Hər fəslin gözəlliyi, ilk növbədə, onun özünəməxsusluğundadır. Qışı qarsız, payızı barsız təsəvvür etmək olmadığı kimi, yazı da çiçəkli, təravətli görməyə və duymağa öyrəşmişik. Gözlərimizi də ruhumuz kimi oxşayıb təbiətin bu çiçək ətirli fəsli. Çəmən-çiçək göz oxşayıb, ruha qida verib. Maraqlıdır, bəs yay ayları hansı özünəməxsusluğu ilə yaddaşlara iz salır?
Ustad Aşıq Ələsgər fəsilləri vəsf edərkən deyirdi: “Yayda yaylağımdı, qışda oylağım, yazda seyrəngahım bu dağlar mənim...”

Yayda sinəsi yaylağa, payızda ətəkləri oylağa çevrilən dağların yenə də elə-elata gəl-gəl deyən çağlarıdır. Yollar yenə də əriş-arğac, yaylaqların örüş-arxac vaxtlarıdır. Dağların gül fəslindən sonra yaylağa qalxan elat köçü yolları əriş-arğaca, örüş-arxaca döndərir.
Muxtar respublikamızda da maldarlığın və heyvandarlığın inkişaf etdirilməsində yaylaqların mühüm rolu vardır. Qızmar yay günlərində sürülərin yaylaqlara qaldırılması baş verə biləcək itkilərin qarşısının alınması ilə yanaşı, heyvandarlıq məhsullarının istehsalının da artırılmasına öz müsbət təsirini göstərir. Yay mövsümünü yaylaqlarda keçirən heyvandarlara, onların ailələrinə səhiyyə xidmətinin təşkili üçün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi 2014-cü ildə xüsusi həkim briqadaları yaratmış, həmin briqadaların mövsüm ərzində daim yaylaqlara getməsi, burada müvəqqəti yaşayan əhalinin sağlamlığının qorunmasına xidmət etməsi təmin olunmuşdur. Obalarda yaşayan sakinlərin zəruri dərman həbləri, sarğı materialları ilə təminatı, səhiyyə maarifi işi aparılması, mövsümi xəstəliklər, günvurma, ilan və əqrəb çalmaları, yaralanma zamanı ilk yardım barədə tibbi məsləhətlər verilməsi də diqqətdə saxlanılan məsələlərdəndir.
Ordubad Rayon Mərkəzi Xəstəxanası həkim briqadasının tərkibində Göygöl ərazisindəki obalaradır yolumuz. Avtomobildə səslənən mahnı ovqatımıza güzgü tutur:

 Obaları oymaq-oymaq,

Yalan sözdür, ay aman, yardan doymaq...

Biləvdən ayrılan yol üzərində yerləşən dağ kəndləri –Tivi, Bist, Ələhi, Xurs, Nürgüt, Nəsirvaz sovet dövründə əlçatmaz, ünyetməz yaşayış məskənləri sayılırdı. Göygölə, Gəmiqayaya gedib çıxmaq hər adamın işi deyildi. İndi vəziyyət tamam başqadır. Yeni, rahat yollar, salınan körpülər dağ kəndlərinə gediş-gəlişi xeyli asanlaşdırıb. Bir vaxtlar qış fəslində gediş-gəlişi kəsilən bu kənd­lərdə yeni məktəblər, kənd mərkəzləri, həkim ambulatoriyaları, feldşer-mama məntəqələri, xidmət obyektləri tikilərək əhalinin istifadəsinə verilib.Yeni quruculuq ünvanlarının həyətlərində aparılan abadlıq işləri, xüsusən salınan bağ-bağçalar görənləri valeh edir.
Ələhidə yolüstü dayandıq. Kardioloq Malik Əsgərov bir xəstəyə baş çəkincə burada tanış olduğumuz Zakir müəllim yaranmış fasilədə bizi qonşuluqdakı evinə dəvət edərək – “Hələ uzaq yol gedəcəksiniz, ayaqüstü də olsa, bir stəkan çay için”, – dedi. Lakin vaxtımız olmadığından evə gedə bilmədik, inciməsin deyə – “sağlıq olsun, çayı geri dönərkən içərik”, – deyə vəd verdik.
Sonuncu yaşayış məskəni Nürgütdən sonra dağ yamacları başlayır. Hərbi hissənin bölüyü yol üstündə yerləşir. Bölük üçün yeni, müasir bina inşa edilib, burada xidmət edən əsgərlərə lazımi şərait yaradılıb. Təxminən, 6-7 ilin söhbətidir. Kəngərli rayonunun Çalxanqala kəndinin adlı-sanlı fermeri Vəzir Abdullayev bu yaylaqdakı sürüsündən əsgərlərə pay gətirmişdi. Şəxsi heyətə minnətdarlıq edərək – “Biz sizin hesabınıza bu yerlərdə at oynadırıq, sürü, naxır saxlayırıq, nahaq deməyiblər ki, ordun varsa, yurdun var” – dediyini indi də xatırlayıram.
Həqiqətən, bu yerlərin hər qarışı əsgərlərimiz tərəfindən sayıqlıqla qorunur, obalarda, yaylaqlarda əmin-amanlıqdır.
Təbii abidələr diyarı olan Ordubadın hər bir dağı haqqında nəsillərin yaddaşında yaşamış əfsanələr bəşər tarixinin ilkin təkamül çağlarından xəbər verir. Qədim dünyanın ən müqəddəs yerlərindən biri sayılan Gəmiqaya Ordubad rayonu ərazisində, Tivi və Nəsirvaz kəndlərindən şimal-şərqdə, Kiçik Qafqazın ən yüksək zirvəsi olan Qapıcıqda yerləşir.
Gəmiqaya ulu babalarımızın əsrlərboyu inanc yeri olmuşdur. Burada, dağın zirvəsində qədim türk elləri ilə bağlı iki təbii göl vardır: Göygöl və Qazangöl. Göygöl dəniz səviyyəsindən 3065, Qazangöl isə 3150 metr hündürlükdə yerləşir. Gəmiqayanın dörd tərəfindəki oba, yaylaq, çay, çeşmə, bulaq və dərə-təpələr qədim türk soylarının adı ilə bağlıdır.
Göygöl istiqamətində yollar haçalanır, maşınımız “Genyurd” adlanan yaylaqlara yön alır. Səhərlərə məxsus olan nəsimdən arabir yarpaqlar qımıldanır, yamaclara, təpələrə, çöllərə xalı kimi döşənmiş yumşaq otlar, çiçəklər dəniz kimi dalğalanır, yaşıl yarpaqlar arasına sığınmış quşcığazlar səs-səsə verib ötüşürdü. Göz işlədikcə açıqlıq, yaşıllıq, dərəlik, təpəlik, irəlilədikcə qarşımızda bir-birindən daha gözəl təbiət, daha canlı lövhələr açılır, iri, kələ-kötür, ətəkləri qaratikan kolları ilə döşənmiş dağlar arasından üzüyuxarı qalxdıqca təbiət və hava başqala­şır, dağ nanələrinin, ayrıqotunun bal qoxusu verən iyi maşının içinə dolurdu. Qayaların ardı-arası kəsilmir, zəncir kimi bir-birinə hörülmüş, bir-birini qucaqlamış kimi durur. Uzaqda bir təpə ətəyində bir-birindən çox da aralı olmayan alaçıqlar görünür. Yaxınlaşdıqca uşaqlar, bir neçə yaşlı qadın və kişi qarşımıza çıxdı. Hamısı da Kəngərli rayonunun Çalxanqala kəndindən idi. Aralarından bir nəfər çıxıb bizə “xoş gəldin” elədi. Elşən Abdullayev idi. Qardaşı fermer Nişan Abdullayev sürüsünü ona etibar edib. Elşən özünün 5 ailə üzvü ilə iri bir qayaya sığınan alaçıqda məskunlaşıb.
Sərhəddə yerləşən bu yerlərin etibarlı müdafiəsi, sərin havası, buz bulaqları, zəngin bitki örtüyü heyvandarlıq üçün əlverişli olduğundan buradakı obaların sayı ildən-ilə artır. Hazırda təkcə Genyurd yaylağında 6 oba məskən salıb. Onların öhdəsində 5 min başdan çox mal-qara, qoyun-quzu var. Çadırlarda fermer və çobanlarla yanaşı, onların 24 ailə üzvü yaşayır. Briqadanın fəaliyyəti zamanı onlar birbəbir profilaktik tibbi müayinəyə cəlb olunaraq pediatrik, kardioloji, cərrahi, stomatoloji müayinələrdən keçirildi, mövsümi xəstəliklərin qarşısının alınması məqsədilə sanitariya maarifi işi aparıldı, günvurma, ilançalma, həşəratsancma zamanı ilkin tibbi yardım barədə məlumat verildi.
Ordubad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elmar Zeynal­ov, həkimlərdən Mübariz İbrahimov, İlqar İbrahimov, Malik Əsgərov, Rəsul Möhsünov, Tivi kənd həkim ambu­latoriyasının baş həkimi Rza Adıgözəlov tibbi müayinələr apararkən ara-sıra Elşən bildirir ki, 2002-ci ildən yay mövsümünü Genyurdda keçirirlər. Ruzisini çobanlıqdan çıxarır. Otardığı sürünün tərkibində öz mal-heyvanı da az deyil. Dolanışığı yaxşıdır, kənddə yaxşı evi var, övladlarının da mənzil problemini həll edib, onlara ev tikdirib.
Sonra Hüseyn Əliyevin alaçığına yaxınlaşırıq. Burada ailənin 6 üzvü yaşayır. Hüseyn hər ay 900 manat məvacib alır, həmçinin özünün mal-qarasının, qoyun-quzusunun sayını ilbəil artırır.
Müzəffər Abbasov 1500 başlıq sürünün saxlanması, otarılması ilə məşğul olur. Onların arasında özünün 6 baş inək və camışı, 100 baş heyvanı var. Hətəm Şahhüseynovun sürüsündə isə 10 baş qaramal, 150 baş heyvan özünündür. Söhbət zamanı bildirdilər ki, mövsüm başlanandan bəri heç zaman tək qalmayıblar. Müxtəliftəyinatlı briqadaların qayğısı ilə əhatə olunublar. Qaz balonları, elektrik generatorları var. Yaxınlıqda dişgöynədən bulaq çaglayır.
Hətəm Şahhüseynov söhbət əsnasında bildirdi ki, sürü Çalxanqaladan yaylağa 10 gün yol gəlib. Yaylağa qalxmaq, arandan dağa köç sürmək mövsümün ən çətin işidir, sonra hər şey öz yoluna düşür. Bir də oba üçün lazım olan ağıl və hinləri qaydaya qoymaq, alaçıqları qurmaq lazım gəlir. Alaçıq, əsasən, çubuq, çətən və keçədən tikilir. Çubuqlar nazik meşə ağaclarından hazırlanır ki, uzunluğu, təxminən, 3-4 metr olur. Çətənə gəlincə, onun hazırlanması da sadə əl əməyinə əsaslanır. Ötən ildən qalma nazik, eyni diametrli qarğı-qamış kəsilərək bir neçə yerdən adi və ya rəngli iplə bir-birinə sıx bağlanır.
Alaçığın qurulmasında lazım olan materiallardan biri də keçədir. Çətən hazırlanmasından fərqli olaraq, keçəçilik qədim sənət nümunələrindən biri kimi az qala unudulmaq və sıradan çıxmaq təhlükəsini yaşayıb. Lakin son bir neçə ildir ki, folklor yaşıdlı bu sənətə əbədi məhəbbət özünü göstərməkdədir. Bu da bir daha soykökümüzə qayıdış, milli-mənəvi dəyərlərimizə dövlət və xalq qayğısının təzahürüdür.
Keçə alaçıqların digərlərindən fərqli cəhətləri çoxdur. Qızmar yayın istisi bu alaçıqlardakı əsl yaz havasını dəyişə bilmir. Keçə alaçığı isti havada sərin, soyuqda isə isti olur. Alaçığın döşəməsinə, adətən, quru ot, onun üstünə isə həsir və ya palaz sərilir.
Genyurd yaylağında iqtisadiyyat və mənəviyyat qovuşur. Burada təkcə mal-heyvanla məşğul olmurlar, həmçinin qış aylarına ehtiyat da görürlər: süddən təbii üsulla hazırlanan məhsullar (qatıq, pendir, xama, yağ, ayran və sair) üçün yaylaq xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda obada kartof əkir, əvəlik, ələyəz hörür, baldırğan turşusu hazırlayıb bazara çıxarırlar. Ev quşları da yaylaqda daha çox səmərə verir, toyuq əti, yumurta sarıdan korluq çəkmirlər.
Elə həmin gün Ordubad Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin dezinfektoru Qasım Qasımov tərəfindən su hövzələrində, sanitar qovşaqlarda, çadırların ətrafında dezinfeksiya, dezinseksiya tədbirləri həyata keçirildi. Parazitar xəstəliklərə səbəb olan məzməzə kimi həşəratların kökü ən azı mövsümün sonunadək kəsildi.­
...Günəş Ağrının qoşa zirvəsinə enəndə birgünlük səfərimiz başa çatır. Çobanlar quzuları, oğlaqları bir ağıla doldururdular. Digər ağılda sağın aparılırdı, sağın qurtarandan sonra ağılın qapısını açarkən ana-bala qoyunlar mələşə-mələşə qaçaraq bir-birinə qarışırdı. Biz gələndə qulaqağrısından şikayətlənən 7 yaşlı Zilan tibbi yardımdan sonra ayaqyalın çəmən-çiçək dənizinə batır, qoyun-quzu mələşməsini heyranlıqla dinləyirdi.
Ayrılarkən Ordubad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elmar Zeynalov heyvandarlara ağrıkəsici və ilkin tibbi yardım üçün dərmanlar payladı, onlara tez-tez baş çəkəcəklərini bildirdi.
Əyriçay, Güllüçəmən, bu torpaqların keşiyini çəkən əsgərlər, ucqar dağ kənd­ləri bir-bir arxada qalır. Ələhidən keçəndə bir nəfər ağac kölgəsində əyləşdiyi stuldan dik qalxıb bizə əl elədi. Zakir müəllim idi, birdən vədimizi unudarıq deyə, bir saatdan çox idi ki, yol kənarında bizi gözləyirmiş.

Hüseyn Əsgərov
yazıçı-publisist