Azərbaycan səhiyyəsinin inkişafında misilsiz xidmətlər göstərən və xalqın sağlamlıq məsələlərinə qayğısını əsirgəməyən ulu öndər Heydər Əliyev insanların sağlamlığını dövlətin və cəmiyyətin sağlamlığı hesab edirdi. Dahi rəhbər “Sağlamlığımızın qeydinə sağlam ikən qalaq” prinsipinin təntənəsi naminə respublikamızda sağlamlıq zonaları və istirahət evlərinin yaradılmasına, abadlaşdırma işlərinin aparılmasına və mövcud səhiyyə ocaqlarının profilinin genişləndirilməsinə ciddi əhəmiyyət verirdi. Rayonlarda, xüsusən ucqar dağlıq və dağ­ətəyi bölgələrdə səhiyyə xidmətlərinin təşkilinə xüsusi diqqət yetirilirdi. 

 

Ötən əsrin 70-ci illərinin əvvəllərində həmin rayonlarda ixtisaslı həkimlərin, xüsusən kardioloq, onkoloq, ginekoloq, ftiziatr, nevropatoloq, sanitar həkim və epidemioloqların, orta ixtisas təhsilli tibb işçilərinin çatışmazlığı kəskin hiss olunurdu. Bu problemin həlli üçün, ilk növbədə, Tibb İnstitutuna tələbə qəbulunun sayı artırılmış, ucqar yaşayış məntəqələrindən gələn abituriyentlər üçün güzəştlər tətbiq edilmişdi. Bu, bilavasitə dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü idi. Məhz bu təşəbbüsün sayəsində rayonların səhiyyə müəssisələrində kadr çatışmazlığı aradan qaldırılmışdır. O dövrdən etibarən ulu öndərin təşəbbüsü ilə hər il yüzlərlə gənc keçmiş Sovetlər İttifaqının ən mötəbər ali məktəblərində müxtəlif peşələr və ixtisaslar üzrə təhsil almağa göndərilməyə başlanılmışdı. Bu, gələcəyin kadr hazırlığının təmininə istiqamətlənmiş uzaqgörən siyasətin həyata keçirilməsi demək idi. Bu gün fəxrlə demək olar ki, Azərbaycanın milli tibb kadrları indi nəinki ölkəmizdə, hətta dünyanın bir sıra inkişaf etmiş xarici dövlətlərinin məşhur tibb müəssisələrində uğurla fəaliyyət göstərirlər.
Bu gün dövlət başçısı cənab İlham Əliyev ulu öndərin müəyyənləşdirdiyi strateji siyasət kursunu səhiyyə sistemində də layiqincə davam etdirir. Ötən müddətdə səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının və kadr potensialının gücləndirilməsi, infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzində saxlanılmışdır. Dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitlərin ildən-ilə artırılması tibb müəssisələrinin fəaliyyətinin, ümumilikdə, tibb xidmətinin çağdaş tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açır. Regionlarda idman-sağlamlıq, diaqnostika müalicə mərkəzlərinin və bu qəbildən olan digər obyektlərin istifadəyə verilməsi artıq ənənə halını almışdır. Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxışlarında dəfələrlə vurğulamışdır: “Biz artan iqtisadi imkanlarımızı, ilk növbədə, sosial sahənin inkişafına, o cümlədən səhiyyənin problemlərinin həllinə yönəltməliyik”.

Ulu öndərin səhiyyə sisteminin inkişafı istiqamətində müəyyənləşdirdiyi vəzifələr bu gün muxtar respublikamızda da uğurla yerinə yetirilir. Səhiyyə sisteminin yeni dövrün tələblərinə uyğunlaşdırılması, əhalinin sağlamlığının etibarlı təminatına imkan verən müasir tibb infrastrukturunun yaradılması muxtar respublikada dinamik xarakter alan genişmiqyaslı quruculuq işlərinin mühüm tərkib hissəsinə çevrilmişdir. Əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən çox mühüm islahatlar öz bəhrəsini verməkdədir. Son illərdə muxtar respublikada yüzlərlə səhiyyə obyektinin tikilərək, yaxud yenidən qurularaq istifadəyə verilməsi ölkəmizin iqtisadi potensialının sosial siyasətin icrasına, əhalinin sağlamlığına yönəldiyinin parlaq göstəricisidir. Naxçıvanda istifadəyə verilən səhiyyə müəssisələrinin bir çoxunun açılışlarında iştirak edən dövlət başçısı cənab İlham Əliyev muxtar respublikada uğurla həyata keçirilən səhiyyə islahatlarını yüksək qiymətləndirərək demişdir: “Yeni, gözəl xəstəxanaların açılışı artıq Naxçıvanda gözəl ənənəyə çevrilibdir. Onların hamısı yüksək keyfiyyətlə tikilib, yüksək standartlara cavab verir. Çox sevindirici haldır ki, bütün rayonlarda gözəl, yeni, müasir tibb ocaqları tikilir. Burada quraşdırılan avadanlıqlar ən yüksək səviyyəyə layiqdir. Həm həkimlər üçün, iş üçün gözəl şərait var, həm də xəstələrin müalicəsi üçün bütün şərait vardır. Bax budur, bugünkü Azərbaycanın inkişafı”.
İnsan sağlamlığı bütün dövrlər üçün cəmiyyətin ən qiymətli sərvəti hesab olunur. Məhz buna görə də insanların sağlamlığının yaxşılaşdırılması, əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsi məqsədilə bu gün muxtar respublikada səhiyyə infrastrukturunun yenilənməsi, ambulator və stasionar müalicə-profilaktika müəssisələrinin yaradılması da yalnız bir məqsədə – əhalinin sağlamlığının qorunmasına xidmət edir. Bu səbəbdən də dərman və tibbi ləvazimatlarla təchizat yaxşılaşdırılmış, ana və uşaqların, ahılların, bütövlükdə, əhalinin hər bir təbəqəsinin sağlamlığının qorunması əsas məsələyə çevrilmişdir.
Səhiyyə sistemi qarşısında qoyulan vəzifələrdən biri də budur ki, insanlar tibbi yardımı yerlərdə ala bilsinlər, hansısa müayinə və tibbi müdaxilə üçün Naxçıvan şəhərinə, başqa yerlərə getmək məcburiyyətində qalmasınlar. Artıq belə şərait yaradılmışdır. Rayon mərkəzi və kənd sahə xəstəxanaları, həkim ambulatoriyaları, feldşer-mama məntəqələri müasir tələblər səviyyəsində qurulmuş, tibbi avadanlıqlarla təchiz edilmişdir.
Həyata keçirilən səhiyyə islahatlarının ən mühüm cəhətlərindən biri də muxtar respublikada icbari tibbi sığortanın tətbiqidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 mart tarixli “Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsilə bağlı tədbirlər haqqında” Fərmanı muxtar respublikada icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsi, hər bir vətəndaş üçün əlçatan olması baxımından mühüm əhəmiyyət daşıyır.
Səhiyyə sahəsində görülən işlər yalnız quruculuq tədbirləri ilə yekunlaşmır. Yüksəkixtisaslı həkim briqadalarının muxtar respublikaya dəvət edilməsi və aztəminatlı ailələrdən olan xəstələrin dövlət vəsaiti hesabına müayinəsinin və cərrahiyyə əməliyyatlarının təşkili işi də diqqət mərkəzində saxlanılır.
Səhiyyənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində kadr təminatının təkmilləşdirilməsi də vacib məsələ kimi daim diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü və ümummilli liderimiz Heydər Əliyevin himayəsi ilə 1999-cu ildə fəaliyyətə başlayan Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi böyük yol keçmiş, muxtar respublikada ixtisaslı həkim hazırlığının əsası qoyulmuşdur. Ötən illərdə fakültədə tələbələrin təhsili üçün lazımi şərait yaradılmış, müasir xəstəxana istifadəyə verilmiş, muxtar respublikanın səhiyyə müəssisələrində auditoriyalar qurulmuşdur. 25 tələbə ilə fəaliyyətə başlayan fakültədə hazırda 400-dən artıq tələbə təhsil alır ki, onların arasında xarici ölkə vətəndaşları da vardır. Bu da onu deməyə əsas verir ki, Tibb fakültəsinin kadr hazırlığı sahəsində beynəlxalq səviyyədə nüfuzu vardır. Tibb sahəsi üzrə yüksəkixtisaslı kadrlar hazırlamaq və dünya tibb elminə daha sıx inteqrasiya etmək üçün universitet xarici ölkə universitetləri ilə sıx əlaqələr qurmuşdur. Yarandığı dövrdə fakültədə yalnız Pediatriya ixtisası üzrə həkim hazırlanırdısa, bu gün Tibbi profilaktika, Müalicə işi, Əczaçılıq və Stomatologiya ixtisasları üzrə həkim, eləcə də rezident hazırlığı həyata keçirilir. Universitetin Tibb fakültəsinin nəzdində açılan, 2021-2022-ci tədris ili üçün tələbə qəbulu aparan Hərbi tibb ixtisası muxtar respublikada ali təhsilli tibbi kadr hazırlığı istiqamətində atılan mühüm adımdır. Ötən dövrdə fakültəni bitirmiş tələbələrdən bu gün səhiyyə müəssisələrində çalışanlar, ürək və digər cərrahi əməliyyatları uğurla həyata keçirənlər, həmçinin dünyanın bir çox ölkələrində də həkim kimi fəaliyyət göstərənlər var.
Naxçıvan Dövlət Universitetində Tibb fakültəsi üçün korpusun, ixtisasların sayının artırılması səhiyyə müəssisələrinin ixtisaslı tibbi kadrlarla təminatına imkan verir. Tibb mütəxəssislərinin bilik və bacarıqlarının daim yüksəldilməsi üçün müvafiq mexanizmlər yaradılır, o cümlədən xarici ölkələrdə təlimlər təşkil edilir. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyasının aparılması, səhiyyə işçilərinin müasir elmi biliklərinin artırılması üçün müxtəlif profilli elmi-praktik seminar və konfransların təşkili diqqət mərkəzində saxlanılır. İstər Tibb fakültəsinin, istərsə də Naxçıvan Tibb Kollecinin məzunları bu gün muxtar respublikada mürəkkəb cərrahi əməliyyatların aparılmasında iştirak edirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Tibb fakültəsinin yeni binasının açılış mərasimində dediyi kimi: “Tibbi təhsilin məqsəd və vəzifələri, sadəcə, sistemli biliklərin verilməsi ilə məhdudlaşmamalıdır. Çünki həkim hazırlığında yalnız nəzəri biliklər kifayət etmir. Tələbələr muxtar respublikanın səhiyyə müəssisələrində və fakültənin xəstəxanasında təcrübələrə cəlb olunmalı, praktik dərslərə üstünlük verilməli, onlarda peşə vərdişləri formalaşdırılmalıdır”.

Bu gün Tibb fakültəsində müasir tibbi texnologiyalar və elektron təhsil tətbiq olunur. Yaradılan bu şərait tələbələrin hərtərəfli yetişməsinə hesablanıb ki, bu da həkim kadrlarına hazırlığın müasir tələblər səviyyəsində aparılmasına imkan verəcəkdir. Gələcəyimizə göstərilən qayğı müəllimlərin, həkimlərin məsuliyyətini artırır. Biz müəllimlər də çalışacağıq ki, etimadı doğruldaq, daha səmərəli fəaliyyət göstərək. Təbii ki, Tibb fakültəsinin fəaliyyəti üçün yaradılan şərait ixtisaslı həkim hazırlığı ilə yanaşı, həm də insanlara göstərilən qayğıdır.


İlhamə MUSTAFAYEVA
Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin müəllimi,
tibb üzrə fəlsəfə doktoru