Muxtar respublikanın səhiyyə sistemində tibbi xidmətin əhatə dairəsinin genişləndirilməsi, vətəndaşların keyfiyyətli tibbi xidmətlə əhatə olunması iyun ayında da diqqət mərkəzində saxlanılmış, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat Mərkəzindən dializ olunan xroniki böyrək çatışmazlığı olan xəstələr üçün dializ materialları və dərman preparatları, Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzindən Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzinə kimyəvi terapiya aparmaq üçün dərman preparatları gətirilmişdir.

Ölkəmizin paytaxtında fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza gətirilməsi və aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinəsinin və cərrahi əməliyyatlarının təşkili davam etdirilmiş, Azərbaycan Milli Oftalmologiya Mərkəzinin oftalmoloqu tərəfindən Naxçıvan Muxtar Respublikası Göz Xəstəxanasında 21 nəfərdə müayinə aparılmış, 9 nəfərdə əməliyyat yerinə yetirilmişdir.
Səhiyyə Nazirliyinin çoxprofilli həkim briqadası tərəfindən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində məhkumların hərtərəfli profilaktik tibbi müayinəsi aparılmışdır.
Obliqat qruplarının tibbi müayinələrinin gücləndirilməsi məqsədilə QİÇS-lə Mübarizə Mərkəzinin, Dəri-Zöhrəvi, Ağciyər Xəstə­likləri dispanserlərinin həkim, laborant və flüoroqraflarından ibarət təşkil edilmiş səyyar briqada iyun ayında Sədərək, Kəngərli, Şahbuz Rayon Mərkəzi xəstəxanalarında və Naxçıvan Dövlət Universitetində olmuş, tibb işçiləri, ictimai iaşə, gözəllik salonu işçilərinin yerində müayinələri aparılmış, 589 nəfərdən qan nümunəsi götürülmüş, hepatit B, C və QİÇS-ə görə müayinələr həyata keçirilmişdir. 304 nəfər isə flüoroqrafiya müayinəsindən keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin həkimləri tərəfindən iyun ayı ərzində Ordubad rayonunun 6 kəndində təhsil müəssisələrində işləyən 74 nəfər qadında süd vəzinin profilaktik müayinəsi aparılmış, 7 nəfərdə patologiya aşkar edilərək onlar Onkoloji Mərkəzə dəvət olunmuşlar.
40-45 yaşlıların dispanserizasiyası davam edir. İyun ayında 5157 nəfər müayinədən keçirilmiş, 387 nəfərdə xəstəlik aşkar olunaraq dispanser qeydiyyatına götürülmüşdür.
İyun ayı ərzində sertifikasiya imtahanında iştirak edən 34 orta tibb işçisindən 30 nəfər, 32 həkimin isə hamısı uğurlu nəticə əldə edərək zəruri həddi keçmişdir.
Bioloji Təbabət Klinikasının həkimi, tibb elmləri doktoru, professor Fikriyyə İbrahimli və Almaniyanın Viadrina Universitetinin Bioloji təbabət fakültəsinin müəllimi, professor-doktor K.Marionun iştirakı ilə Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında 3 günlük “Modul A” pro­qramı tədris olunmuş, ölkəmizin paytaxtında fəaliyyət göstərən Endokrinoloji Mərkəzin direktoru Rauf Cabbarovun və mərkəzin digər həkimlərinin iştirakı ilə “Endokrinologiyanın müasir problemləri” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Rayon və kənd tibb müəssisələrinin fəaliyyətinə nəzarət məqsədilə iyun ayında Şahbuz Rayon Mərkəzi Xəstəxanasına, Nursu, Mahmudoba, Sələsüz kənd həkim ambulatoriyalarına, Culfa Rayon Mərkəzi Xəstəxanasına, Ərəzin, Bənəniyar, Kırna, Əbrəqunus, Xanəgah, Xoşkeşin həkim ambulatoriyalarına, Əlincə, Göydərə feldşer-mama məntəqələrinə gedilmiş, mövcud nöqsanların yerindəcə həll olunması üçün tapşı­rıqlar verilmişdir.
Ay ərzində 4 nəfər həkim Türkiyə Respublikasının İzmit Kocaeli Universitetinə və 4 nəfər həkim Ərzurum Atatürk Universitetinə müxtəlif müddətlərə təkmilləşdirmə kursu keçmələri üçün göndərilmişdir.
Ahıl və əlillərə göstərilən tibbi xidməti yaxşılaşdırmaq məqsədilə iyun ayı ərzində muxtar respublika üzrə 14 nəfər Bakının Şağan qəsəbəsindəki Əlillərin Müalicə Pansionatına, 28 nəfər Mərdəkan qəsəbəsindəki Müharibə və Əmək Veteranları Pansionatına, 11 nəfər müxtəlif xəstəxanalara müalicəyə göndərilmişdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti