Bakı şəhərində fəaliyyət göstərən Akademik Mirismayıl Mirqasımov adına Respublika klinik Xəstəxanasının yüksəkixtisaslı həkim heyəti dekabrın 20-də Şərur rayonunda 5 günlük humanitar aksiyaya start verib.


Aksiyada Klinik xəstəxananın cərrahlarından Samir Aslanbəyli, Məsmə Həsənova, Sahib Hüseynov, mama-ginekoloq Zəhra Abbasova, kardioloq Gülnar Cəfərova, otolarinqoloq Anar Əsgərov, uroloq Ceyhun Cəlilov, endokrinoloq Gülxanım Qurbanova və başqaları olmaqla, 21 müxtəlif­ixtisaslı həkim iştirak edir. Onların səyi ilə aksiyanın ilk günü 542 nəfər ambulator müayinədən keçirilib. Pasiyentlər cərrahi, hematoloji, uroloji, nefroloji, proktoloji, oftalmoloji və digər tibbi xidmətlərlə əhatə olunublar.
Həkim heyəti tərəfindən əməliyyat olunması tövsiyə edilən sakinlərin pulsuz zəruri cərrahiyyə əməliyyatı aparılıb. Cərrahi müdaxiləyə ehtiyacı olan 8 nəfər üzərində ümumi cərrahi, proktoloji, uroloji, burun-qulaq-boğaz və digər əməliyyatlar həyata keçirilib. Əməliyyatlar uğurla davam edir, xəstələr birgünlük müşahidə altında saxlanılır.
Müraciət edən pasiyentlərin hamısını tibbi xidmətlə təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən lazımi şərait yaradılıb. Rayon Mərkəzi Xəstəxanasının tibbi heyəti də Bakıdan gələn həkimlərlə birgə əhaliyə xidmət göstərir.
Aksiyada iştirak edən Şərur rayonunun Yengicə kənd sakini, iki uşaq anası Ruqiyyə Qasımova bildirib ki, rayon Mərkəzi Xəstəxanasında belə bir aksiya keçirilməsi onun sağlamlığının bərpasına imkan verib. Aksiyanın ilk günü onun üzərində cərrahi əməliyyat aparılıb. Palataya yerləşdirilən digər xəstə – Püsyan kənd sakini Ramiz Əkbərov da özünü yaxşı hiss edir. Müayinə və müalicə ilə əhatə edilən digər xəstələr dövlətimiz tərəfindən reallaşdırılan tədbirlərdən sonsuz razılıqlarını ifadə edərək minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, ölkəmizdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli sosial siyasət vətəndaşların rifah halının yüksəlməsi, geniş sosial müdafiə tədbirlərinin həyata keçirilməsi, müasir tələblərə cavab verən sosial infrastrukturun yaradılması, o cümlədən, xüsusi qayğıya ehtiyacı olan vətəndaşların dövlət dəstəyi və diqqəti ilə əhatə olunması kimi məqsədləri ehtiva edir. Dövlətimizin başçısının təşəbbüsü ilə həyata keçirilən geniş dövlət proqramları nəticəsində bu gün ölkə vətəndaşları səhiyyə sahəsində də ən yüksək xidmətlə təmin olunurlar. Bu istiqamətdə görülən işlərə muxtar respublikamızda da verilən töhfələr ölkəmizdə reallaşdırılan sosial siyasətin məqsədlərinə uyğundur və bu kimi nəcib təşəbbüslərə dəstək xarakteri daşıyır.
Humanitar tibbi aksiya dekabrın 25-dək davam edəcək.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti