Yay mövsümünü Şahbuz, Şərur, Culfa və Ordubad yaylaqlarında keçirən heyvandarlara, onların ailələrinə səhiyyə xidmətinin təşkili üçün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi xüsusi həkim briqadaları yaratmış, həmin briqadaların mövsüm ərzində daim yaylaqlara getməsi, burada müvəqqəti yaşayan əhalinin sağlamlığının qorunmasına xidmət etməsi təmin olunmuşdur.
Obalarda yaşayan sakinlərin zəruri dərman həbləri, sarğı materialları ilə təminatı, səhiyyə maarifi işi aparılması, mövsümi xəstəliklər, günvurma, ilan və əqrəbçalmaları, yaralanma zamanı ilk yardım barədə tibbi məsləhətlər verilməsi də diqqətdə saxlanılan məsələlərdəndir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin çoxprofilli həkim briqadası cari il üçün iş planına uyğun olaraq Şahbuz rayonundakı Batabat yaylağındakı heyvandarlara baş çəkmişdir. Bu yerlərin etibarlı müdafiəsi, sərin havası, buz bulaqları, zəngin bitki örtüyü heyvandarlıq üçün əlverişli olduğundan buradakı obaların sayı ildən-ilə artır. Hazırda təkcə “Qaraçuq” yaylağında 6 oba məskən salıb. Onların öhdəsində 4,3 min başdan çox qoyun-quzu var. Çadırlarda fermer və çobanlarla yanaşı, onların 11 ailə üzvü yaşayır.

Həkim briqadası tərəfindən onların hamısı profilaktik tibbi müayinəyə cəlb olunmuş, ilkin tibbi yardım üçün dərmanlar paylanmışdır. Yaylaqda arana nisbətən havaların sərin keçməsi səbəbindən obalardakı azyaşlı uşaqların bir qismində qulaqağrısı və yuxarı tənəffüs yollarının patologiyası müşahidə olunmuş, onların müalicəsi ilə bağlı dərmanlar verilmişdir.
Obalarda müayinələr mövsüm boyu davam etdiriləcəkdir. Nazirliyin çoxprofilli həkim briqadası ötən şənbə Şahbuz rayonunun Biçənək kəndində də olmuş, həkim ambulatoriyasında əhalini profilaktik müayinələrdən keçirmişdir. Yüksəkixtisaslı həkimlərdən ibarət briqada kənd ambulatoriyasının tibb işçilərinin də fəal iştirakı ilə gün ərzində 22 terapevtik, 27 pediatrik, 14 ginekoloji, 12 cərrahi müayinə aparmışdır. Aşkar olunan xəstələrin müvafiq səhiyyə müəssisələrində dərin tibbi müayinələrə cəlb edilməsi məsləhət görülmüş, onlara ambulator kartlar açılmışdır. Üç nəfərdə hipertoniya, 1 nəfərdə xroniki beyin qan dövranı çatışmazlığı, 1 uşaqda anemiya, 1 uşaqda revmatizm aşkar edildiyindən dispanser qeydiyyatına götürülmüş, kənd üzrə dispanser qeydiyyatında duran xroniki xəstələrin sayı dəqiqləşdirilmişdir. Əhali arasında ürək-damar, yoluxucu, dəri-zöhrəvi, şəkərli diabet, onkoloji, vərəm, göz, ginekoloji xəstəliklər, günvurma, ilançalma, əqrəbsancma zamanı ilkin tibbi xidmət, uşaqların düzgün qidalanması barədə səhiyyə maarifi işləri aparılmış, xəstəliklərin profilaktikası ilə bağlı tibbi məsləhətlər verilmişdir.
Ötən şənbə günü Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının pediatr, oftalmoloq, stomatoloq, nevropatoloq, endokrinoloq və laborantlardan ibarət həkim briqadası isə Culfa rayonunun Gülüstan kəndində uşaqlara profilaktik tibbi xidmət göstərmişdir. Briqada 18 yaşadək olan 53 nəfəri profilaktik müayinədən keçirmiş, 50 valideynlə səhiyyə maarifi işi aparmışdır. Dispanserizasiya işinin düzgün təşkili, peyvəndlərin təqvim üzrə aparılması, tibbi sənədləşmənin həyata keçirilməsi üçün həkim ambu­latoriyasının tibb bacılarına metodik məsləhətlər verilmişdir. Xəstələr pulsuz dərman və sarğı materialları ilə təmin olunmuşlar.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti