Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini may ayında da davam etdirib, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması diqqət  mərkəzində  saxlanılıb.

Ötən ay Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat Mərkəzindən dializ olunan xroniki böyrək çatışmazlığı olan xəstələr üçün dializ materialları və dərman preparatları, Azərbaycan Respublikası Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinə Genexpert cihazı üçün reaktivlər, dərman preparatları, Azərbaycan Respublikası QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin QİÇS-lə Mübarizə Şöbəsinə reaktivlər, test və tibbi materiallar, ARV terapiya üçün dərman preparatları, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat Mərkəzindən və Respublika GEM-dən CovId-19-a görə vaksinasiya üçün vaksin, şpris və işlənmiş şprislərin təhlükəsizliyi üçün konteynerlər gətirilib.

Tibb işçilərinin peşə bacarıqlarının yüksəldilməsi istiqamətində tədbirlər də davam etdirilib. Belə ki, 4 həkim Bakı şəhərinə kurs, 1 həkim və 1 orta tibb işçisi Naxçıvan şəhər tibb müəssisələrində iş yerində təcrübə keçməsi üçün göndərilib.
Ötən ay Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzində 396 həkim və orta tibb işçisi vəzifəsi müsabiqəyə çıxarılıb, 116 namizəddən 108-i müsabiqədə iştirak edib, 71 namizəd uğurlu nəticə qazanıb.
Hesabat ayında Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim və tibb işçiləri rayon mərkəzlərinin, qəsəbə və kəndlərin, eləcə də ucqar sərhəd və dağ yaşayış məntəqələrinin səhiyyə müəssisələrində yaradılan imkanlar hesabına əhalinin tibbi müayinəsini uğurla davam etdiriblər. Xəstəxananın həkim briqadası tərəfindən Sədərək rayonunda 152, Culfa şəhərində evdə baxıma ehtiyacı olan ahıl yaşlı və yataq xəstələrindən 19 nəfər hərtərəfli tibbi müayinədən keçirilib. Xəstəxananın göz həkimləri tərəfindən muxtar respublikanın ayrı-ayrı rayonlarında şəkərli diabet xəstəliyindən əziyyət çəkən 152 xəstənin göz dibinin müayinəsi, Bakı şəhərindən xəstəxanaya dəvət olunmuş LOR həkimi tərəfindən 12 nəfərdə müayinə və 12 nəfərdə cərrahi müdaxilə aparılıb.
Naxçıvan Diaqnostika Müalicə Mərkəzinin həkim briqadası tərəfindən Culfa Rayon Mərkəzi Xəstəxanasında təşkil edilən humanitar tibbi aksiyada 252 müayinə həyata keçirilib. Müraciət edənlərə endokrinoloq, nevropatoloq, ürək-damar cərrahı, ümumi cərrah, nefroloq və digər ixtisas həkimləri tərəfindən tibbi xidmət göstərilib.
Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin həkimləri Şahbuz rayonunun Nursu, Keçili və Külüs kəndlərində təhsil işçilərindən 31 nəfər qadında və kənd sakinlərindən 28 qadında süd vəzinin profilaktik müayinəsini həyata keçiriblər. 5 nəfərdə patologiya aşkar olunaraq onlar Onkoloji Mərkəzə ətraflı müayinə və müalicəyə dəvət edilib.
Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim briqadası Şahbuz rayon Biçənək kəndində 11 nəfərdə laboratoriya, 20 nəfərdə USM, 20 nəfərdə ginekoloji, 10 nəfərdə pediatrik müayinələr aparıb, Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin 24 qadın işçisini isə USM müayinəsindən keçirib.
Muxtar respublikanın təhsil müəssisələrində şagirdlərin pediatr, oftalmoloq, stomatoloq, ortopedlər tərəfindən kütləvi müayinəsi başa çatıb, 45 min 482 nəfərdə müayinə aparılıb, 4 min 97 nəfər dispanser qeydiyyata alınıb.
Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin həkim briqadası Şahbuz Rayon Mərkəzi Xəstəxanasında, Babək rayon Cəhri qəsəbəsi 1 nömrəli tam orta məktəbdə, Naxçıvan şəhər 11 və 15 nömrəli tam orta məktəblərdə, Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbində IX, X və XI sinif şagirdlərindən 554 nəfəri səyyar flüoroqrafiya müayinəsinə cəlb edib, xəstə aşkar olunmayıb.
Ötən ay Naxçıvan Muxtar Respublika Xəstəxanasının Qan Bankında Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və qurumlarının əməkdaşlarının iştirakı ilə birgə 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə könüllü qanvermə aksiyası keçirilib. 33 nəfərdən 16,5 litr qan tədarük edilib.
May ayında COVID-19 xəstəliyinə qarşı profilaktika məqsədilə 13 min 461 nəfərə I tur və 7 min 876 nəfərə II tur vaksinasiya aparılıb.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti