Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə təcili tibbi yardım sahəsində çalışan tibb işçiləri üçün Naxçıvan Tibb Kollecində seminar-məşğələlərə başlanılıb.
Seminar-məşğələnin ilk günündə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov çıxış edərək bildirib ki, gündəlik həyatımızda rast gəlinən bəzi hadisələr nəticəsində insanlar sağlamlıqları baxımından təhlükələrlə üzləşirlər. Bu zaman onlar üçün düzgün ilkin tibbi yardımın göstərilməsi təxirəsalınmaz zərurətə çevrilir. Bu hadisələr zamanı insanların həyatının xilas edilməsi vaxtında, məqsədyönlü surətdə aparılan ilk tibbi yardımdan asılı olur. Şöbə müdirinin sözlərinə görə, vaxtında və düzgün aparılan ilk tibbi yardım xəstəliyin inkişafını ləngidir, gələcək ağırlaşmaların qarşısını alır. Bu baxımdan təcili tibbi yardım sahəsində çalışan tibb işçilərinin hərtərəfli hazırlığı məqsədilə təşkil edilən seminar-məşğələlər mühüm əhəmiyyət kəsb edir.
İlk seminar-məşğələdə Naxçıvan Muxtar Respublikası Xəstəxanasının həkimləri Bəxtiyar Hüseynovun “Terminal vəziyyət, onun dəyərləndirilməsi” və Yaşar Rzayevin “Travmalar haqqında məlumat. İmmobilazasiya, şinaların qoyulması və yaralıların daşınması” mövzularında mühazirələri dinlənilib. Seminar-məşğələdə əyani vasitələrdən istifadə olunub, tibb işçilərini maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkimləri tərəfindən keçirilən seminar-məşğələlər qruplar üzrə həftədə iki dəfə olmaqla sen­tyabrın 12-dək davam edəcək.

Sona MİRZƏYEVA