Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi və muxtar respublika Səhiyyə Nazirliyi tərəfindən Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında “Fövqəladə halların tibbi-sanitar nəticələrinin aradan qaldırılmasına tibb müəssisələri hazır olmalıdır” mövzusunda konfrans keçirilib.
Konfransı giriş sözü ilə muxtar respublika Səhiyyə nazirinin müavini Sona Məmmədova açaraq səhiyyə müəssisələrinin fövqəladə halların tibbi-sanitar nəticələrinin aradan qaldırılmasına hazırlığı istiqamətində həyata keçirilən işlərdən danışıb.

Sonra Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi, polkovnik Emin Qasımovun “Fövqəladə halların tibbi-sanitar nəticələrinin aradan qaldırılmasında tibb müəssisələrinin rolu” mövzusunda məruzəsi dinlənilib. Məruzədə qeyd edilib ki, qəza-xilasetmə və digər təxirəsalınmaz tədbirlər fövqəladə hal zonasında, ilk növbədə, yerinə yetirilən işlərin məcmusudur. İnsanların xilas edilməsi və onlara yardım olunması, zədələnmə ocaqlarının lokallaşdırılması və yayılmasının, zədələyici amillərin əmələ gəlməsinin qarşısının alınması, maddi və mədəni sərvətlərin xilas edilməsi və mühafizəsi, həyat fəaliyyətinin minimal ehtiyaclarının təmin edilməsi bu işlərə aiddir. Fövqəladə halların tibbi-sanitar nəticələrinin aradan qaldırılması əhəmiyyətli məsələdir və bu prosesdə tibb müəssisələrinin üzərinə mühüm vəzifələr düşür. Ona görə də hər bir səhiyyə işçisi bu haqda məlumatlı olmalıdır.
Sonra məruzə ətrafında çıxışlar olub. Çıxışlarda muxtar respublikanın səhiyyə müəssisələrində mülki müdafiə işinin təşkili vəziyyəti, tibb müəssisələrində həkim, orta tibb işçilərinin radiasiya təhlükəsizliyinin təmin edilməsi, fövqəladə halların tibbi-sanitar nəticələrinin aradan qaldırılmasına cəlb olunan tibb qüvvələrinin hazırlığına qoyulan tələblər, səhiyyə müəssisələrində mülki müdafiə tədbirlərinin planlaşdırılması və keçirilməsi üzrə müəyyən edilmiş qaydalar, obyekt mülki müdafiə qüvvələrinin hazırlığına qoyulan tələblər haqda söhbət açılıb.
Konfransa Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini Sona Məmmədova yekun vurub.

Xəbərlər şöbəsi