Havasına, suyuna, torpağına, daşına  vurğun olanlar bilər bu yurdun necə cənnətməkan olduğunu. Torpağında bitən bitkilər, köksündən qaynayıb çıxan mineral sular  neçə min dərdin dərmanıdırsa, elə havası da elədir gözəl yudumuzun. Dünyanın çox yerini gəzib, dərdinə dərman tapa bilməyənlər çarəni burada – Naxçıvanda tapırlar. Dərin, ürəkdən  bir nəfəs almaq üçün ildə bir neçə dəfə Naxçıvana üz tuturlar. 

Övladını şəfa tapması ümidi ilə uzaq Sibirdən buraya gətirən Vəfa Məmmədova da onlardan biridir. O, bir ana kimi çox sevinclidir və deyir ki, yurdumuzun havası övladına yeni həyat bəxş etdi.

– Allahın ən gözəl hədiyyəsi də, sınağı da övladdır. Hər bir valideyn üçün dünyanın ən əziz neməti də onun övladıdır. Tanrı mənə də bu şirin paydan bəxş edib. 15 ildir ki, Azərbaycana gəlməmişdim. Bəzən insanın başı işə-gücə elə qarışır ki... Bir zaman başını qaldıranda illərin keçdiyini görürsən. Qızımın 13 yaşı var. O, Naxçıvanı ilk dəfədir, görürdü. Elə təyyarədən enən kimi onun əhvalının dəyişdiyini, nəfəs almasının asanlaşdığını hiss etdim. Həmin gün qədim yurdda yerləşən Duzdağ Fizioterapiya Mərkəzində olduq. Həkimlər qızımı müayinə edib bir neçə gün burada qalmalı olacağımızı dedilər. İndiyə kimi çox yerlərə üz tutsaq da, müalicənin müsbət nəticəsini görə bilməmişdik. Naxçıvana gəldikdə isə ilahi möcüzənin şahidi olduq. Artıq az bir zaman keçməsinə baxmayaraq, müsbət nəticələr əldə etmişik. Burada digər bölgələrdən gəlmiş bir çox insanla tanış oldum. Onların yurdumun insanlarının, təbiətinin gözəlliyi barədəki söhbətləri məni çox sevindirdi.
Cəmilə Məmmədova təqaüddə olan tarix müəllimidir. Gəncə şəhərindən gəlib.
– İllər öncə tutulduğum bronxial-astma xəstəliyindən uzun müddət müalicə alsam da, xeyri olmayıb. İllər keçdikcə isə vəziyyətim daha da ağırlaşdığından böyük ümidlə Naxçıvana üz tutdum. Duzdağ Fizioterapiya Mərkəzinə ilk ayaq basdığım andan ciyərlərimdə açılma, nəfəsimdə rahatlıq hiss etdim. Bu mənim sevincimə səbəb oldu. Müalicə üçün buraya ilk dəfə gəlməyimə baxmayaraq, tibb işçilərinin səmimi münasibəti sayəsində özümü öz evimdəki kimi hiss etdim. Naxçıvanın bir çox görməli yerlərini gəzmək fürsətini də qaçırmadım. Qədim torpağın hansı səmtinə yolumuz düşübsə, orada tarixi-mədəni abidələrlə, füsunkar təbiət mənzərələri ilə qarşılaşmışam. Ulu Tanrı səxavətini bu torpaqdan əsirgəməyib, buranı cənnətməkana çevirib.

Qardaş Türkiyədən qonaq gələn Atılay Aygör İstanbul şəhərində yaşayır. Naxçıvana ilk gəlişidir. Deyir ki, gömrük-keçid məntəqəsindən Naxçıvan şəhərinə çatana kimi Tanrının bəxş etdiyi gözəlliyin insan əli ilə daha da gözəlləşdirdiyinin şahidi olmaq çox sevindiricidir. Biz qardaşıq, bir-birimizin xoş gününü görəndə sevinir, pis günündə isə kədərlənirik. Nuhun yurdunun bu gözəlliyi məni valeh etdi və sevindirdi. Yolboyu gördüyüm hər kənd, rayon mərkəzi bir-birindən səliqəli və yaraşıqlıdır. Burada əsas diqqətimi çəkən isə insanların hər işdə öz səylərini göstərmələridir. Gəlişim həftəsonuna təsadüf etdiyi üçün yol kənarında ağaclara qulluq edən insanları görürəm. Öyrənirəm ki, onlar dövlət idarələrinin əməkdaşlarıdır və istirahət günlərində yol kənarlarındakı yaşıllıqlara qulluq edirlər. Bunun özü bir vətəndaşın dövlətinin, övladının gələcəyi üçün qoyduğu ən böyük sərmayədir. Bir çox yerlərdə olmuşam və çoxunda vətəndaş hər işi dövlətdən gözləyir. Burada isə hər kəs əlbir olub dövlətinə arxa-dayaq olur. Hərə öz işini bilir və vicdanla öhdəsindən gəlməyə səy göstərir. Bundan böyük Vətən sevgisi ola bilməz.
Duzdağ mağaraları haqqında da fikirlərini bildirən müsahibim deyir ki, burada insan ürəkdolusu, rahat nəfəs ala bilir. Sanki oksigen balonuna bağlanmış kimi hiss edir özünü. Buranı gəzməyə gəlmişdim, amma mənim üçün o qədər yaxşı oldu ki, bir neçə gecə bu mərkəzdə qalmağı düşünürəm.

Bərat Akdağı əslən istanbulludur. Həmsöhbətim bir ildir ki, təyinatla İqdıra gəlib. Naxçıvana onuncu gəlişidir. Deyir ki, son dəfə bu il Qurban bayramında ata-anası ilə gəlib. Naxçıvanı çox yaxşı tanıdığını deyir: – Bu diyarı qarış-qarış gəzmişəm. Əlincəsi, Əshabi-Kəhfi, Möminə xatını, Qarabağlar türbəsi hərəsi bir gözəllik, bir tarix, bir vətənsevərlik nümunəsidir. Naxçıvan şəhərini gəzdikcə, onun təmiz, səliqəli küçə və prospektlərini seyr etdikcə düşünürəm ki, burada Vətəninin hər qarışını sevən gözəl insanlar yaşayır. Keçmişi zənginliklərlə dolu olan naxçıvanlıların ürəyi bu yurdun tarixindən də zəngindir. Təbiət gözəlliklərini tamamlayan da elə insanın özüdür. Dünyanın bir çox ölkələrində turistlər o qədər də rahat gəzib dolaşa bilmirlər. Burada elə əmin-amanlıqdır ki, insan gecəyarısı belə, küçəyə rahat çıxır, dolaşır. Duzdağ isə bir Tanrı möcüzəsidir. Duz mağaralarının içərisində belə bir şəfa ocağının yaradılması dövlət qayğısından xəbər verir. Tanrı öz möcüzələrini bu torpaqdan əsirgəməməklə, yanaşı, buranın insanlarının qoluna güc, ürəyinə təpər də verib ki, belə bir yüksək səviyyəli bir şəfa ocağı yaratsınlar. Buranı muzeyə də bənzədirəm. Tunellərlə içəriyə doğru getdikcə insan yaşadığı aləmdən bir anlıq ayrılır, sehrli bir dünyada gəzintiyə başlayır. Burada cənnət havası var, sanki. Qədim diyarın təbiəti insanı xəyallar aləminə qərq edir, füsunkar gözəlliklərə heyran qalmaya bilmirsən. Naxçıvan qədim tarixi, müasir inkişafı və qonaqpərvərliyi ilə xeyli sayda turisti cəlb etmək imkanına malikdir. Xalqın keçmişinə işıqsalan tarixi abidələr, mənəvi irsimizin qorunduğu mədəniyyət ocaqları, insana daxili rahatlıq bəxş edən təbiət guşələri, milli-memarlıq elementlərinin bərq vurduğu müasir binalar, səliqə-sahmanı ilə gözoxşayan abad, geniş küçələr məni valeh etdi. Bir sözlə, Naxçıvanı gəzmək insanın ruhunu dincəldir, könlünü oxşayır.

Bu yerlərdə olan bilər
Necə qəşəngdir Naxçıvan.
Cənnət kimi başdan-başa
Güldür, çiçəkdir Naxçıvan.

Bu misraların sahibi Zərdad rayon sakini aşıq Müttəlif Əliyev qızı və nəvəsi ilə qonaq gəlib yurdumuza. Deyir ki, çox eşitmişdim, amma bu qədər gözəl ola biləcəyini təsəvvür etmirdim Naxçıvanın. Elə ilk addımda qonaqpərvərlik, xoş niyyət, səmimiliklə qarşılaşdım. Bundan gözəl nə ola bilər ki? Ürəyim dağa dönür bu gözəl insanları gördükcə. Taksiyə əyləşirsən, yeməkxanaya, bazara gedib əlini bir nemətə atırsan, buralı olmadığını bilən kimi “qonağımız olun”, – deyirlər. Bu kəlməni elə də çox yerdə eşidə bilməzsiniz. Şəfa axtarmağa gəlmişdik, tapdıq da. Sazım-sözüm vəsv etmək istəyir bu yurdu, misralar qəlbimdən süzülüb dodağıma axır. Ulu öndərin şah əsəri Azərbaycanın tacıdır Naxçıvan. Onun xoş əməlindən yaranan xoş çağlar Naxçıvandadır:

Xəzinə axtaran tapar bu yerdə,
Nazlı gözəlləri axtar bu yerdə.
İgidlər at minib çapar bu yerdə,
Cəsurlar, qoçaqlar Naxçıvandadır.

Sərvanə xanım da atasının sözlərinə qoşularaq O deyir:

– Oğlum Raufun səkkiz yaşı var. O, astma xəstəliyinin astanasındadır. Buna görə də buraya gəlməyimizi məsləhət bildilər. Burada olduğumuz bir neçə gün ərzində artıq müailəcəvi təsirini görürük. Yəni oğlumun nəfəs alması çox yaxşılaşıb. Ümid edirəm ki, bu ocaqda mənim də övladım şəfa tapacaq. O bu xəstəliyin cəngindən qurtaracaq. Ömürboyu bu yurda minnətdar olacağam.
Bəzən biz yurdumuzun gözəlliyini görmədən, kəşf etmədən gözəllik, şəfa axtarmaq ardınca uzaq ölkələrə gedirik. Amma yaşadığımız yer ilə heç bir bağlılığı olmayan insanların dilindən elimiz-obamız, insanlarımız haqqında belə gözəl sözlər eşidəndə əmin oluruq ki, elə əsl cənnətin adı Naxçıvandır.

 Ramiyyə ƏKBƏROVA