə edilməsinə nail olub. Zaman keçdikcə bu biliklər tibbin inkişafına açar olub və indiki səhiyyənin formalaşmasına zəmin yaradıb. Həkimin gördüyü işin ən çətin və şərəfli bir iş olduğunu vurğulayan ümummilli lider Heydər Əliyev deyirdi: “Həkimlik sənəti dövri qədimdən şərəfli və hörmətli sənət olmuşdur. Həkimlik sənəti indi də ən şərəfli, ən hörmətli sənətlərdən biridir. Mən hesab edirəm ki, dünyada heç bir sənət tapa bilməzsən ki, həkimlik kimi hər bir insana lazım olsun. Yer kürəsində insanların hərəsi öz fəaliyyətini bir sahədə göstərir. Hər bir sahə lazımdır. Amma özünü həkim sənətinə, insanların sağlamlığına, səhhətinə həsr edənlər ən qiymətli insanlardır”.

Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə səhiyyənin inkişafını daim diqqətdə saxlayıb, bu sahədə misilsiz xidmətlər göstərib. Məhz həmin dövrlərdə Azərbaycanda, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında yeni səhiyyə müəssisələri tikilib, kurort və müalicəxanalar yaradılıb. Ancaq ötən əsrin sonlarında ölkəmizin ictimai-siyasi həyatında baş verən neqativ proseslər səhiyyəmizə də təsirsiz ötüşməyib. Xüsusilə Naxçıvan Muxtar Respublikasının blokada vəziyyətinə salınması digər sahələr kimi, səhiyyənin də inkişafına mənfi təsir göstərib. Ancaq bütün bu çətinliklərə baxmayaraq, səhiyyə işçiləri düşmənlə bir addımlıqda yerləşən Naxçıvanda öz vəzifələrinin öhdəsindən uğurla gəliblər. Bu gün haqqında söhbət açacağımız Şərur səhiyyəsi də həmin çətin dövrlərdən alnıaçıq çıxaraq özünün hərtərəfli inkişaf dövrünü yaşayır.

Ən yaxın tarixdən bizə məlumdur ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Naxçıvandakı gərgin ictimai-siyasi vəziyyət muxtar respublikanın ən böyük rayonlarından biri olan Şərur rayonunda da özünü göstərmiş, nəticədə, bir çox sahələr iflic vəziyyətinə düşmüşdü. Həmin dövrdə mövcud şərtlər daxilində fəaliyyətini davam etdirən səhiyyə müəssisələrindən biri də Şərur Rayon Mərkəzi Xəstəxanası olub. Bu xəstəxana 1992-ci ildən başlayaraq Sədərək və Şərur rayonlarının sərhəd məntəqələrinə ermənilərin hücumu zamanı yaralananlara tibbi xidmət göstərilməsində mühüm rol oynayıb. Həmin dövrdə hərbi hospital tam fəaliyyətsiz olduğundan rayondakı mərkəzi xəstəxanada cərrahi profilli şöbələr boşaldılıb, müəssisə tibbi sanitar batalyon funksiyasını yerinə yetirmək üçün hazırlanıb. Burada yaralılara ixtisaslı yardım göstərilməsi işi təşkil edilib. Şərurlu həkimlər bu tibb ocağında maddi-texniki bazanın olmadığı, dərman və müxtəlif tibbi ləvazimatların çatışmadığı həmin dövrlərdə öz vəzifələrinin öhdəsindən gəlməyə səy göstəriblər. Yalnız ağır diaqnoz qoyulmuş yaralıların və ya digər xəstələrin müalicəsini burada aparmaq mümkün olmayıb. O vaxt həmin xəstələr məcburiyyət üzündən qonşu ölkələrin hərtərəfli şəraitə malik tibb müəssisələrinə göndərilirdi. Təbii ki, bu da rayon sakinlərinin müalicə imkanlarını xeyli çətinləşdirirdi. Xatırlatmaq lazımdır ki, o dövrdə Şərur rayonunun bəzi kəndlərində müxtəlif tibb məntəqələri mövcud olsa da, bu səhiyyə ocaqlarındakı şərait yarıtmaz vəziyyətdə idi. Bəzən rayonun ən ucqar kənd­lərində ilk tibbi yardıma ehtiyacı olanlara da tibbi müdaxilə etmək mümkün deyildi. Nəticədə, uzaq məsafələrdən, xüsusilə də nahamar yollarla xəstəni rayon mərkəzinə və yaxud Naxçıvan şəhərinə çatdırmaq həm çox zaman alırdı, həm də müəyyən fəsadlarla nəticələnirdi. Qeyd etmək yerinə düşər ki, belə bir şəraitdə rayonda sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamaq da çətin idi. Necə deyərlər, sağlamlığı qorumağın ilk yolu sağlam ətraf mühitdən başlayır. 20 il bundan əvvəl bu sahədəki vəziyyəti gözlərimiz önünə gətirsək, mənzərə hamımız üçün aydın olar. Məsələn, Şərur Rayon Gigiyena və Epidemiologiya Mərkəzindən aldığımız məlumata görə, yoluxucu xəstəliklərin profilaktikası sahəsinə nəzarət və bu sahədə mühüm addımların atılması 1995-ci ildən sonra daha intensiv xarakter alıb. Məlumatlarda qeyd olunur ki, 1994-cü ilin sonu, 1995-ci ilin əvvəllərində rayon əhalisinin aşağı yaş qrupları arasında difteriya xəstəliyinin baş verməsi hadisələrinə rast gəlinirdi. Ancaq 1995-ci ilin sonlarından etibarən rayonda əhali arasında immunlaşdırma aylığına başlanılması və hər bir rayon sakininin peyvənd tədbirlərinə cəlb edilməsi bu xəstəliyin tezliklə qarşısının alınmasına imkan yaratdı. Digər bir misal: 1996-cı ildə mərkəzin laboratoriyasında iki nəfərdə digər yerlərdən gətirilmə səbəbi ilə malyariya xəstəliyi aşkar olunmuşdu. 1997-1998-ci illərdə bu xəstəliyin daşıyıcılarına rayonun 28 yaşayış məntəqəsində rast gəlinmişdi. Bunun da əsas səbəbi əhalinin qonşu ölkələrə gediş-gəlişi, eyni zamanda kütləvi dərman preparatlarının çatışmazlığı olmuşdur. Ancaq qısa müddətdə bu istiqamətdə həyata keçirilən tədbirlər vəziyyətin tezliklə müsbətə doğru dəyişməsində mühüm rol oynamışdır. İldən-ilə səhiyyə sahəsinə göstərilən dövlət qayğısının nəticəsində 2003-cü ildən rayonun yaşayış məntəqələrində yuxarıda adıçəkilən yoluxucu xəstəliklərin heç birinə rast gəlinmir. Bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, epidemioloji vəziyyətin sabit saxlanılması səhiyyə sahəsinə yalnız maddi vəsaitlərin ayrılması ilə ölçülmür. Həmin dövrlərdə muxtar respublikanın digər rayonlarında olduğu kimi, Şərur rayonunda da ticarət obyektlərinin, ictimai-iaşə müəssisələrinin, ərzaq mallarının satışı ilə məşğul olan obyektlərin hansı vəziyyətdə fəaliyyət göstərməsini orta və yaşlı nəsil yaxşı xatırlayır. Məhz muxtar respublikamızın hər bir bölgəsində olduğu kimi, Şərur rayonunda da kompleks quruculuq-abadlıq işlərinin həyata keçirilməsi epidemioloji vəziyyətin dəyişməsinə səbəb oldu.
Ötən 20 il ərzində muxtar respublikada həyata keçirilən quruculuq tədbirləri sırasında səhiyyə müəssisələrinin diqqət mərkəzində saxlanılması Şərur rayonunda da əsas hədəflərdən biri olub. Qeyd edək ki, hazırda rayonda 1 rayon mərkəzi xəstəxanası, 1 kənd sahə xəstəxanası, 28 həkim ambulatoriyası və 32 feldşer-mama məntəqəsi fəaliyyət göstərir. Həkim ambulatoriyalarından 22-si, feldşer-mama məntəqələrindən isə 15-i müasirtipli binalarda yerləşməklə bütün tibbi avadanlıqlarla təchiz edilib. Şərur Rayon Mərkəzi Xəstəxanasının əsaslı yenidənqurma işlərindən sonra 2007-ci ildə rayon sakinlərinin istifadəsinə verilməsi isə rayonda səhiyyənin yeni mərhələyə qədəm qoymasına səbəb olub. Bu möhtəşəm səhiyyə müəssisəsinin açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Çox şadam ki, Şərurda belə gözəl səhiyyə ocağı tikilib istifadəyə verilibdir. Mən xəstəxana ilə indi tanış oldum, gördüm ki, sözün əsl mənasında, bütün dünyada mövcud olan yüksək standartlara cavab verən bir tibb ocağıdır. Burada insanlar yaxşı tibbi xidmət alacaq, müalicə olunacaq, müayinədən keçəcəklər. Burada ən gözəl, ən müasir tibbi avadanlıq quraşdırılıbdır. Bir sözlə, bu xəstəxana ən yüksək dünya standartlarına cavab verir. Bizim də məqsədimiz məhz bundan ibarətdir ki, Azərbaycanda yaradılan bütün müəssisələr, bütün infrastruktur obyektləri, sosial infrastruktur obyektləri ən yüksək səviyyədə olsun və biz buna nail oluruq”.
Bu səhiyyə müəssisəsində olduğumuz zaman bir daha gördük ki, burada müasir tibbi xidmət üçün hərtərəfli şərait yaradılıb. Xəstəxananın hemodializ bölməsində 3 ədəd hemodializ aparatı quraşdırılıb ki, bu da aidiyyəti xəstələrin başqa yerlərə getməsinin qarşısını alır. Təcili yardım şöbəsində 4 briqada və 4 avtomobil xidmət göstərir. Briqadalar kifayət qədər təcrübəli tibb işçilərindən təşkil olunub. Şöbə təcili yardım üçün lazım olan bütün dərmanlarla təmin edilib. Bundan əlavə, ən ucqar kənd yaşayış məntəqələrində də ilkin tibbi yardım üçün hərtərəfli şərait yaradılıb və bu tibb ocaqlarının tibbi ləvazimatlarla təminatı diqqətdə saxlanılır. Artıq hansısa ucqar bir dağ kəndindən rayon mərkəzinə gəlməyə ehtiyac yoxdur. Xəstəxanada olarkən onu da öyrəndik ki, dövlətimizin səhiyyəyə göstərdiyi diqqət və qayğı sayəsində əhalinin imtiyazlı təbəqəsinin hər bir üzvü dispanser qeydiyyatına götürülüb. Bu qəbildən olan xəstələrin hamısı vaxtlı-vaxtında müayinədən keçirilir və pulsuz dərmanlarla təmin edilir. Əhali arasında səhiyyə maarifi tədbirlərinin aparılması mühüm nəticələrin əldə olunmasına imkan verib. Səhiyyə müəssisələrinin müvafiq şöbələri tərəfindən hamilə qadınların həkim nəzarətində saxlanılması, doğuşların yalnız xəstəxana şəraitində həyata keçirilməsi, azyaşlı uşaqlar arasında peyvənd tədbirlərinin aparılması əhalinin sağlamlığına, körpə ölümlərinin minimuma endirilməsinə səbəb olub. Tibb işçilərinin praktik vərdişlərinin artırılması, həkim-cərrahların ixtisasartırma kurslarına göndərilməsi son dövrlərdə xəstəxanada cərrahi əməliyyatların uğurla həyata keçirilməsinə öz töhfəsini verib. Bir zamanlar rayon mərkəzi xəstəxanasında həyata keçirilməsi həm peşəkarlıq, həm də tibbi imkanlar baxımından mümkünsüz sayılan əməliyyatların indi bu səhiyyə ocağında aparılmasının heç bir çətinliyi yoxdur.
Əlbəttə ki, dövlətimiz tərəfindən səhiyyə sahəsinə göstərilən qayğı bu sahəni özünə ömürlük peşə seçmiş tibb işçilərini də əhatə edir. İndi Şərur rayonunda 670 tibb işçisi əhalinin sağlamlığı keşiyində durur ki, bu tibb işçilərindən 67-si həkim, 338-i orta tibb işçisi, 265 nəfəri isə aşağı tibb işçisidir. Ötən müddət ərzində 1 həkimə Azərbaycan Respublikasının Əməkdar həkimi, 4 həkimə Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi, 2 orta tibb işçisinə Azərbaycan Respublikasının Əməkdar tibb işçisi, 1 orta tibb İşçisinə isə Naxçıvan Muxtar Respublikasının Əməkdar tibb işçisi fəxri adı verilib.
Bəli, blokadanın yaratdığı ağır şəraitdə əhalinin sağlamlığının qorunması, səhiyyə xidməti səviyyəsinin daha da yaxşılaşdırılması, yeni səhiyyə müəssisələrinin istifadəyə verilməsi bu gün muxtar respublikamızda həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən birinə çevrilib. Son 20 ildə səhiyyə sahəsində görülən işlər əhalinin sağlamlığının qorunmasına, ən qiymətli kapital sayılan insan kapitalının yaradılmasına xidmət edir.

 Səbuhi HƏSƏNOV