“Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 15 iyul 2011-ci il tarixli Fərmanına uyğun olaraq, səhiyyə sistemində də elektron xidmətlərin göstərilməsi diqqət mərkəzində saxlanılır. Ötən müddətdə informasiya texnologiyaları infrastrukturunun inkişaf etdirilməsi, elektron proqramların tətbiqi işi prioritet məsələlərdən olmuşdur.

Hazırda nazirliyin rəsmi internet saytı vasitəsilə müxtəlif elektron xidmətlər üzrə fəaliyyət təmin olunaraq “Elektron hökumət” portalına qoşulub. İnternet səhifəsi yenilənib, nazirliyin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərilmiş sorğuların və onlara verilən cavabların müraciət edənlər tərəfindən onlayn izlənilməsi təmin olunub. İmtahan test sualları, obliqat qruplarının müayinəsi, uşaq sağlamlıq kartları, statistik məlumatlar muxtar respublikada yaradılmış lokal səhiyyə şəbəkəsinə ötürülür.

İndi belə tədbirlər dövlət proqramlarından biri olan tibbi müayinə kartı sisteminin yaradılması və tətbiqi ilə davam etdirilir. Tibbi müayinə kartı sisteminin tətbiqi Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 21 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 7.3.10 bəndinə əsasən həyata keçirilir.
Tibbi müayinə kartının tətbiqi ilə bağlı Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini Sona Məmmədova ilə həmsöhbət olub bir sıra suallarımıza cavab aldıq:
– Tibbi müayinə kartı nədir və onun tətbiqində məqsəd nədən ibarətdir?
– Müxtəlif sahələrdə çalışan, işə daxil olarkən və ya sonradan dövri tibbi müayinədən keçməsi tələb olunan vətəndaşların (obliqat qrupların) vaxtlı-vaxtında müayinədən keçmələrinə nəzarətin təkmilləşdirilməsi məqsədilə yaradılan tibbi müayinə kartı sistemi nazirlik tərəfindən müəyyən edilən tibbi məlumatları özündə saxlayan elektron informasiya sistemidir. Həyata keçirilən sistemin məqsədi müayinə prosesinin nəticələri üzrə vahid mərkəzləşdirilmiş və lokal məlumat bazalarının yaradılması və bununla da, prosesdə iştirak edən qurumlar arasında məlumat mübadiləsinin səmərəliliyinin artırılması, gigiyena və epidemiologiya mərkəzləri (GEM) və poliklinikalar tərəfindən prosesə nəzarətin gücləndirilməsidir.
Tibbi müayinə kartı sisteminin yaradılması və tətbiqinə 2009-cu ildən başlansa da, indi bu məsələ daha da aktuallaşıb. O zaman kartların tətbiqi epizodik xarakter daşıyırdısa, indi kütləvi hal almaqla yeni mərhələyə qədəm qoyub.
Əhalinin sağlamlığının təmin olunması, infeksion və parazitar xəstəliklərin yayılmasına yol verilməməsi üçün obliqat qruplara aid edilən şəxslər mütləq həm işə daxil olanda, həm də sonralar dövri olaraq tibbi müayinələrdən keçməlidirlər. Bu işlərin, tibbi müayinələrdə iştirak edən ixtisaslı həkimlərin, işin növünə görə lazımi laborator və funksional-diaqnostik müayinələrin, həmin işə qəbul edilmək üçün tibbi əks-göstərişlərin siyahısı təsdiq edilib.
Obliqat qrupların müayinədən keçmələri barədə məlumatlar Səhiyyə Nazirliyi tərəfindən tətbiq edilən adi kitabça şəkilli tibbi müayinə kartlarında cəmləşdirilirdisə, yeni sistemin tətbiqi ilə əlaqədar həmin kartlar artıq mikroprosessorlu çip ilə təchiz olunmuş plastik kartlarla əvəz ediləcək.Yeni kartların üzərində və çiplərində vətəndaşa aid məlumatlarla yanaşı, onun ilkin və dövri tibbi müayinədən keçməsi barədə məlumatlar da yerləşdirilir. Kartlarda yer alan müayinələr barədə məlumatlar müayinələrin ke­çirildiyi tibb müəssisələrində kompüterlərə qoşulmuş kartoxuyucu qurğular vasitəsilə oxuna və dəyişdirilə bilər. Tibbi müayinə kartı sistemi mərkəzi informasiya bazasından və müvafiq tibb müəssisələrində qurulmuş proqram təminatlarından, müəssisələrin personal kompüterinə qoşulmuş xüsusi oxuyucu qurğulardan və elektron kartlardan ibarətdir.
– Bəs vətəndaşlar elektron kart almaq üçün hara müraciət etməlidirlər?
– Obliqat qrupların müayinəsi prosesinin əsas iştirakçıları obliqat qrupa daxil olan şəxs, həmin şəxsin işlədiyi müəssisə, müəssisənin fəaliyyət rayonu üzrə müvafiq poliklinika və Gigiyena və Epidemiologiya Mərkəzidir. Göstərilən tərəflərin hər birinin obliqat qrupların müayinəsi üzrə müəyyən funksiyaları və öhdəlikləri vardır. Müayinədən keçəcək hər bir şəxs kartın alınması üçün qeydiyyatda olduğu GEM-ə müraciət edir. GEM, öz növbəsində, kartları sifariş edir. Müayinə kartları vətəndaşlara ondan istifadə qaydası ilə tanış edilməklə verilir. Tibbi müayinə kartının alınması üçün vətəndaşlar xidməthaqqı ödəməlidirlər. Tibbi müayinə kartı vətəndaşların özündə qalır. Tibbi müayinə kabinetlərində müəssisənin rəhbəri tərəfindən tibbi müayinə kartı sistemi ilə işləmək hüququ verilən əməkdaş proqrama daxil olaraq kart sahibinin kartında əməliyyatlar aparır. Aparılan bütün əməliyyatlar haqqında məlumat proqramda qeyd olunur. Gün ərzində aparılan əməliyyatlar elektron şəkildə informasiya mərkəzinə göndərilir. Obliqat qrupların sağlamlıq vəziyyətinin qeydiyyatının aparılması məqsədilə informasiya mərkəzində sistemin elektron registrinin bankı yaradılır. Eyni zamanda müayinələrin nəticələri barədə məlumatlar obliqat qruplara verilən elektron tibbi müayinə kartlarında da saxlanılır. Obliqat qrupların tibbi müayinələri zamanı ortaya çıxan yeni məlumatlar sistemə, o cümlədən tibbi müayinə kartına əlavə edilir.
Tibbi müayinə kartı vətəndaşların özündə qalır. Vətəndaş müayinə kartının itməsi, oğurlanması və ya digər səbəblərdən istifadəyə yararlı olmaması barədə dərhal tibbi müayinə kartını aldığı müəssisəyə yazılı surətdə məlumat verməlidir. Tibbi müayinə kartının itməsi və ya istifadəyə yararsız hala düşməsi halında vətəndaş yeni kart almaq üçün GEM-ə müraciət edir. Məlumat sistemə daxil edildiyi zaman köhnə kart bloklanır və yeni kartın hazırlanması prosesinə başlanılır. Yeni kartın verilməsi prosesi eynilə ilkin kartın verilməsi kimi həyata keçirilir.
– Lokal sistemə ötürülən məlumatın məxfiliyinə təminat verilirmi?
– Qanunvericilikdə sistemdən və kartlardan qeyri-qanuni istifadəyə görə məsuliyyət nəzərdə tutulur. Vətəndaşın tibbi müayinədən keçməsi, müayinə və müalicə vaxtı əldə edilən digər informasiyalar məlumat sirridir. Vətəndaşın verəcəyi məlumatın gizli saxlanılması haqqında ona zəmanət verilir. Müəssisələr tərəfindən vətəndaşların sağlamlıq və müayinə nəticələrinə aid məlumatların məxfiliyi təmin edilir. Kartda olan məlumatlar vətəndaşların razılığı ilə və ya qanunvericiliklə nəzərdə tutulmuş hallarda açıqlana bilər. Sistemlə işləyən əməkdaşlar tərəfindən sistemdə və ya müayinə kartında hər hansı məlumatın dəyişdirilməsi baş həkimin təsdiqlədiyi ərizə əsasında aparılır. “Elektron Səhiyyə” (e-sehiyye.gov.az) internet portalı vasitəsilə elektron tibbi müayinə kartı sistemindəki unikal kodunu bilən vətəndaş (unikal kod kartın üzərində qeyd olunub) özü barədə sistemdə qeyd olunan bütün məlumatları internet üzərindən əldə edə bilər. Bununla yanaşı, vətəndaşın fəaliyyət göstərdiyi müəssisənin məsul şəxsləri də internet üzərindən öz müəssisələrində işləyən vətəndaşların müayinədən keçmə statusuna internet üzərindən nəzarət edə bilərlər. Bunun üçün vətəndaş, yaxud müəssisənin səlahiyyətli şəxsi portalda bir dəfə qeydiyyat etməlidir.
– Hazırda iş prosesi nədən ibarətdir?
– Hazırda sistemin iştirakçıları olan GEM-də obliqat qrupların ilkin qeydiyyatı aparılır və məlumatlar sistemə daxil edilir. Kartın verilməsi üçün anketlər əsasında həmin kartlar hazırlanacaq, onları sifariş etmiş poliklinika və rayon mərkəzi xəstəxanaları vasitəsilə sahiblərinə çatdırılacaqdır. Müayinə kartları vətəndaşlara ondan istifadə qaydası ilə tanış edilməklə veriləcəkdir. Aparılan bütün əməliyyatlar haqqında məlumat proqramda qeyd olunacaqdır. Eyni zamanda müayinələrin nəticələri barədə məlumatlar obliqat qruplara verilən elektron tibbi müayinə kartlarında da saxlanılacaqdır. Obliqat qrupların tibbi müayinələri zamanı ortaya çıxan yeni məlumatlar sistemə, o cümlədən tibbi müayinə kartına əlavə ediləcəkdir.

Hüseyn ƏSGƏROV