Həkim məsləhəti

Gələcəyimiz olan uşaqların sağlam böyüməsi hər birimizin ən ümdə arzularındandır. Bu mənada, hər cür qayğıya möhtac olan balacaların sağlamlığının qorunmasında onların valideynləri qədər, ümumilikdə, bütün cəmiyyətin üzərinə mühüm vəzifələr düşür. Xüsusən qış fəslinin gəlməsi, havaların soyuması ilə əlaqədar uşaqların mövsümi infeksion xəstəliklərdən qorunması üçün hər kəs diqqətli olmalı, həkim məsləhətlərinə ciddi yanaşılmalı, vaxtında qidalanma və təmiz havada gəzintilərə diqqət edilməli, yuxu rejiminə düzgün əməl olunmalıdır. 

 

Yaş qrupundan asılı olaraq bu mövsümlərdə uşaqlar arasında, əsasən, yuxarı tənəffüs yollarının infeksiyaları geniş yayılır. Statistikaya əsasən uşaqların 30-50 faizi arasında virus və bakterial mənşəli kəskin bronx-ağciyər xəstəliklərinə rast gəlinir. Belə ki, bir yaşa qədər hər 1000 uşaqdan 75-də, 1-3 yaşda hər 1000 uşaqdan 200-də, daha böyük yaşlarda isə hər 1000 uşaqdan 100-də belə mövsümi xəstəliklərə təsadüf olunur. Tənəffüs orqanları xəstəliklərinin ən geniş yayılmış formalarından biri olan sadə bronxit isə, adətən, dörd yaşa qədər uşaqlarda tez-tez müşahidə edilir. Bu xəstəlik, əsasən, kəskin respirator virus xəstəliyi, qızılca, göyöskürək infeksiyaları nəticəsində baş verir.
Qeyd edək ki, əhali arasında çox zaman, sadəcə, “soyuqdəymə” kimi də adlandırılan belə xəstəliklərin səbəbləri arasında isə təkcə havaların soyuması ilə aktivləşən viruslar deyil, həmçinin kimyəvi maddələrlə nəfəsalma, “passiv tütün çəkmə” də ola bilər. Ona görə də mənzildə siqaret çəkildikdə, yaxud uşaqlar yatan otaqların havası dəyişdirilmədikdə belə xəstəliklərin baş vermə ehtimalı çox olur.
Uşaqları bu kimi mövsümi xəstəliklərdən qorumaqla yanaşı, onların düzgün müalicəsi üçün də valideynlərin üzərinə böyük məsuliyyət düşür. Belə ki, uşaqlarda ilk xəstəlik əlamətləri yarandıqda vaxtında həkimə müraciət etmək və həkim məsləhətləri əsasında ciddi müalicə aparmaq vacibdir. Nəzərə almaq lazımdır ki, məktəbəqədər və məktəbyaşlı uşaqlarda mövsümi bronxit xəstəliklər, adətən, qrip, adenovirus və qızılca virusları ilə törədilir. Bundan başqa, nadir hallarda kəskin bronxit “atipik törədicilər” tərəfindən də başlaya bilər. Ona görə də valideynlər bilməlidir ki, uşaqlarda rast gəlinən bronxit orqanizmin ümumi xəstəliyi olub, adətən, viruslar, göbələklər, allergenlər və başqa amillərin təsirindən bronxlarda yaranan iltihab prosesi ilə bağlıdır. Aparılan müşahidələr göstərir ki, kliniki olaraq virus infeksiyalarının artıq 2-3-cü günündə bronxitin əlamətləri nəzərə çarpır. Uşaqlarda başağrısı, halsızlıq, rinit, faringit, konyuktivit və traxeit əlamətləri baş verir. Uşağın hərarəti yüksələrək 37,5-38,0°C olur, bu, bəzən 39°C-ə də çata bilər. Belə uşaqlarda əvvəlcə ağrılı quru öskürək olur, uşaqlar döş qəfəsində ağrılardan şikayət edirlər. Bəzən öskürək qusma ilə nəticələnsə də, daha sonra yumşalır, yaş xarakterli olur. Böyükyaşlı uşaqlarda selikli-irinli bəlğəm xaric olsa da, kiçikyaşlı uşaqlarda bəlğəmin xaric edilməsi mümkün olmur. Adətən, kəskin, sadə bronxit 10-14 gün davam edir və xəstəlik dövründə təngnəfəslik və sianoz əlamətləri nəzərə çarpmır. Yalnız hər iki ağciyərin, ən çox da arxa aşağı nahiyyələrində xırıltılar eşidilə bilər. Qeyd edək ki, belə xırıltıların miqdarı öskürəkdən sonra xeyli azalır.
Düzgün müalicə olunduqda heç bir fəsad törətməyən bronxitlərin müalicəsi, adətən, ambulator-ev şəraitində aparılır. Yalnız müəyyən səbəblərə görə, risk qrupuna aid olan və erkən yaşlı uşaqlarda pnevmoniya şübhəsi olduqda onlar xəstəxanaya göndərilir. Evdə yataq rejimi qızdırma dövründə təyin edilir. Həmin vaxtda xəstəyə normadan 1,5-2 dəfə çox maye verilir. Qidalar vitaminlərlə zəngin olmalı, yaşa uyğun pəhriz saxlanılmalıdır. Spesifik virus əleyhinə olan müalicəyə gəldikdə, bu, ilk iki-üç gün ərzində leykositar interferonla aparılır. Gündə 4-6 dəfə burun damcısı və yaxud aerozol şəklində insan leykositar interferonu qəbul edilməsi məsləhətdir. Tez-tez xəstələnən uşaqlar üçün bronx-ağciyər immun sistemini tənzimləyən immunbioloji vasitələrdən istifadə olunduqda onlar belə mövsümi xəstəliklərə qarşı daha yaxşı müqavimətli olurlar ki, bu da hər hansı infeksiya zamanı xəstəliyin yüngül keçməsinə imkan verir.
Sonda onu da qeyd edək ki, digər xəstəliklərin müalicəsində olduğu kimi, mövsümi xəstəliklər zamanı da istənilən özünümüalicə cəhdləri, xüsusən uşaqlarla bağlı belə hallar qətiyyən yolverilməzdir. Bütün dərmanlar, xüsusən antibakterial preparatlar həkim məsləhəti ilə uşağın yaşına uyğun olaraq verilməlidir.

Mətləb İBRAHİMOV
Naxçıvan Dövlət Universitetinin dosenti