Yeni nəşrlər

Bu yaxınlarda dəyərli həmkarımız, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Ümumi təbabət və klinik fənlər kafedrasının dosenti, tibb elmləri doktoru İsa Abdullayevin “Ümumi cərrahlıq” dərsliyi işıq üzü görüb. Yeni dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Tibb Universiteti və Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin tələbələri üçün “Ümumi cərrahlıq, anesteziologiya və reanimatologiya” tədris proqramına uyğun olaraq yazılmışdır. Kitabın rəyçiləri ATU Ümumi cərrahlıq və anesteziologiya kafedrasının konsultantı, Azərbaycan Respublikasının Əməkdar həkimi, professor Çərkəz Cəfərov və həmin kafedranın professoru Cabbar Hacıyev, elmi redaktoru Əməkdar elm xadimi, Rusiya Federasiyasının Tibbi Texniki Akademiyasının və Türk Dünyası Araşdırmaları Beynəlxalq Akademiyasının akademiki Qalib Qarayev, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Ümumi təbabət və klinik fənlər kafedrasının baş müəllimi, tibb üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi Sabir Novruzov, redaktoru filologiya üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultanovadır.  

 

Müəllif ümumi cərrahiyyənin cərrahlıq sənətinin əlifbasını öyrətdiyini yazır və düzgün olaraq bunu digər cərrahlıq ixtisaslarına gedən yolların “ümumi cərrahiyyənin dəhlizindən” başlaması ilə əsaslandırır. Müəllif respublikamızda dərc olunmuş “Ümumi cərrahlıq” dərsliklərinin xronoloji tarixini araşdırmış və bu dərslikləri qısaca olaraq xarakterizə etmişdir. Azərbaycan Respublikasında sayca səkkizinci, respublikamızda Ümumi cərrahlıq, anesteziologiya və reanimasiya kafedrasının fəaliyyətinin ikinci yüzilliyində və Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin fəaliyyətinin 20 ilində ilk belə dərslik işıq üzü görmüşdür.
18 fəsildən ibarət olan yeni dərsliyin “Giriş”ində cərrahi fəaliyyətlə məşğul olan müasir, çoxprofilli xəstəxanaların quruluşu və təchizatı, pandemiya dövründə bu xəstəxanaların xidmət sferasında olan dəyişikliklər, tibb müəssisəsi olmayan digər obyektlərin uyğunlaşdırılaraq xəstəxana kimi istifadə olunması, həmçinin modultipli xəstəxanaların quraşdırılması və təchizatı haqqında məlumat verilir.
“Cərrahlığın inkişaf tarixi” fəslində Dünya və Azərbaycan cərrahiyyəsinin tarixinin əsas dövrləri və bu elmin inkişafında rolu olan görkəmli şəxsiyyətlər haqqında məlumat yer almış, ATU və NDU Tibb fakültələrinin respublikamızda cərrahiyyənin inkişafına verdiyi töhfələr, həmçinin hazırda respublikamızda cərrahiyyənin aparıcı qüvvəsi olan elmlər doktoru və professorların adları xüsusi olaraq qeyd edilmişdir. Bu fəsildə Naxçıvan Muxtar Respublikasında cərrahiyyənin tarixi, xüsusilə də müstəqillik illərində səhiyyənin digər sahələri kimi, cərrahiyyənin inkişafı istiqamətində görülən çoxsaylı tədbirlər, yaradılan müasir infrastruktur və tibbi təchizat, qazanılan nailiyyətlər, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin yerli tibbi kadr hazırlığı baxımından əhəmiyyətinə ayrıca yer verilmişdir.
Dərslikdə antiseptikanın tarixi, ümumi prinsipləri, hazırda geniş istifadə olunan antiseptik maddələr, antibiotiklər, həmçinin antibiotiklərə qarşı həssaslığın yoxlanması üsulları, proteolinik fermentlər, probiotiklər, bakteriofaqlar, fitonsitlər, vaksinlər, anatoksinlər və zərdablar haqqında geniş bəhs olunmuşdur.
Kitabda aseptikanın növləri, prinsipləri, endogen və ekzogen infeksiyalara qarşı mübarizə tədbirləri, əllərin, əməliyyat otağının, havanın və əməliyyat sahəsinin mikrobsuzlaşdırılması üsulları, sterilizasiyaya nəzarət üsulları nəzəri və illüstrativ olaraq ayrıca fəsildə geniş şəkildə şərh edilmişdir.
Ağrısızlaşdırma və onun növlərinə həsr olunmuş növbəti fəsildə isə ağrısızlaşdırmanın tarixi, növləri haqqında nəzəriyyələr, metodikası, ağırlaşmaları, həmçinin novokain blokadaları haqqında geniş nəzəri və illüstrativ məlumatlarla bərabər, larinqeal maska ilə, retroqrad yolla və traxeostomik boru vasitəsilə traxeyanın intubasiya edilməsi, həmçinin videolarinqoskopların tətbiqi kimi dəyərli məlumatlar verilmişdir.
Xəstələrin cərrahi əməliyyata hazırlanması, əməliyyatlara mütləq və nisbi göstəriş və əks göstərişlərin təyini, radikal, palliativ, genişləndirilmiş, simptomatik, bir və çoxmərhələli, konveyer üsulu ilə aparılan, diaqnostik, endoskopik, mikrocərrahi və endovaskulyar əməliyyatlar haqqında geniş məlumatlar bir daha təsdiq edir ki, dərslik gələcəyin cərrahları üçün mükəmməl ixtisas biliklərinə yiyələnmək baxımından qiymətli mənbə sayılmağa layiqdir.
Dərslikdə travmatik və öz-özünə, daxili və xarici, birincili və ikincili, kəskin və xroniki qanaxmalar da ətraflı təsvir olunmuş, onların diaqnostikası və dayandırılması yolları nəzəri və illüstrativ olaraq şərh edilmişdir ki, bu da ekstremal vəziyyətlərdə ilkin təcili tibbi yardım vasitəsilə xəstələrin həyatını xilas etmək baxımından nəinki cərrahlar üçün, digər ixtisas sahibi olacaq həkimlər üçün də faydalı elmi-nəzəri biliklərdir. Bununla yanaşı, dərslikdə qanköçürmənin tarixi, qan qruplarının təyininin seroloji əsası, rezus faktor, qanköçürməyə və donorluğa göstəriş və əks göstərişlər, qanköçürmənin növləri, insan orqanizmi üçün həyati əhəmiyyəti, qanköçürmənin sənədləşdirilməsi və qanəvəzedicilər haqqında ətraflı məlumat da öz əksini tapmışdır.
Zədələnmələr haqqında ümumi məlumatlar, onların müxtəlif formaları, çıxıqlar və sınıqlar, onların diaqnostikası və müalicəsi yolları dərslikdə nəzəri və illüstrativ olaraq ayrıca fəsildə şərh edilmişdir. Bununla yanaşı, termiki zədələnmələr (yanıqlar, donmalar, elektrotravmalar), onların dərəcələri, zədələnmə sahəsinin təyini üsulları, yanıqların dövrləri, müalicə üsulları, yanıqlar zamanı cərrahi müdaxiləyə göstərişlər və xəstələrə yardımın xüsusiyyətləri müfəssəl izah olunur. Bu elmi-nəzəri bilikləri – müharibə şəraitində, fövqəladə hallar – qəzalar, təbii fəlakətlər, təhlükəli vəziyyətlər və bədbəxt hadisələr zamanı əhalinin həyatının xilas edilməsi, onların sağlamlığının qorunması, insan tələfatına yol verilməməsi məqsədilə həyata keçirilməsi zəruri olan təxirəsalınmaz xilasetmə tədbirlərini mükəmməl öyrənmək, xalqına xidmət etmək kimi müqəddəs bir peşəyə yiyələnmək istəyən hər bir tibb işçisinin peşə borcudur.
Sarğı materiallarının növləri və formaları, orqanizmin müxtəlif nahiyələrinə qoyulan sarğılar və bu sarğıların qoyulma texnikası, həmçinin uyğunlaşdırılmış şinalar haqqında müfəssəl nəzəri və illüstrativ məlumatlar hər bir həkimin, həmçinin orta tibb işçilərinin də faydalana biləcəyi nəzəri-təcrübi biliklərdir.
Dərslikdə cərrahi infeksiyaların təsnifatı, klinikası, diaqnostikası, törədiciləri, bu törədicilərin xüsusiyyətləri və cərrahi infeksiyaların yerli formaları, osteomielitlər və artritlər, onların növləri, diaqnostikası və müalicə üsulları, nəzəri və illüstrativ şəkildə ətraflı şərh olunur.
Tibb ixtisasının tələbələri üçün zəruri sayılan perikarditlərin, plevritlər və peritonitlər, həmçinin anaerob infeksiyaların klinikası, diaqnostikası, konservativ, cərrahi və spesifik müalicəsi prinsipləri geniş təsvir olunmuşdur.
Yeni dərslikdə əsrin bəlası sayılan xərçəng xəstəliyi, şişlər haqqında da ümumi məlumatlar verilir ki, müalicə-diaqnostika işini düzgün təşkil etmək baxımından bu məlumatlar təkcə onkoloqlar üçün deyil, bütün həkimlər üçün zəruridir, eyni zamanda, ümumilikdə, xəstəliyin vaxtında qarşısının alınması üçün əhalinin tibbi maarifləndirilməsi baxımından da əhəmiyyətlidir. Burada onkoloji xidmətin təşkili, şişlərlə, şişəbənzər törəmələrin fərqi, xoş və bədxassəli şişlərin oxşar və fərqli cəhətləri elmi şəkildə geniş şərh olunmuşdur. Burada şişlərin diaqnostikasında onkomarkerlərin əhəmiyyəti, müalicənin cərrahi, kimyəvi terapevtik və şüa terapiyası üsulları, həmçinin mərhələlərə uyğun hansı müalicə üsulunun daha effektli olması işıqlandırılmışdır.
Anadangəlmə inkişaf qüsurlarına həsr olunmuş fəsildə teratogenez və teratogen faktorlar haqqında ümumi məlumat verilmiş, inkişaf qüsurlarının təsnifatı və orqanizmin bütün inkişaf qüsurları geniş illüstrativ və izahlı surətdə şərh edilmişdir. Hər kəsə yaxşı məlumdur ki, muxtar respublikada insan amilinə yüksək dəyər verilir, gələcək nəslin sağlamlığına hərtərəfli dövlət qayğısı göstərilir. Bəhs etdiyimiz elmi məlumatlar aparılan məqsədyönlü dövlət siyasətinə xidmət etmək baxımından təkcə tibb işçilərinin yox, hər bir vətəndaşın, xüsusilə də gənc ailələrin, ana olmağa hazırlaşan gənc xanımlarımızın bilməsi zəruri olan faktlardır.
Son illər Azərbaycan səhiyyəsində transplantologiya sahəsində qazanılan uğurlar, o cümlədən muxtar respublikamızda da bu sahədə müəyyən irəliləyişlər, xüsusilə təqdirəlayiqdir. Dərslikdə transplantologiyanın tarixi, elmi əsasları, orqan donorluğu, orqanların götürülməsi texnikası və konservləşdirilməsi, köçürülmə texnikası, əks göstərişlər geniş surətdə öz əksini tapmışdır ki, bu elmi-nəzəri biliklər transplantologiyanın doğma diyarımızda da inkişafında əhəmiyyətli rol oynayacaq.
Ümumiyyətlə, muxtar respublikanın tanınmış səhiyyə işçisi və ilk tibb elmləri doktoru İsa Abdullayev bu sahədə kifayət qədər elmi-pedaqoji təcrübəyə malik alim kimi qarşıya qoyduğu məqsədə nail olmuşdur. Kitabın digər dərsliklərdən fərqi nəzəri materialların qısa və konkret olması, illüstrasiyaların çoxluğu və şəkillərin ümumiləşdirilərək bir patologiyaya aid çoxsaylı şəkillər toplusu kimi təqdim olmasındadır. Bununla yanaşı, hər fəslin sonunda son 20 ildə nəşr edilmiş Azərbaycan, türk, rus və ingilis dillərində olan müvafiq ədəbiyyat siyahısının verilməsi də yeni nəşrin elmi dəyərini artırır.
Kitab Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin kollegiya qərarı, Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının qərarı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə ali məktəblər üçün dərslik kimi nəşr olunmaq hüququ (qrif) almışdır.

“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatla nəşr olunmuş “Ümumi cərrahlıq” kitabı tibb sahəsində işıq üzü görmüş sanballı dərslik kimi muxtar respublika səhiyyəsində və tibb təhsilində böyük elmi nailiyyət sayılmağa layiqdir. Yeni nəşri Naxçıvanda səhiyyənin inkişafı, bu sahədə yüksəkixtisaslı mütəxəssis hazırlığı istiqamətində aparılan uzaqgörən dövlət siyasətinin də növbəti uğurlu bəhrəsi hesab etmək olar. Qətiyyətlə deyə bilərik ki, yeni dərslik milli elmi tibbi ədəbiyyatımızda bu sahədəki boşluğu doldurmaqla doğma diyarımızda yüksəkixtisaslı tibbi kadr hazırlığına layiqli töhfəsini verəcək.

Sabir NOVRUZOV
tibb üzrə fəlsəfə doktoru,
Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi