Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini noyabr ayında da davam etdirib, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması diqqətdə saxlanılıb.


Ötən ay Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat Mərkəzindən Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinə ilkin vərəm intoksikasiyasını aşkarlamaq məqsədilə tuberkulin, Azərbaycan Respublikası Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinə genexpert cihazı üçün reaktivlər, dərman preparatları, tibbi ləvazimatlar, Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzindən Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzinə kimyəvi terapiya aparmaq üçün dərman preparatları, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat mərkəzindən CovId-19 virusuna qarşı sinovac və pfizer vaksini gətirilib.
Hesabat dövründə 1 həkim Almaniyaya, 1 həkim Türkiyə Respublikasına, 3 həkim və 5 rezident Bakı şəhərinə kurs, 1 həkim və 3 orta tibb işçisi isə Naxçıvan şəhər tibb müəssisələrində iş yerində təcrübə keçməsi üçün göndərilib. Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin 33 və Tibb Kollecinin 227 tələbəsi tibb müəssisələrinə hamiliyə verilib. Səhiyyə Nazirliyinin və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə universitetdə Azərbaycan İmplantoloq İctimai Birliyinin “Stomatologiyada müasir innovasiyalar” mövzusunda elmi-praktik konfransı keçirilib.
Naxçıvan Diaqnostika Müalicə Mərkəzinin həkim briqadası tərəfindən Şərur Rayon Mərkəzi Xəstəxanasında 158 nəfər, o cümlədən 15 şəhid ailəsi, 4 Vətən müharibəsi iştirakçısı hərtərəfli müayinələrlə əhatə olunub. Həmçinin Şərur rayonunda 19 şəhid ailəsinə, qazilərə və aztəminatlı ailələrə yaşadıqları ünvanda müxtəlif növ tibbi xidmətlər göstərilib.
Noyabr ayında Diaqnostika Müalicə Mərkəzində üçgünlük aksiya keçirilərək şəhid ailələri, qazilər, aztəminatlı ailələrdən olan 189 nəfərdə 1580-dən çox prosedur, ehtiyacı olan hallarda isə cərrahi müdaxilə aparılıb. Naxçıvan Muxtar Respublika Xəstəxanası ötən ay humanitar aksiya çərçivəsində Naxçıvan şəhərindən olan 19 şəhid ailəsinin 65 nəfər ailə üzvündə 422-dən artıq tibbi prosedur, zəruri cərrahi əməliyyatlar həyata keçirib. Xəstəxananın həkim briqadası Şahbuz rayonunda 4 şəhid ailəsinin 8 nəfər ailə üzvündə 45-dən artıq prosedur yerinə yetirib. Xəstəxananın göz həkimləri rayonlarda şəkərli diabet xəstəliyindən əziyyət çəkən 86 xəstənin göz dibinin müayinəsini aparıb, lazımi məsləhət və təyinatlar verilib. Bakı şəhərindən dəvət olunmuş LOR həkimi tərəfindən Naxçıvan Muxtar Respublika Xəstəxanasında 6 nəfərdə müayinə və 6 nəfərdə cərrahi müdaxilə aparılıb.
Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin həkim briqadası Kəngərli Rayon Mərkəzi Xəstəxanasında, Babək rayonunun kəndlərində 317 yuxarı sinif şagirdini və 83 tibb işçisini səyyar flüoroqrafiya müayinəsindən keçirib, xəstəliyə şübhəli bir nəfər dispanserə ətraflı müayinəyə dəvət olunub. Həmçinin Naxçıvan şəhərində tam orta məktəblərin yuxarı siniflərindən 142 şagird dispanserdə flüoroqrafiya müayinəsindən keçirilib, xəstəlik aşkar edilməyib. Şərur Rayon Mərkəzi Xəstəxanası 887, Ordubad Rayon Mərkəzi Xəstəxanası isə 519 yuxarı sinif şagirdinin flüoroqrafiya müayinəsini təmin edib, xəstəlik aşkar olunmayıb.
Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin həkimləri tərəfindən Naxçıvan şəhər 4 və 5 nömrəli məktəblərin təhsil işçilərindən 113 qadında süd vəzinin profilaktik müayinəsi aparılıb, 5 nəfərdə patologiya aşkar olunaraq mərkəzə ətraflı müayinə və müalicəyə dəvət edilib. Təhsil müəssisələrində şagirdlərin pediatr, oftalmoloq, stomatoloq, ortaped tərəfindən 40 min 165 nəfərdə müayinəsi aparılıb, 4 min 432 nəfər dispanser qeydiyyatına alınıb. Ay ərzində muxtar respublikanın səhiyyə müəssisələri tərəfindən 76-80 yaşlı əhalinin müayinələrinə start verilib. Qeydiyyatda olan 3 min 136 nəfərdən 1536-sı tibbi müayinədən keçirilib. Ərazi bütövlüyümüzün müdafiəsi zamanı sağlamlıq imkanları məhdud olan 501 nəfər müntəzəm olaraq tibbi müayinələrlə əhatə edilib.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının qan bankında Naxçıvan Muxtar Respublika Prokurorluğu işçilərinin qanvermə aksiyasında 28 nəfərdən 14 litr qan tədarük olunub.
Muxtar respublikada genişləndirilmiş dezinfeksiya tədbirləri çərçivəsində 876 min 348 kvadratmetr sahədə dezinfeksiya işləri aparılıb. Havaların soyuması ilə əlaqədar kəskin respirator virus infeksiyalarının yayılmaması üçün əhalinin sıx məskunlaşan yerlərində, bütün uşaq-yeniyetmə müəssisələrində monitorinqlər keçirilib. Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən əczaxana, stomatoloji kabinələrdə, Kəngərli, Şahbuz, Babək, Culfa, Ordubad və Şərur rayonlarında istehlak obyektlərində monitorinqlər aparılıb, çatışmazlıqlar barədə xəbərdarlıq edilib. COVID-19 xəstəliyinə qarşı profilaktika tədbiri olaraq noyabr ayında 4 min 785 nəfərdə I tur və 6 min 941 nəfərdə II tur, 1076 nəfərdə isə III tur vaksinasiya aparılıb.
Hesabat ayında Bakı şəhərindən 37-si Darıdağ Arsenli Su Müalicəxanasına, 36-sı Duzdağ Fizioterapiya Mərkəzinə, 16-sı Diaqnostika Müalicə Mərkəzinə olmaqla, ümumilikdə, 89 sağlamlıq imkanları məhdud şəxs sanator-kurort müalicəsi üçün qəbul edilib. Səhiyyə Nazirliyi tərəfindən 26 nəfər Mərdəkan qəsəbəsində fəaliyyət göstərən Müharibə və Əmək Veteranları Pansionatına, 3 nəfər Naxçıvan Muxtar Respublikası Əlillərin Bərpa Mərkəzinə, 3 nəfər isə müxtəlif xəstəxanalara göndərilib.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti