1999-cu ildə Naxçıvan Dövlət Universitetində Pediatriya ixtisası ilə təməli qoyulan Tibb fakültəsinin açılması muxtar respublika sakinlərinin böyük sevincinə səbəb oldu. Çünki muxtar respublika gənclərinin çoxu həkim olmaq arzusuyla yaşayırdı. Düzdür, Azərbaycan Tibb Universitetinə qəbul olunaraq öz arzularına çatan naxçıvanlı gənclər də az deyildi. Amma blokadanın çətinliklərini nəzərə alsaq, belə bir fakültənin açılması böyük hadisə idi. Pediatriya ixtisası ilə əsası qoyulan fakültədə 2007-ci ildə Tibbi profilaktika, 2011-ci ildə isə Müalicə işi ixtisasları yaradılıb.
Bir ixtisasla fəaliyyətə başlayan fakültə ötən dövr ərzində inkişaf edərək bu gün 4 kafedrada 5 ixtisas üzrə həkim hazırlığını həyata keçirir. Tələbələr nəzəri biliklərini və praktik vərdişlərini təkmilləşdirmək məqsədilə Naxçıvan Muxtar Respublikasının müasir xəstəxanalarında və Türkiyə Cümhuriyyətinin tanınmış universitetlərindəki səhiyyə ocaqlarında təcrübə keçirlər. Fakültə məzunlarından bir neçəsi ölkəmizdə, qardaş Türkiyənin ali təhsil müəssisələrində tibb təhsilinin rezidentura pilləsi üzrə təhsillərini uğurla davam etdirirlər. Qürurla demək olar ki, bu fakültənin məzunları çalışdıqları xəstəxanalarda uğurla fəaliyyət göstərir, insanların sağlamlığının keşiyində dayanırlar. 2005-ci il iyunun 22-də Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin ilk buraxılışına həsr olunmuş mərasimdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri deyib: “Tibb fakültəsinin ilk məzunları sabah ayrı-ayrı səhiyyə müəssisələrində çalışacaqlar. Onların xoş sədalarının eşidilməsi çəkilən zəhmətin hədər getmədiyinin sübutu olacaq, bizim hər birimizi sevindirəcəklər. Sevinəcəyik ki, müəllimlərimizin zəhməti hədər getməyib, yaradılan şəraitdən düzgün istifadə edilib. Biz buna əminik”.

Bəli, çəkilən zəhmət hədər getməyib. Bu gün fakültə öz məzunları ilə öyünür. Yazımızda həmin həkimlərimizdən bir neçəsi ilə oxucularımızı tanış etmək istəyirəm. Fakültənin ilk məzunlarından Aysel Baxşıyeva ilə fəaliyyət göstərdiyi Naxçıvan Doğum Mərkəzində görüşürük. Onun dediklərindən:
– Ağ xalat geyinmək ən böyük arzum olub. 1998-ci ildə Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbi fərqlənmə attestatı ilə bitirmişəm. Həmin il Biologiya ixtisasına qəbul olsam da, təhsil almağa getmədim. Çünki həkim olmağı qarşıma məqsəd qoymuşdum. 1999-cu ildə Naxçıvan Dövlət Universitetində Tibb fakültəsinin açılması həyatımda dönüş oldu. Var qüvvəmlə çalışıb həmin fakültənin Pediatriya ixtisasına qəbul olundum. Fakültəmizdə həkim kimi yetişməyimizdə hər cür şərait var idi. Müasir tələblərə cavab verən və ən müasir tibbi avadanlıqlarla təchiz olunan xəstəxana binası ilk təcrübə laboratoriyamız olub. Həkim-neonatoloq ixtisası aldıqdan sonra Naxçıvan Doğum Mərkəzində fəaliyyət göstərməyə başlamışam. İşlədiyim illərdə müxtə­lif yerlərdə seminarlarda, konfranslarda, kurslarda iştirak etmişəm. Öyrəndiyim bilikləri işimdə tətbiq etməyə çalışmışam. Qeyd edim ki, bu sənəti seçməyimə səbəb körpələrə olan məhəbbətim olub. Bəzən reanimasiya tələb edən ağır doğulan körpələrimiz olur. Onlara həyata qayıtmaları üçün yardım göstərdikdən sonra sözlə izah edə bilməyəcəyim gözəl, möhtəşəm duyğular yaşayıram. İşimin məsuliyyətinin, ağırlığının, gözəlliyinin fərqindəyəm.
Gənc həkimlərimizdən biri də Nazim İbrahimovdur. Orta təhsilini Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbdə alıb. 2009-cu ildə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsini bitirib. 2009-2010-cu illərdə Türkiyə Cümhuriyyətində Kayseri Erciyes Universitetində internatura keçib. 2010-cu ildən Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində cərrah-uroloq işləyir. O deyir:
– Həkimlik mənim üçün həyat deməkdir. Əgər sual versələr həkim kimdir? Cavabım belə olar: Ulu Tanrının bizlərə ən əvəzsiz bəxşişi olan sağlamlığımız, varlığımız təhlükə altında qalarkən, olumla ölüm arasında yaşam mücadiləsi gedərkən möcüzə yaradacaqlarına inandığımız, imdad dilədiyimiz, məna dolu gözlərinin dərinliklərində bir zərrə ümid işığı aradığımız peşə sahibləri. İnsanlara ikinci həyat bəxş etmək, onları doğmalarına qaytarmaqdan xeyirxah iş nə ola bilər? Məhz buna görə peşə olaraq həkimliyi seçməkdən qürur duyuram. Hər gün ağ xalatı geyinəndə bir fikir ağlımdam keçir: mənə həkim kimi müraciət edən xəstələri razı və sağlam şəkildə evinə qaytarmaq. Bir az həkimlik fəaliyyətim barədə məlumat vermək istəyirəm. Son zamanlarda texnologiyanın inkişafi endoskopik cərrahiyyədə də böyük bir tərəqqiyə səbəb olub. Endo-uroloji cərrahi müalicə üsulları içərisində ən geniş tətbiq olunanı transuretral rezeksiya üsuludur. Bu əməliyyat xüsusi aparatın – rezektoskopun köməyi ilə aparılır və xəstələrin tez sağalması və əməliyyatdan sonrakı dövrün fəsadsız olması ilə digər əməliyyat növlərindən seçilir. Bu əməliyyatın uğurluluq dərəcəsi 95-98 faiz təşkil edir. Məhz bu əməliyyatı icra etmək üçün lazım olan texnikanın bizim xəstəxanada olması mənə də bu sahəni Naxçıvanda inkişaf etdirmək üçün böyük stimul oldu.
Nazim həkim əlavə edir:
– Həkimlik peşəsi çətin və məsuliyyətli olduğu kimi, bu peşəyə yiyələnmək də asan deyil. Bu arzuya çatmaq üçün enişli-yoxuşlu elm və təcrübə yollarından keçməlisən, rastlaşdığın məhrumiyyətlərə dözməlisən. Mən ixtisasartırma ilə bağlı endoskopik urologiya və ümumi urologiyadan 2012 və 2013-cü illərdə Türkiyə Cümhuriyyətinin müxtəlif xəstəxanalarında kurslarda oldum. 2012-ci ildə ilk dəfə olaraq Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində prostat vəzinin ilk qapalı əməliyyatı TUR – P uğurla icra edilməyə başlandı. Bundan əvvəl xəstələr bu əməliyyat üçün Bakı şəhərinə, qonşu ölkələrə üz tutaraq müxtəlif çətinliklərlə rastlaşırdılar. Artıq xəstələr Naxçıvanı tərk etmədən, heç bir çətinliklə rastlaşmadan çox asanlıqla müalicə olunurlar.
Qeyd edək ki, Tibb fakültəsinin məzunları rayon və kənd sahə xəstəxanalarında da nümunəvi fəaliyyətləri ilə seçilirlər. Onlardan biri də Araz Musayevdir. O, 2003-cü ildə Babək rayon Nehrəm kənd 3 nömrəli tam orta məktəbi fərqlənmə attestatı ilə bitirib. 2009-cu ildə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsini bitirdikdən sonra Türkiyə Cümhuriyyətinin müxtəlif şəhərlərində interna kurslarından keçib. İlk həkimlik fəaliyyətinə Nehrəm Kənd Sahə Xəstəxanasında başlayıb. Hazırda Babək Rayon Mərkəzi Xəstəxanasında funksional diaqnostik (USM) həkimi kimi fəaliyyət göstərir:
– Biz bu günün xoşbəxt gənc həkimləriyik. Çünki hərtərəfli şəraitlə təmin olunmuş xəstəxana binasında fəaliyyət göstəririk. Rayon Mərkəzi Xəstəxanasının binası ötən il istifadəyə verilib. Bu bina rayon əhalisinə və tibb işçilərinə əvəzsiz töhfədir. Xəstəxanada ən müasir tibbi avadanlıqlar quraşdırılıb, nümunəvi iş şəraiti yaradılıb. Bunun müqabilində tibb işçiləri göstərilən qayğıya öz əməli işi ilə cavab verməyə çalışır, əhalinin sağlamlığının keşiyində dayanmağı müqəddəs vəzifə sayır. Ən çox müraciət olunan aparatlardan biri USM-dir. Hər gün onlarla vətəndaş bizə müraciət edir. Çalışıram ki, düzgün diaqnoz qoyum. USM qaraciyərin, öd kisəsinin, öd yollarının, mədəaltı vəzin, dalağın, böyrəyin, ginekoloji xəstəliklərin diaqnostikasında, süd və qalxanvarı vəzin müayinəsində böyük müvəffəqiyyətlə tətbiq edilir. USM eyni zamanda travmalar nəticəsində daxili qanaxmaların müayinəsində də geniş tətbiq olunur. USM vasitəsilə nəinki xəstəliklərin mövcudluğunu və inkişafını müəyyən etmək olur, eyni zamanda operativ müdaxiləyə imkan yaranır. USM ilə hətta palpasiyadan təyin edilə bilməyən xəstəliklərin diaqnozu düzgün qoyulur və xəstələr konservativ müalicəyə cəlb olunmaqla lazım olmayan cərrahi əməliyyatdan azad olunurlar. Bu sahədə mütəxəssis kimi yetişməyi qarşıma məqsəd qoymuşam.
Yazımızda üç gənc həkimin timsalında 16 il bundan öncə əsası qoyulan Tibb fakültəsinin bəhrələrini göstərdik. Bu, ümumilikdə, intibahın Naxçıvan Muxtar Respublikasındakı bəhrələrinin bariz nümunəsidir. Və o deməkdir ki, intibahdan əhalinin bütün təbəqələri yararlanıblar. Yüksək peşə vərdişlərinə və əqli potensiala malik gənclər də eləcə. Hələ yol uzundur. Bu yolda onları diqqət və qayğı müşayiət edir. Diqqət və qayğı varsa, gələcəyimizə tamamilə inanmaq olar.

 Sara ƏZİMOVA