Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, Şərur Rayon Mərkəzi Xəstəxanasında “Tibb bacılarının vəzifələri və əsas iş prinsipləri” mövzusunda səyyar seminar-məşğələ keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov tədbiri giriş sözü ilə açaraq dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyasında tibbi heyətin peşəkarlığının artırılmasının səhiyyə sistemində əsas vəzifələrdən biri kimi müəyyən edildiyini, bu vəzifələrin yerinə yetirilməsi üçün bütün imkanlardan istifadə olunacağını bildirmiş, profilaktik tədbirlərin məqsəd və əhəmiyyəti, təşkili, kütləvi profilaktikada orta tibb işçilərinin rolu, tibbi profilaktika işinin keyfiyyət göstəriciləri barədə məlumat vermişdir.

Sonra Naxçıvan Tibb Kollecinin müəllimlərindən Sahibə Quliyeva “Sahə tibb bacısının iş prinsipi və vəzifələri”, Nərmin Səfərova “Tibb bacılarının vəzifələri və peyvənd kabinəsinin iş prinsipləri”, Maral Həsən­ova “Travmalar, yanıqlar, donmalar zamanı ilk tibbi yardım” mövzularında məruzələr edərək bildirmişlər ki, əhalinin sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindən olaraq daim dövlətin diqqət mərkəzindədir. Son illər muxtar respublikada səhiyyə sahəsində aparılan islahatlar nəticəsində əhalinin sağlamlığının qorunması istiqamətində bir sıra mühüm işlər görülüb, o cümlədən tibb müəssisələrinin maddi-texniki bazası əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb, yeni tibb müəssisələri tikilərək istifadəyə verilib. Bütün bunlarla bərabər, həmin müəssisələrin kadr təminatı da diqqət mərkəzində saxlanılır, həkimlərin peşə vərdişlərinin yüksəldilməsi üçün ardıcıl iş aparılır. İnsanların sağlamlığının qorunmasında profilaktik tədbirlər mühüm yer tutur. Tibbi profilaktika sağlamlığın qorunması məqsədilə əhalinin kompleks müayinəsi, xəstələrin hərtərəfli müalicəsinə nəzarət, xəstələnmələrin azaldılması, insanların əmək qabiliyyətinin qorunub saxlanmasına xidmət edən kompleks tədbirlər planıdır.
Şərur Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aftandil Məmmədli belə tədbirlərin tibb işçilərinin peşə bacarığının yüksəldilməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq rayonun səhiyyə işçiləri adından minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti