Son illər səhiyyə infrastrukturunun yeniləşdirilməsi istiqamətində görülən işlər əhalinin hər bir təbəqəsini tibbi xidmətlə əhatə edən həkim briqadalarının fəaliyyətinə ciddi stimul vermiş, bu sahədə əsaslı irəliləyişlərə nail olunmuşdur. Çox­profilli briqadaların təşkili yalnız bir məqsədə xidmət edir: əhalinin hər bir təbəqəsi, xüsusən ucqar dağ və sərhəd kəndlərində yaşayan insanlar keyfiyyətli tibbi xidmətlə əhatə olunsun, onlar şəhər, rayon mərkəzləri və digər uzaq məsafələr qət etmədən yerindəcə kütləvi şəkildə profilaktik tibbi müayinələrdən keçsin, vaxtında müalicəyə cəlb edilsinlər.
Bu vəzifələri yerinə yetirmək üçün həkim briqadaları cari ilin iyun ayında səmərəli fəaliyyət göstərmişlər. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi ilə yanaşı, Naxçıvan Muxtar Respublika Xəstəxanası, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi, Göz Xəstəxanası, Mərkəzi Uşaq Xəstəxanası, dispanserlər, rayon mərkəzi xəstəxanaları nəzdində həkim briqadaları müasir tibbi avadanlıq, cihaz və aparatlar, laboratoriya ilə təchiz olunmuş, onların yerlərə gedişi qrafik əsasında tənzimlənmişdir. Müayinələr isə son illərin quruculuq ünvanlarından olan müasirtipli həkim ambulatoriyalarında, feldşer-mama məntəqələrində aparılmışdır.

Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim briqadası Ordubad rayonunun Tivi kəndində 66 nəfəri tibbi müayinədən, o cümlədən 9 nəfəri elektrokardioqrafiya müayinəsindən keçirmiş, 19 nəfərdən ümumi qan analizi götürmüşdür.
Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim briqadası Culfa rayonunun Ərəfsə kəndində olmuş, 10 laboratoriya, 5 ultrasəs, 35 ginekoloji, 12 pediatrik müayinə aparmışdır.
Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzinin həkimləri tərəfindən Şərur rayonundakı Dərəkənddə 42 nəfər müayinə olunmuş, 2 nəfər dispanser qeydiyyatına alınmışdır. Göz Xəstəxanasının həkimləri isə bu kənddə və Böyükdüzdəki Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində 58 nəfəri tibbi müayinədən keçirmişlər.
Ağciyər Xəstəlikləri Dispanserinin həkim briqadası Kəngərli və Şahbuz Rayon Mərkəzi xəstəxanalarında 304 nəfəri profilaktik müayinədən keçirmiş, Kəngərli rayonunun Təzəkənd, Xıncab, Çalxanqala kəndlərində dispanser qeydiyyatında olan xəstələrin sayını dəqiqləşdirmişdir. Psixi Xəstəliklər Dispanseri də həmin kəndlərdə dispanserizasiya işləri aparmışdır.
Ay ərzində Şərur Rayon Mərkəzi Xəstəxanasının həkimləri Kosacan kəndi və Sədərək rayonunda, Babək Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası Naxışnərgiz, Ordubad Rayon Mərkəzi Xəstəxanasının tibb işçiləri Biləv və Parağa, Kəngərli Rayon Mərkəzi Xəstəxanasının həkimləri Qarabağlar, Culfa Rayon Mərkəzi Xəstəxanasının həkimləri Milax kəndlərində olmuşlar. Terapevt, pediatr, cərrah, kardioloq və digər yüksəkixtisaslı həkimlərlə təmsil olunan həkim briqadaları tərəfindən terapevtik, pediatrik, kardioloji, ginekoloji, cərrahi müayinələr aparılmışdır. Aşkar olunan ilkin xəstələrin müvafiq səhiyyə müəssisələrində dərin tibbi müayinələrə cəlb edilməsi məsləhət görülmüş, onlara ambulator kartlar açılmış, kənd üzrə dispanser qeydiyyatında duran xroniki xəstələrin sayı dəqiqləşdirilmişdir. 40-45 yaşlı əhalinin, ahılların dispanserizasiyasının icra vəziyyəti yoxlanılmış, mövsümi xəstəliklər, günvurma, ilan çalma, əqrəb sancma, uşaqların düzgün qidalanması, ana südünün əhəmiyyəti, qohumluq nikahının və zərərli vərdişlərin hamiləliyə ziyanı barədə səhiyyə maarifi işləri aparılmış, xəstəliklərin profilaktikası ilə bağlı tibbi məsləhətlər verilmişdir.
Eyni zamanda peyvəndlərin icra vəziyyəti, ambulator qəbul, evə çağırış, ailə, dispanser xəstələrin, hamilələrin və peyvəndlərin qeydiyyatı jurnalları yoxlanılmış, çatışmazlıqların aradan qaldırılması üçün lazımi tapşırıqlar verilmişdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti